Deputat Siyavuş Novruzov hərbi vəzifə və hərbi xidmət haqqında yeni qanunun hazırlanmasını və onun NATO standartlarına uyğunlaşdırılmasını təklif edib. Bunu Siyavuş Novruzov Milli Məclisdə deyib.
“Vətən müharibəsindən sonra yeni bir qanun layihəsi hazırlanmalıdır və bu, tam o standartlara uyğunlaşmalıdır”, - Novruzov çıxışında deyib.
O bildirib ki, qanunvericiliyə ayrı-ayrı düzəlişlər etmək əvəzinə hərbi xidmət keçmə qaydaları və müvafiq qanunlar yenidən nəzərdən keçirilməlidir.
Novruzov müzakirə olunan qanun layihəsindəki dəyişikliklərin əsasən müddətli həqiqi hərbi xidmətə çağırılanlara şamil olunacağını düşündüyünü deyib. Onun sözlərinə görə, müqavilə ilə xidmət edənlərin əməkhaqqı və gələcək vəzifələri müqavilələrində göstərilir.
Deputat hərbi xidmətlə əlaqəli təhsil sahələrinin də dəqiqləşdirilməsini təklif edib. “Riyaziyyat, fizika, kimya, coğrafiya kimi sahələr ordunun texnikadan istifadəsi və gələcək fəaliyyət istiqamətləri üçün vacibdir”, - o bildirib.
Novruzov orduda insan amilinin əsas rol oynadığını vurğulayıb.
“Hansı texnikadan asılı olmayaraq, insan faktoru aparıcı roldadır”, - o bildirib.