Paris yaxınlığında törədilən silahlı hücumdan sonra baş şübhəlinin anası da daxil olmaqla onun ətrafından üç nəfər saxlanılıb. Bu barədə Fransa mediası məlumat yayıb.
Avtomobildən yoldan keçənlərə atəş açaraq bir nəfərin ölümünə, beş nəfərin yaralanmasına səbəb olan 39 yaşlı şübhəlinin həbs müddəti uzadılıb. Yaralananlar arasında səkkiz güllə yarası alan 12 yaşlı qız uşağı da var.
Hüquq-mühafizə orqanları şübhəlinin üzərindən kokain, qaz balonları və "Sten MK II" pulemyot-tapançası aşkarlayıblar. Faktla bağlı toksikoloji ekspertizalar təyin olunub.
Fransa Prezidenti Emmanuel Makron hadisəni irqi və dini nifrət zəminində əvvəlcədən planlaşdırılmış terror aktı kimi qiymətləndirib.