Salyan rayonunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan dörd nəfərin vəziyyəti açıqlanıb.
Bu barədə "Report"un Aran bürosunun sorğusuna cavab olaraq Salyan Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Qeyd olunub ki, Salyandakı avtomobil qəzası nəticəsində xəsarət alan 4 nəfər (2 qadın, 2 kişi) oktyabrın 23-də saat 15:20 radələrində xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri müvafiq şöbələrdə davam etdirilir, 2 nəfərin vəziyyəti stabil, digərlərinin isə orta ağır qiymətləndirilir.
Qeyd edək ki, hadisə zamanı Neftçala rayon sakini, 1978-ci il təvəllüdlü Ümidvar Ağabala oğlu Məlikov ölüb.
Salyanda yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralananlar var.
"Report"un Aran bürosunun məlumatına görə, avtoqəza rayonun Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, hadisədə bir nəfər ölüb. Qəza nəticəsində dörd nəfər - Neftçala rayon sakinləri - 1954-cü il təvəllüdlü Atakişi Sabir oğlu Hüseynov, Mələysuma Şahbaz qızı Hüseynova (1957), Günel Atakişi qızı Məlikova (1981) və Salyan rayon sakini Nurlan Anar oğlu Məmmədov (2004) xəsarət alıblar. Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.