Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol 2027-ci ildə enerji böhranının normallaşacağına dair nikbin olmadığını deyib.
Fatih Birol hazırda dünyanın əsas gündəm mövzusunun Hörmüz boğazında yaranmış böhran olduğunu qeyd edərək, vəziyyətin kənd təsərrüfatından energetikaya qədər bütün iqtisadi sahələrə təsir göstərdiyini və bu təsirin davam edəcəyini bildirib.
Qərbi Sibirdən Avropaya uzanan iri boru kəmərləri ilə Hörmüz boğazı vasitəsilə Asiyaya və dünyanın digər bölgələrinə gəmilərlə daşınan neft və təbii qazın qlobal enerji təchizatının iki əsas xətti olduğunu bildirən Fatih Birol hazırda hər iki istiqamətdə vəziyyətin gərgin olduğunu qeyd edib.
Onun sözlərinə görə, mövcud vəziyyət hökumətləri, şirkətləri və investorları həm qısamüddətli, həm də uzunmüddətli perspektivdə yeni siyasət və qərarlar qəbul etməyə sövq edir. Fatih Birol xatırladıb ki, 1973-cü və 1979-cu illərdə baş verən iki böyük neft böhranına cavab olaraq nüvə energetikası sənayesi inkişaf edib, eyni zamanda, ölkələr avtomobillərin yanacaq səmərəliliyini artırıblar.
Hazırkı böhrana da hökumətlərin oxşar şəkildə yeni siyasətlərlə cavab verdiyini bildirən icraçı direktor 2027-ci ildə enerji bazarlarında vəziyyətin normallaşacağına nikbin yanaşmadığını deyib.
“Optimist olmağa çalışsam belə, özümü inandıra biləcəyim bir arqument tapa bilmirəm. Məncə, 2027-ci ildə də bu vəziyyət bu və ya digər formada davam edəcək. Dünya hələ də bu böhranın yaralarını sağaltmağa çalışacaq”, – deyə o bildirib.
Fatih Birol enerji təhlükəsizliyi risklərini azaltmaq məqsədilə hökumətlərin yeni enerji mənbələrinə və yeni enerji ticarəti tərəfdaşlarına yönəldiyini bildirib. Onun sözlərinə görə, bu siyasətin əsas istiqamətlərindən biri nəqliyyat, istilik təchizatı və sənaye də daxil olmaqla, mümkün olan bütün sahələrdə elektrik enerjisindən istifadənin genişləndirilməsidir.
O, elektrik enerjisinin hazırda ümumi enerji istehlakında payının 23 faiz olduğunu, bu göstəricinin 2035-ci ilədək 35 faizə çatdırılması üçün ölkələrin imzalayacağı öhdəlik sənədinin hazırlanmasını təklif etdiklərini vurğulayıb.
“Elektrikləşmə nəticəsində həm enerji təhlükəsizliyi güclənəcək, həm də emissiyalar azalacaq. Bu təşəbbüsü irəli sürməyimizin səbəbi onun böyük əhəmiyyət daşıması ilə yanaşı, dünyanın bu qədər parçalandığı və ölkələrin fərqli mövqelərdən çıxış etdiyi bir dövrdə mümkün qədər çox dövlətin dəstəkləyə biləcəyi ümumi məqsəd müəyyənləşdirməkdir”, – deyə icraçı direktor bildirib.