Arsen Venger Hövsan Yarış Kompleksində olub

FIFA-nın Qlobal Futbol İnkişafı üzrə rəhbəri Arsen Venger Hövsan Yarış Kompleksində olub.

77 yaşlı fransalı funksioner idman qurğusunda görülən işlərlə tanış olub.

İngiltərənin "Arsenal" komandasının sabiq baş məşqçisi U-15 dünya çempionatı və festivalı ilə bağlı Bakıda səfərdədir.

Xatırladaq ki, U-15 dünya çempionatı və festivalı oktyabrın 24-30-da Hövsan Yarış Kompleksində baş tutacaq. Turnirin açılış və final görüşləri Bakı Kristal Zalında keçiriləcək.

Yarışın ilk oyunları oktyabrın 24-də başlayacaq. 189 ölkənin iştirakı və 1000-ə yaxın matçın keçirilməsi nəzərdə tutulan turnir dünyanın müxtəlif nöqtələrindən yeniyetmə futbolçuları bir araya gətirəcək.

Azərbaycan millisi turnir çərçivəsində ilk oyununu oktyabrın 24-də, saat 19:30-da "Crystal Hall"da Timor-Leste yığmasına qarşı keçirəcək. Komanda oktyabrın 25-də, saat 12:45-də Andorra, saat 19:30-da isə Avstraliya yığması ilə qarşılaşacaq. Bu iki görüş Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutacaq.

Milli komanda oktyabrın 26-da, saat 11:30-da İsrail, saat 18:15-də isə Haiti yığması ilə həmin meydançada üz-üzə gələcək.