"Ermənistan faktiki olaraq artıq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxıb".
Bu barədə təşkilatın baş katibi Taalatbek Masadıkov TASS-a bildirib.
O qeyd edib ki, KTMT sənədləri, o cümlədən Ermənistana da, ölkədaxili razılaşdırma üçün göndərir. Masadıkovun sözlərinə görə, təşkilat hər bir məsələ ilə bağlı İrəvandan cavab alır. Ermənistan tərəfi həmin məsələnin müzakirəsində və qərarların qəbulunda iştirak etmədiyini, lakin qərarların məhdud formatda qəbul edilməsinə etiraz etmədiyini bildirir.
Baş katib əlavə edib ki, beləliklə, Ermənistan KTMT-nin fəaliyyətinə mane olmur.
“Buna görə də düşünürəm ki, burada məhz KTMT Nizamnaməsinin 25-ci maddəsi tətbiq olunur. Əslində, onlar faktiki olaraq artıq özləri təşkilatdan çıxıblar”, – Masadıkov bildirib.
Bundan əvvəl o, Rusiyada keçiriləcək qarşıdakı sammit zamanı Ermənistanın KTMT-də üzvlüyü məsələsinin müzakirə oluna biləcəyini bildirmişdi.
Təşkilatın növbəti sammiti noyabrın 11-nə planlaşdırılıb və Moskvada keçiriləcək.
Sentyabrın 17-də Ermənistanın baş naziri Nikol Paşinyan respublikanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından xaric edilməsinə etiraz etməyəcəyini bəyan edib. Bununla əlaqədar o, İrəvanı belə bir addımla hədələməməyə çağırıb.