Azərbaycanlı dənizçi Qara dənizdə dron hücumunda yaralanıb – XİN-dən ÇAĞIRIŞ

23 oktyabr tarixində Rumıniyanın Konstansa limanından 13 dəniz mili məsafədə göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu “KHORYV” adlı xarici yük gəmisi dron hücumuna məruz qalıb.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə mətbuata açıqlamasında bildirib.

“Aldığımız məlumata əsasən, 13 nəfərdən ibarət gəmi heyətində olan 3 nəfər vətəndaşımızın hamısı xilas edilib, onlardan yüngül xəsarət alan 1992-ci il təvəllüdlü Rufan Xaliq oğlu Əhmədov tibbi müayinədən keçib və mehmanxanaya yerləşdirilib”, - XİN rəsmisi qeyd edib.

Bildirilib ki, məsələ ilə bağlı Azərbaycanın Rumıniyadakı səfirliyi və aidiyyəti səlahiyyətli qurumlar ilə birgə koordinasiya işləri aparılır:

“Azərbaycan vətəndaşlarına konsulluq dəstəyinin göstərilməsi istiqamətində zəruri tədbirlər görülür. Bir daha Azərbaycan vətəndaşlarını hərbi əməliyyatların getdiyi və təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməkdən, bu ərazilərdə, habelə riskli marşrutlar üzrə hərəkət edən nəqliyyat vasitələrində, xüsusilə Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırırıq”.