Zelenski ABŞ-yə: Rusiyanın bizə etdikləri sizin başınıza gəlsəydi, bağışlayardınızmı?

Ukrayna Prezidenti Volodimir Zelenski müharibədən əvvəl genişmiqyaslı işğalın baş verəcəyini düşünmədiyini bildirib.

Dövlət başçısı bu barədə britaniyalı sahibkar və investor Stiven Bartlettin aparıcılıq etdiyi “The Diary of a CEO” podkastında danışıb.

“Genişmiqyaslı işğalın baş verəcəyini düşünmürdüm”, - Zelenski bildirib.

Dövlət başçısı mövqeyini belə izah edib ki, hadisələrdən əvvəl tərəfdaş ölkələr Rusiyaya qarşı sanksiyalar tətbiq etməmiş və işğalın qarşısını almaq üçün digər qabaqlayıcı addımlar atmamışdılar:

“Mən həmin gün - 2022-ci il fevralın 24-də ailəmlə birlikdə idim. Prezident Administrasiyasından mənə zəng gəldi, bildirdilər ki, sərhəd keçilib, raketlər atılır. Hazırlaşdım, həyat yoldaşıma və uşaqlarıma müharibənin başladığını dedim”.

Müharibə dövründə yaşadığı ən ağır günü xatırlayan Zelenski Buça şəhəri azad edildikdən dərhal sonra ora səfər etməsindən danışıb:

“Buçanı azad etdikdən sonra ora getdim. Hər yerdə uşaqların, böyüklərin, yaşlıların cəsədləri vardı. Bədənlər parçalanmışdı, əllər kəsilmiş, bağlanmışdı, işgəncə izləri görünürdü. Cəsədlər çuxurlarda basdırılmışdı. Əgər bu gün ABŞ-də və ya Böyük Britaniyada, Tanrı qorusun, işgəncələrə məruz qalmış 500 nəfərin olduğu belə bir kütləvi məzarlıq aşkar edilsəydi, bunu necə bağışlamaq olardı?”.