“Sabah Arena”, “Dalğa Arena”, yoxsa “Liv Bona Dea Arena”?

Oktyabrın 25-də Misli premyer-liqasının 9-cu turunun “Sabah” – “Qarabağ” oyunu keçiriləcək. Məhz bu qarşılaşma ilə “bayquşlar”ın Masazırdan Mərdəkana köçü rəsmiləşəcək.

Sadəcə, stadionla bağlı qəribə bir məqam var. Belə ki, idman qurğusunun adı PFL-in saytında “Dalğa Arena” kimi qeyd edilib. Lakin “Sabah” oyunla bağlı afişa və xəbərlərdə həmin stadionun adını “Sabah Arena” yazır. Hələ onu demirik ki, “Liv Bona Dea” Hospitalının addəyişikliyi üzündən AFFA-nı məhkəməyə verdiyi iddia olunur. Axı tərəflər arasında imzalanan müqaviləyə əsasən bu idman qurğusu “Liv Bona Dea Arena” adlanırdı.

Bəs, stadionun əsl adı nədi? Belə qarışıqlığın ortaya çıxmasının günahkarı kimdi?

Bu suallarla “Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidova müraciət etdik. Klub rəsmisi “Football-plus.az”a açıqlamasında stadionun adının “Sabah Arena” olduğunu, sadəcə, hələ bəzi sənədləşmə işlərinin başa çatmadığını bildirdi. Bu yöndə işlər yekunlaşandan sonra PFL-in saytında da stadionun adı dəyişdiriləcək.

Xatırladaq ki, “Sabah” – “Qarabağ” matçı saat 18.00-da başlanacaq.