Brent markalı neftin dünya bazar qiyməti Yaxın Şərqdə gərginliyin artması və xammal tədarükündə fasilələr yaranacağı ilə bağlı narahatlıqlar fonunda son altı ayın ən yüksək səviyyəsinə çatıb.
Sfera.az bildirir ki, hərraclarda Brent neftinin bir barelinin qiyməti 117 dolları ötüb. Ticarət sessiyasının yekununda isə qiymət 116,72 dollar təşkil edib. Bu, əvvəlki göstərici ilə müqayisədə 3,55 dollar və ya 3,14 faiz artım deməkdir. Reuters agentliyinin məlumatına görə, bu, aprelin sonundan bəri qeydə alınan ən yüksək bağlanış qiymətidir.
Həftə ərzində Brent nefti 6 faiz bahalaşıb. ABŞ-nin WTI markalı nefti də qiymət artımı ilə yadda qalıb. Cümə günü hərracların yekununda onun bir barelinin qiyməti 103,27 dollara yüksəlib. Gün ərzində artım 3,8 faiz təşkil edib.
Qiymət artımı Yaxın Şərqdən neft tədarükünün sabitliyi ilə bağlı narahatlıqlarla əlaqələndirilir. Bazar Yəməndəki husilərin Səudiyyə Ərəbistanının obyektlərinə, o cümlədən enerji infrastrukturuna hücumlarına, həmçinin Birləşmiş Ərəb Əmirlikləri hakimiyyətinin ölkə sahilləri yaxınlığında neft sızması ilə bağlı məlumatına reaksiya verib.
Ticarət gəmiləri ilə bağlı insidentlər və Yaxın Şərqin əsas dəniz marşrutlarında gəmiçilik risklərinin artması da bazarda narahatlığı gücləndirən amillər sırasındadır.