ABŞ Venesuelaya investisiya məhdudiyyətlərini yumşaltmağı planlaşdırır

ABŞ Maliyyə Nazirliyi Venesuelanı Amerika investisiyalarına ciddi məhdudiyyətlər tətbiq edilən ölkələr siyahısından çıxarmağı nəzərdən keçirir.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, ABŞ Maliyyə Nazirliyi 2025-ci ilin dekabrından qüvvədə olan qaydaların dəyişdirilməsinə dair sərəncam layihəsi hazırlayıb.

Həmin qaydalara əsasən, ABŞ şirkətləri və digər qurumlar bir sıra ölkələrdə, o cümlədən yarımkeçiricilərin istehsalı, süni intellektin hazırlanması, superkompüterlər və hipersəs sistemlərinin inkişafı kimi sahələrə investisiya yatırmaq üçün Vaşinqton administrasiyasından icazə almalıdırlar.

Məhdudiyyətlərin tətbiq olunduğu ölkələr sırasında Rusiya, Venesuela, İran, Çin, Şimali Koreya və Kuba yer alır. Bu tədbirlər əsasən ABŞ-ın milli təhlükəsizlik maraqları ilə əsaslandırılıb.

“Reuters”in məlumatına görə, Venesuelanın siyahıdan çıxarılması həmin ölkəyə münasibətdə mövcud məhdudiyyətlərin böyük hissəsinin ləğvi ilə nəticələnə bilər. ABŞ Maliyyə Nazirliyi sərəncam layihəsinin təkmilləşdirilməsi ilə bağlı təklifləri dekabrın 7-dək nəzərdən keçirəcək.