Əfqanıstan nizəsi, qədim buxurdan, gümüş naxışlı qamçı – Gömrük Muzeyindən REPORTAJ (FOTO/VİDEO)

Gümüşlə bəzədilmiş qədim qamçı, əsrlərin izini daşıyan sikkələr, Qarabağ və Quba xalçaçılıq məktəblərinin nümunələri, eləcə də ölkədən qanunsuz çıxarılmasına cəhd göstərilmiş əşyalar... Bunların hər biri ayrı-ayrı dövrlərin həyat tərzindən, sənətindən və tarixindən xəbər verir.

Dövlət Gömrük Komitəsinin binasında yerləşən Gömrük Tarix Muzeyində qorunan eksponatlar gömrük əməkdaşlarının fəaliyyətinin yalnız sənədlərdə və statistikada deyil, konkret tarixi əşyaların taleyində də əks olunduğunu göstərir. Muzeydə 800-dən çox sikkə, 600-dən çox dekorativ-tətbiqi sənət, heykəltəraşlıq və dəzgah rəssamlığı nümunəsi saxlanılır.

Trend-in əməkdaşı muzeyə baş çəkərək müxtəlif dövrlərə aid eksponatlarla tanış olub, onların tarixini və hansı məqsədlə istifadə edildiyini öyrənib.

Muzeyin mütəxəssisi Ramiz Ağayev bizi eksponatlarla tanış edir, onların tarixi və hansı məqsədlə istifadə olunduğu barədə məlumat verir. Onun sözlərinə görə, burada Azərbaycanla yanaşı, Qərbi Avropa, Rusiya və Şərq ölkələrinə aid nümunələr də toplanıb.

“Gömrük Tarix Muzeyi 2006-cı ildə yaradılıb. Muzeyimiz 2008-ci ildə Beynəlxalq Gömrük Muzeyləri Assosiasiyasına, 2013-cü ildə isə Beynəlxalq Muzeylər Şurasına üzv qəbul edilib. Burada gördüyünüz hər bir əşya gömrük əməkdaşlarının fəaliyyətinin əyani göstəricisidir”, – Ramiz Ağayev bildirir.

Hazırda muzeydə 600-dən çox dekorativ-tətbiqi sənət, heykəltəraşlıq və dəzgah rəssamlığı nümunəsi, həmçinin 800-dən artıq sikkə qorunur. Kolleksiyadakı əşyalar qədim dövrlərdən müasir dövrədək geniş zaman kəsiyini əhatə edir.

Sədəf və qiymətli daşlarla bəzədilən qamçılar

Ekspozisiya ilə tanışlığa məişətdə və hərbi məqsədlərlə istifadə olunan əşyalardan başlayırıq. Ramiz Ağayev XIX əsrə aid qamçıları göstərir. Onların bəzədilməsində sədəfdən, sümükdən və qiymətli daşlardan istifadə edilib. Üzərlərində həndəsi və nəbati ornamentlər işlənib.

Mütəxəssisin sözlərinə görə, əşyanın materialı və hazırlanma üsulu onun sahibinin maddi imkanları barədə də təsəvvür yaradır:

“Bu cür qamçılar ancaq varlı insanlara məxsus ola bilərdi. Azərbaycana aid olan bu qamçı isə gümüş üzərində qarasavad üsulu ilə bəzədilib. O da XIX əsrə aiddir”.

Ramiz Ağayev daha sonra üç hissədən ibarət buxurdanı göstərir. Onun bildirdiyinə görə, bu əşya XI–XII əsrlərə aiddir. Ekspozisiyada XIX əsrdə Əfqanıstanda hazırlanmış nizə də var. Mütəxəssis həmin nümunənin hərbi məqsədlərlə yanaşı, qoşunun döyüşə və yürüşə hazır olduğunu bildirən rəmz kimi də istifadə oluna bildiyini deyir.

Muzeydə hissələrə bölünərək gömrükdən keçirilməsinə cəhd göstərilən şkaf da saxlanılır. Vaxtilə daşınmasını asanlaşdırmaq üçün sökülən bu əşya indi ekspozisiyada nümayiş etdirilir.

Qarabağ və Quba məktəblərinin xalçaları

Ekspozisiyanın digər hissəsində Qarabağ və Quba xalçaçılıq məktəblərinə aid nümunələrlə tanış oluruq. Ramiz Ağayev Qarabağ məktəbinin “Balıq”, “Malıbəyli” və “Çələbi” xalçalarını göstərir. Burada Quba məktəbinə aid iki xovsuz xalça da nümayiş etdirilir.

Onun sözlərinə görə, bu nümunələr XIX əsrin sonu – XX əsrin əvvəllərinə aiddir. Mütəxəssis xalçaların naxışlarından danışarkən onların insanların məişəti, inancları və düşüncələri ilə əlaqəsinə diqqət çəkir:

“Xalça dədələrimizin öyüd-nəsihəti, nənələrimizin xeyir-duası, analarımızın laylası, qız-gəlinlərimizin arzusu, istəyi, sevgisidir”.

Ramiz Ağayev xalçanı ulu babalarımızın fəlsəfi düşüncələrinin və inanclarının təsvirlər vasitəsilə kodlaşdırıldığı yaddaş kitabçası adlandırır.

Saxlanılan əşyalar muzeyə necə gətirilir?

Eksponatlarla tanışlıq zamanı onların muzeyə verilməsi qaydasını da soruşuruq. Ramiz Ağayev bildirir ki, gömrükdə saxlanılan əşyalar müvafiq hüquqi prosedurlardan sonra müsadirə olunur:

“Gömrük əməkdaşları tərəfindən saxlanılan əşyalarla bağlı istintaq aparılır, sonra iş məhkəməyə göndərilir. Məhkəmənin qərarı əsasında həmin əşyalar müsadirə olunur”.

Verilən məlumata görə, gömrük orqanları tərəfindən müsadirə edilmiş 300-dən çox dini kitab isə aidiyyəti dini qurumlara təhvil verilib.

Muzeyin xaricdə nümayiş etdirilən kolleksiyası

Burada qorunan sənət nümunələri müxtəlif ölkələrdə təşkil olunan sərgilərdə də nümayiş etdirilib. Ramiz Ağayev muzeyin Brüssel, Cenevrə və Vatikanda, eləcə də ABŞ, Portuqaliya, Mərakeş, Avstriya, Almaniya və Makedoniyada sərgilərlə çıxış etdiyini bildirir. Hələlik növbəti xarici sərgidə iştirak nəzərdə tutulmur.

Muzeyə məktəblilər, digər muzeylərin əməkdaşları və müxtəlif qonaqlar da gəlirlər. Ramiz Ağayevin sözlərinə görə, ziyarətlər müraciətlər əsasında, rəhbərliklə razılaşdırılmaqla təşkil olunur.

Ekskursiya boyunca əşyaların hazırlanma dövrü və istifadə məqsədi ilə yanaşı, onların gömrükdə saxlanılması barədə də məlumat alırıq. Beləliklə, muzeyin ekspozisiyası həm müxtəlif dövrlərin sənətkarlığını, həm də gömrük əməkdaşlarının mədəni sərvətlərin qanunsuz daşınmasının qarşısının alınması istiqamətində fəaliyyətini əks etdirir.