Azərbaycanda mobil nömrələrin yenidən dövriyyəyə buraxılması ilə bağlı tələblər müəyyən edilməlidir.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Razi Nurullayev bildirib.
Onun sözlərinə görə, artıq telefon nömrəsi sadəcə danışıq və SMS vasitəsi deyil: "Bu gün vətəndaş bank hesablarını, sosial şəbəkə profillərini, elektron poçtunu, müxtəlif tətbiqləri, dövlət və digər elektron xidmətləri mobil nömrəsi ilə əlaqələndirir. Bir çox hallarda həmin nömrə hesaba girişin təsdiqlənməsi və yaxud hesabın bərpası üçün əsas vasitələrdən birinə çevrilir. Təsəvvür edək ki, vətəndaş müəyyən müddət istifadə etdiyi nömrəni müxtəlif səbəblərdən aktiv saxlamır. Bir müddət sonra nömrə ləğv edilir və başqa abunəçiyə verilir. Əgər əvvəlki istifadəçi bank, elektron poçt və sosial şəbəkə hesablarında əlaqə nömrəsini dəyişməyibsə, yeni abunəçi əvvəlki istifadəçiyə ünvanlanan təsdiq mesajları və digər bildirişlərlə qarşılaşa bilər. Bu, sadəcə narahatlıq deyil, şəxsi məlumatların qorunması, hesabların təhlükəsizliyi və potensial dələduzluq baxımından da risk yaradır".
"Çıxış yolu kimi mobil operatorların fəaliyyətini məhdudlaşdırmağı təklif etmirəm. Lakin rəqəmsal həyatımız dəyişdiyi üçün mövcud qaydalar da bu reallığa uyğunlaşdırılmalıdır. İstifadə olunmayan nömrələrin yenidən dövriyyəyə buraxılması ilə bağlı vahid təhlükəsizlik standartlarına ehtiyac var. Nömrə yeni abunəçiyə verilməzdən əvvəl müəyyən karantin müddətinin tətbiqi, yüksək riskli xidmətlərlə əlaqələndirilmiş nömrələr üzrə isə əlavə qoruyucu mexanizmlərin yaradılması nəzərdən keçirilə bilər. Eyni zamanda, mobil operatorlar, banklar, elektron xidmət təminatçıları və sosial platformalar arasında nömrə dəyişdirildikdə hesabların təhlükəsizliyinin qorunmasına yönəlmiş mexanizmlər gücləndirilməlidir. Ən əsası isə vətəndaşlar bu risklər barədə məlumatlandırılmalıdır. İnsan bilməlidir ki, istifadəsindən imtina etdiyi mobil nömrə gələcəkdə başqa şəxsə verilə bilər. Buna görə də nömrəsini deaktiv etməzdən əvvəl bank, sosial şəbəkə, elektron poçt və digər hesablarında əlaqə vasitəsini dəyişməlidir", - deyə deputat əlavə edib.
Onun sözlərinə görə, rəqəmsallaşma sürətləndirilirsə, rəqəmsal təhlükəsizlik qaydaları da eyni sürətlə inkişaf etdirilməlidir: "Telefon nömrəsi artıq sadəcə əlaqə vasitəsi deyil, bir çox hallarda insanın rəqəmsal hesablarına giriş açarına çevrilib. Buna görə də nömrələrin yenidən dövriyyəyə buraxılması yalnız kommersiya və texniki məsələ kimi deyil, həm də informasiya təhlükəsizliyi məsələsi kimi qiymətləndirilməlidir".