İtaliyanın Augusta limanında CIF bazisi üzrə Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 4,64 ABŞ dolları və ya 3,8 faiz artaraq bir barel üçün 126,59 ABŞ dollarına çatıb.
Bu barədə neft bazarı iştirakçılarının məlumatında bildirilib.
Qeyd olunub ki, Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə "Azeri Light" markalı neftin bir barelinin qiyməti 3,54 ABŞ dolları və ya 3,18 faiz artaraq 114,89 ABŞ dolları təşkil edib.
"Urals" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 4,18 ABŞ dolları və ya 4,6 faiz artaraq bir barel üçün 95,03 ABŞ dollarına çatıb.
Şimal dənizində hasil edilən "Dated Brent" markalı neftin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 4,25 ABŞ dolları və ya 3,47 faiz artaraq bir barel üçün 126,69 ABŞ dolları olub.
Azərbaycanın 2026-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində hesablanıb.
"Trading Economics"in məlumatına görə, cümə günü xam neftin bir barelinin qiyməti 103 dolları ötüb. "Buna səbəb ABŞ-ın yaxın həftələrdə İrana qarşı hücumları bərpa edə biləcəyi ilə bağlı gözləntilərin artmasıdır.
ABŞ Prezidenti Donald Tramp çərşənbə günü Vaşinqtonun Tehranla danışıqlar aparmadığını və "çox yaxında" müəyyən hadisələrin baş verəcəyini bildirib. Məlumatlara görə, ABŞ və İsrail noyabrda keçiriləcək aralıq seçkilərdən sonra İrana qarşı yeni hücumlar planlaşdırırlar.
Bu arada, İran ordusunun baş komandanı ölkənin hərbi imkanlarını gücləndirdikdən sonra "asimmetrik müharibə"yə tam hazır olduğunu bəyan edib.
İranla müttəfiq olan husilər Səudiyyə Ərəbistanına hücumlarını davam etdirirlər. Bu isə ABŞ Dövlət Departamentinin zəruri olmayan vəzifələrdə çalışan əməkdaşlara ölkəni tərk etmək barədə göstəriş verməsinə səbəb olub.
Neft nəhəngi "Saudi Aramco" da bir sıra hücumlardan sonra əməkdaşlarına Dahrandakı baş qərargahını tərk etmək və məsafədən işləmək barədə göstəriş verib.
Həftə ərzində xam neftin qiyməti 1,5%-dən çox artıb", - məlumatda qeyd edilib.