Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Qara dənizdə Rusiya tərəfindən gərginliyin növbəti dəfə artmasından ciddi şəkildə narahat olduğunu bildirib.
Oxu.Az-a istinadən, bu barədə AK sədri özünün "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Fon der Lyayen qeyd edib ki, bu düşüncəsiz hücumlar günahsız insanları hədəf alır və beynəlxalq hüquqa açıq şəkildə meydan oxumaqdır. O, həmçinin həyatını itirən dənizçinin ailəsinə başsağlığı verib və hazırda itkin düşmüş hesab olunan üç heyət üzvünün yaxınlarının yanında olduğunu vurğulayıb.
Avropa Komissiyasının rəhbəri axtarışları davam etdirən xilasetmə qruplarına öz minnətdarlığını bildirib.
"Agerpres"in məlumata görə isə Rumıniya Prezidenti Nikuşor Dan Qara dənizdə göyərtəsində Azərbaycan vətəndaşlarının da olduğu ticarət gəmisinin batmasında Rusiyanı günahlandırıb.
"Bu hadisə Rusiyanın Ukraynadakı müharibə kontekstində həyata keçirdiyi eskalasiya prosesinin bir hissəsidir", - deyə Rumıniya Prezidenti bildirib.
Qeyd edək ki, bu gün Qara dənizdə Azərbaycan və Ukrayna vətəndaşlarının olduğu "Khoryv" adlı ticarət gəmisinin Rumıniyanın Konstansa limanından 13 dəniz mili məsafədə batdığına dair məlumat yayılıb. Məlumata görə, gəmidə ümumilikdə 13 nəfər olub. Onlardan 10 nəfəri Ukrayna, üç nəfəri isə Azərbaycan vətəndaşıdır.
Hadisə nəticəsində bir dənizçinin öldüyü, 3 nəfərin itkin düşdüyü, 9 nəfərin isə xilas edildiyi bildirilib.