Tərtər rayonunda 71 yaşlı qadını qətlə yetirməkdə təqsirləndirilən Elgiz İbrahimovun (soyad şərtidir-red) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.Az-a istinadən, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə E.İbrahimov 7 il 6 ay azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə rayonun Sarov kəndində baş verib. Kənd sakini E.İbrahimov evə gələrkən anasının telefonda hansısa şəkilə baxdığını görüb. O, şəkilin bacısına məxsus olduğunu və bacısının bədənində döyülmə izlərini görüb. O, bacısının yoldaşına zəng vuraraq onunla bu barədə söhbət etmək istədiyini deyib. Yeznəsi isə evdə olmadığını, bir saatdan sonra görüşə biləcəyini deyib.
Elgiz evdən bıçaq götürərək yeznəsigilə gedib və qapının ağzında yenidən ona zəng vurub. Yeznəsi hazırda evdə olmadığını, yarım saata gələ biləcəyini deyib. Bundan hiddətlənən Elgiz yeznəsinin yalan danışdığını düşünərək evə basqın edib. Həmin vaxt ev sahibi, yəni Elgizin bacısının qayınanası Əzizə Allahverdiyeva həyətə çıxıb və Elgizlə mübahisə edib. Mübahisə zamanı Elgiz özü ilə gətirdiyi bıçaqla qadına zərbələr endirib. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisədən sonra Elgiz hüquq-mühafizə orqanlarına zəng vuraraq polisləri hadisə yerinə dəvət edib. Polis əməkdaşları hadisə yerinə gəlib və Elgiz İbrahimov saxlanılıb.