“Şuşa Dövlət Musiqili Dram Teatrında bir müddətdir ki, yeni mövsümə start verilib. Vətən müharibəsi ilə bağlı yeni tamaşalar hazırlanıb. Digər teatr mövsümləri kimi bu mövsüm də əlimizdən gələni etməyə çalışacağıq. Arzu edirik ki, qastrol səfərlərinə gedək və teatrımız günü-gündən daha da tanınsın”.
Bunu açıqlamasında Əməkdar artist Teymur Məmmədov deyib.
Sənətkar bildirib ki, teatrlarının Şuşaya köçürüləcəyi günü səbirsizliklə gözləyirlər:
“Teatrımızın mərhum direktoru Yadigar Muradov da çox istəyirdi ki, Şuşa teatrını Şuşada, öz doğma və əzəli məkanında görsün. Bunun üçün çox çalışdı, amma əcəl aman vermədi. Bu bizim də ən böyük arzumuzdur. Dövlət proqramı üzrə yəqin ki, bizim teatrımızın da binası tikiləcək. Məlumatım var ki, teatrın layihəsi təsdiq olunub, müasir bina tikilməlidir. Düşünürəm ki, bu işlər bir az vaxt aparacaq və bu mövsüm də hələ Bakıda fəaliyyət göstərəcəyik. Hələ 2021-ci ildə Şuşada, “Xarıbülbül” festivalında iştirak edərkən Cıdır düzündə cənab prezidentimizlə görüşdüm. Orada dedim ki, cənab prezident, Şuşada artıq teatr üçün bina tikməyin vaxtı çatıb. Cənab prezident də mənim dediyimi təsdiqlədi. Çünki ermənilər teatrının yerləşdiyi mədəniyyət evinin binasını da yandırmışdılar. Teatrın binasının tikilməsi məsələsi hər zaman gündəmdədir, yəqin görünür ki, hələ teatrdan da öncə tikiləsi və bərpa olunası yaşayış məskənləri var. Şuşa teatrının əməkdaşlarının Xankəndindəki teatra köçürülməsi məsələsi də var idi. Amma bizə konkret bir söz demədilər. Bu teatrda da son tamamlanma işləri gedir” deyə aktyor bildirib.