“İsrail ordusu bütün cəbhələrdə İran və proksi qüvvələrinə qarşı qabaqlayıcı və müdafiə xarakterli əməliyyatlara hazırdır”.
Bunu İsrail müdafiə naziri İsrael Kats deyib.
Nazirin sözlərinə görə, zərurət yaranarsa, ordu dərhal və ya siyasi rəhbərliyin qərarı əsasında hərəkətə keçəcək.
Kats bildirib ki, mövcud kəşfiyyat məlumatlarına əsasən, qarşı tərəflər seçkilər ərəfəsində və ya seçkilər zamanı İsrailə hücumlar və terror aktları törətməklə səsvermənin nəticələrinə təsir göstərmək niyyətindədir.
O əlavə edib ki, gələcəkdə baş verə biləcək istənilən hücumun məsuliyyəti müxalifət liderləri Yair Lapid, Naftali Bennett, Yair Qolan və tərəfdaşlarının adına yazılacaq. İsraeil Kats bu şəxslərin İsrail Baş naziri Benyamin Netanyahu və özünü tənqid etdiklərini, həmçinin ölkəyə təhdidlər barədə məlumatların açıqlanmasının arxasında duran motivləri şübhə altına aldıqlarını bildirib.
İsrail müxalifətinin lideri Yair Lapid bundan əvvəl bəyan etmişdi ki, onun malik olduğu məlumatlara görə, seçkilərdən əvvəl İrana və ya başqa bir yerə hücum üçün heç bir əsas yoxdur.