"Həzi Aslanov" stansiyasının istifadə tarixi bəlli olub - YENİLƏNİB

"Həzi Aslanov' stansiyasının istifadə tarixi bəlli olub.

Bununla bağlı Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.

"Bakı Metropoliteninin unikal infrastruktura malik, çoxfunksiyalı və mürəkkəb infrastrukturu olan 'Həzi Aslanov' stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işləri yekunlaşıb. Ümumiyyətlə, bu, Bakı Metropolitenində xətlərin hərəkətinin təşkilində xüsusi bir yenilik təqdim edəcək. İlk növbədə onu xüsusi qeyd edim ki, artıq media və ictimaiyyətə bu baxış, təqdimat yekunlaşdıqdan sonra əraziyə gərginlik veriləcək və sərnişinlərimiz hətta gün ərzində buraya qatarların daxil olub-çıxmasını da görə biləcəklər".

Bundan sonrakı dövrlərdə sınaqlar və tənzimləmələr əsaslı şəkildə bütün infrastruktur üzrə aparılaraq yaxın günlərdə yekunlaşdırılacaq və həmin gündən sonra Bakı Metropoliteninin müvafiq elanına əsasən "İçərişəhər" - "Həzi Aslanov" istiqamətində qatarların hərəkəti bərpa olunacaq. 2024-cü il noyabr ayının 30-dan başlamış əsaslı təmir işləri dövründə qatarlar "Həzi Aslanov" - "Əhmədli" stansiyaları arasında məkik, yəni o baş-bu baş olmaqla hərəkət edirdisə, artıq bizim elan edəcəyimiz vaxtdan qatarlar "Həzi Aslanov" stansiyasından ümumi xətt üzrə intervallar əsasında hərəkət edəcək. Yəni iş günlərində, günün pik saatlarında qatarların hərəkəti 2 dəqiqəlik intervalla tənzimlənəcək, diğer vaxtlarda isə 2 dəqiqə 30 saniyədən çox olmamaqla intervallar təmin olunacaq.

Qeyd edilib ki, infrastrukturun əsas yeniliyi dəmir yollarının 4 yoldan ibarət olmaqla 20 metr daha uzun təmin olunmasıdır.

"Yəni bundan sonrakı dövrdə Bakı Metropoliteninin xətlərinin ayrıldığı mərhələdə "Qırmızı xətt" üzrə 6 vaqonluq qatarların hərəkətinə şərait yaradılması istiqamətində əsaslı işlərə başlanılıb. "Həzi Aslanov" stansiyasının dalanında bu işlər yekunlaşdıqdan sonra, bildiyiniz kimi, "İçərişəhər" stansiyasının arxasında dönmə kamerası inşa olunur və o da məhz 6 vaqonluq qatarları qəbul etməyə hazır olacaq. Beləliklə, xəttin həm əvvəli, həm də sonunda artıq bu infrastruktur qurulduğundan, qarşıdakı dövr ərzində qatarların hərəkətini təmin edən sistemlərin müvafiq qaydada tənzimlənməsi, stansiya infrastrukturundan asılı olaraq 6 vaqonluq qatarları qəbul etməsi üçün müvafiq tədbirlər görüləcək və gələcəkdə artıq Bakı Metropoliteninin "Qırmızı xətti" 6 vaqonluq qatarları qəbul edə biləcək".

***

“Həzi Aslanov” stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işləri başa çatdı: “Həzi Aslanov-Əhmədli” mənzilində məkik hərəkət yaxın günlərdə ləğv ediləcək.

Bunu Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev bildirib.

Qeyd edilib ki, AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC-nin “Həzi Aslanov” stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işləri tam yekunlaşdırılıb.

"Dalan yolunun təkrar istismara verilməsi ilə yaxın günlərdə “Həzi Aslanov–Əhmədli” mənzilində məkik hərəkət ləğv olunacaq. “İçərişəhər–Həzi Aslanov” sahəsində qatarların hərəkəti təmirdən əvvəlki qaydada bərpa ediləcək. Beləliklə, Qırmızı xətdə qatarlararası interval pik saatlarda 2 dəqiqə, digər vaxtlarda isə 2 dəqiqə 30 saniyə təşkil edəcək. Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək. 1981–1987-ci illərdə inşası aparılan yol dalanının konstruksiya izolyasiyası 20 ildən artıq istismar dövründə qrunt suları və torpaq erroziyası səbəbindən sıradan çıxmış, güclü korroziyaya uğramışdı.

Aparılan kompleks yenidənqurma çərçivəsində tavan istisna olmaqla, ümumi uzunluğu 1 km-ə yaxın olan dalanın bütün infrastrukturu tam sökülərək yenidən inşa edilib. 6 vaqonlu qatarların qəbulunu təmin etmək üçün hər yol 20 metr uzadılıb.

Gücləndirmə işləri çərçivəsində qrunt, yağıntı və kommunikasiya xətlərindən gələn suların təsirini önləmək üçün 1,5–2 m dərinlikdə məhlulvurma aparılıb, yan və orta divarlar pilləli sökülərək yeni beton konstruksiyalarla əvəzlənib, antikorroziya tədbirləri görülüb. Bakı metropoliteni tarixində ilk dəfə tavanın dözümlülüyünü artırmaq üçün xüsusi sınaqlardan keçmiş karbon lifli materiallardan istifadə olunub, tunel geyiminin arxasında inyeksiya üsulu ilə gücləndirmə aparılıb, divar və tavana mühafizə boyası vurulub.

Yol infrastrukturunda döşəmə örtüyü gücləndirilərək yeni yol yatağı salınıb. Ağac şpallar dəmir-beton bloklu ballastsız yollarla əvəzlənib, 6 yeni yoldəyişdirici qurğu monolit özül üzərində quraşdırılıb. Müasir alüminium əsaslı təmas relsi isə elektrik enerjisinə qənaət etməyə və qulluğu asanlaşdırmağa imkan verir. Eyni zamanda rabitə, elektrik təchizatı, fiber-optik kabellər, yanğın mühafizəsi, videomüşahidə, sanitariya, su-kanalizasiya və havalandırma sistemləri tam yenilənib.

Həyata keçirilən bu layihə metropolitenin mühüm istismar sahəsini texniki cəhətdən müasirləşdirməyə, sərnişindaşımanın keyfiyyətini, təhlükəsizliyini və uzunömürlülüyünü təmin etməyə xidmət edir", - deyə departament rəisi vurğulayıb.

Qeyd edək ki, “Həzi Aslanov” stansiyasının dalanında dayanıqlılığın artırılması layihəsi 2025–2030-cu illər üzrə Dövlət Proqramının icra edilməsinə dair tədbirlər planı əsasında həyata keçirilib.

"Bakı Metropoliteni" QSC-nin "Həzi Aslanov" stansiyasında dalanın yenidən qurulması yekunlaşıb.

Yenidənqurma işləri təxminən 280 metrlik sahədə üç mərhələ üzrə həyata keçirilib.

Əvvəlki mərhələlərdə təmir-bərpa işləri tamamlanıb, yan divarlar və döşəmə boyunca məhlulvurma-hamarlama prosesi icra olunub. Həmçinin döşəmə, divar və tavan hissələrdə gücləndirmə tədbirləri görülüb. Orta yolların arakəsmə divarları tam yenidən inşa edilib.