“Azərbaycan üçün əsas prinsip dəyişməzdir: dini etiqad azadlığına hörmət edilməli, təhsil sisteminin dünyəvi xarakteri qorunmalı və məktəblərlə bağlı qərarlar xarici siyasi təsirlərdən asılı olmadan qəbul edilməlidir”
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib.
Politoloq İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayinin Azərbaycanla dost və qardaş münasibətlərinə toxunaraq məktəbli geyimi məsələsinə qarışmayacaqlarını bildirməsini şərh edib:
“İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayinin açıqlaması diplomatik ifadə tərzi baxımından diqqət çəkir. İran rəsmisi Azərbaycanın daxili məsələsinə münasibət bildirsə də, ölkəmizin milli maraqlarını və Azərbaycan xalqının öz qərarlarını vermək hüququnu ön plana çəkib. Bununla belə, məktəbli geyimi və dini etiqad azadlığı ilə bağlı məsələlərin həlli ilk növbədə Azərbaycanın konstitusion quruluşuna, qanunvericiliyinə və vətəndaşlarının hüquqlarına əsaslanmalıdır. Xarici dövlətlərin bu mövzuda mövqe bildirməsi Azərbaycanın daxili qərarvermə səlahiyyətinə təsir göstərməməlidir.”
Z. Qarayeva qeyd edib ki, Azərbaycan üçün prioritet məsələ dəyişməz olaraq qalır və buna hər kəsin hörmət etməsi vacibdir:
“Digər tərəfdən, İranın açıqlamasını Türkiyədə bəzi siyasi xadimlərin eyni məsələ ilə bağlı səsləndirdiyi daha sərt fikirlərlə müqayisə etdikdə diplomatik ritorikadakı fərqlər aydın görünür. Lakin bu fərq nə İranın mövqeyinin bütövlükdə müdaxilədən uzaq olduğunu, nə də bəzi türkiyəli siyasətçilərin açıqlamalarının Türkiyə dövlətinin ümumi mövqeyini əks etdirdiyini sübut edir. Azərbaycan üçün əsas prinsip dəyişməzdir dini etiqad azadlığına hörmət edilməli, təhsil sisteminin dünyəvi xarakteri qorunmalı və məktəblərlə bağlı qərarlar xarici siyasi təsirlərdən asılı olmadan qəbul edilməlidir.”