Neftçalada 13 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb - YENİLƏNİB

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Neftçala rayonunda baş verən ölümlə nəticələnın yol qəzası barədə məlumat yayıb.

BDYPİ-dən APA-ya verilən xəbərə görə, oktyabrın 22-də, saat 18:00 radələrində Neftçala rayonu Həsənabad qəsəbəsi ərazisində çiynində daşıdığı portativ səsucaldıcıda musiqi dinləyərək velosiped idarə edən qəsəbə sakini yol kəsişməsində F.Həsənovun idarə etdiyi “Belarus” markalı traktorun qoşqusu ilə toqquşub.

Qəza nəticədə 13 yaşlı velosipedçi hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır.

"Təəssüf ki, statistik nəticələr də göstərir ki, bu gün istər yaşayış məntəqələrində, istərsə də yaşayış məntəqələrindən kənarda, avtomagistrallarda velosiped, skuter və digər ikitəkərli nəqliyyat vasitələri idarə edən azyaşlılar tərəfindən kobud qayda pozuntularına yol verilməsi hallarına tez-tez rast gəlinir.

Baş Dövlət Yol Polisi İdarəsi bütün yol hərəkəti iştirakçılarını bu faciəli hadisədən düzgün nəticə çıxarmağa, xüsusilə azyaşlıları velosiped və ya digər ikitəkərli nəqliyyat vasitəsi idarə edərkən təhlükəsizlik qaydalarına qeyd-şərtsiz əməl etməyə çağırır, bu işdə valideyn nəzarətinin mühüm rol oynadığını məxsusi qeyd edir", məlumatda deyilir.

***

22 oktyabr, 23.10

Neftçala rayonunda azyaşlı uşaq yol-nəqliyyat hadisəsi nəticəsində ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Pirətəvana kəndində qeydə alınıb.

Belə ki, Həsənabad qəsəbə sakini 13 yaşlı Əsədli İbrahim Amil oğlu velosipedlə hərəkətdə olarkən traktorun qoşqusunun altında qalıb və uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.