Dünyanın iki supergücü sayılan ABŞ və Çinin diqqətinin Azərbaycana yönəlməsi təsadüfi deyil. Zahirən bu, Azərbaycanın xəritədəki yeri ilə əlaqələndirilə bilər. Lakin bu yanaşma geosiyasi reallığı qismən əks etdirir. Diqqətin Azərbaycana yönəlməsi ölkəmizin xəritədəki bugünkü yeri ilə yanaşı gələcəyin xəritəsində tutacağı yerlə əlaqəlidir. Bu gün Azərbaycan hər iki supergüclə - həm ABŞ və həm də Çin ilə bərabərhüquqlu strateji tərəfdaşdır.
Supergüclərin yolunun Azərbaycandan keçməsi təbii və coğrafi üstünlükdür. Həmin yolların əsas şərtlərinin müəyyənləşdirilməsində Azərbaycanın söz sahibi olması isə strateji qazancdır. Yəni Azərbaycan üçün əsas məsələ böyük dövlətlərin diqqətindən necə istifadə etmək bacarığıdır. Coğrafi mövqe Azərbaycana müəyyən avantaj, başlanğıc üstünlük verir; həmin üstünlüyü davamlı geosiyasi kapitala və siyasi sərbəstliyə çevirmək isə səmərəli diplomatiya, şəffaf müqavilələr, etibarlı infrastruktur və regional sabitlik tələb edir.
Ümumiyyətlə, Çin siyasətinin arxa planında daha çox iqtisadi hesab dayanır. Çin ixrac məhsullarının Avropaya çatdırılması üçün alternativ marşrutlara ehtiyac duyur. Şimal dəhlizi geosiyasi risklərlə yüklənib, dəniz yolları isə həm vaxt, həm də təhlükəsizlik baxımından həssasdır. Alternativ yollar yük daşımalarının siyasi böhranlardan, təhlükəsizlik problemlərindən və ayrı-ayrı nəqliyyat xətlərindəki fasilələrdən asılılığını azaltmağa imkan verir.
Mərkəzi Asiya, Xəzər və Cənubi Qafqazdan keçən Orta Dəhliz bu mənada Pekin üçün strateji əhəmiyyət kəsb edir. Mərkəzi Asiya, Xəzər və Cənubi Qafqaz üzərindən əlaqələr Pekinə əlavə seçim yaradır. Azərbaycan həmin zəncirin ən vacib həlqələrindən biridir. Tranzit imkanları, Xəzər limanları və Avropaya çıxış Bakını Çin üçün tərəfdaşdan daha artıq, açar halqa edir.
Görünən odur ki, Azərbaycanla bağlı Çinin əsas marağı ölkəmiz üzərindən keçən marşrutların və bağlantıların nə dərəcədə etibarlı və əlçatan olacağınadır. Çin həm də özünün ixrac məhsullarının daşınması üçün regiondan keçən marşrutlar planlaşdırır. Yəni Azərbaycan həm təhlükəsiz tranzit ölkə və həm də etibarlı tərəfdaş kimi Pekinin diqqətini cəlb edir.
Bu səfəri “Pekin Azərbaycanı və ümumilikdə Güney Qafqazı Vaşinqtonun təsir dairəsinə buraxmaq istəmir” yanaşması ilə izah eləmək cəlbedici görünür. Bu regionda supergüclərin rəqabətinin olduğunu və daha da gücləndiyini göstərir. Lakin bu yanaşma regionun və Azərbaycanın geosiyasi və iqtisadi maraqlarını, bütövlükdə bir dövlət kimi siyasi iradəsini arxa plana keçirir. Bütövlükdə Güney Qafqaz regionu, o cümlədən Azərbaycan supergüclərin birinin digərinə təhvil verə biləcəyi siyasi məkan deyil. Azərbaycan da orta güc kimi regional proseslərə təsir göstərir, özünə tərəfdaş seçir, şərtlər irəli sürür və xarici maraqları öz məqsədlərinə uyğunlaşdırmağa çalışır.
Əlbəttə, regionda və Azərbaycanda ABŞ və Rusiyanın maraqlarının olduğunu və onlarla Çin arasında rəqabətin getdiyini və bu rəqabətin mahiyyətini nəzərdən qaçırmaq olmaz
Belə ki, Azərbaycandan və regiondan keçən marşrutlar həm Çin mallarının daşınmasına, həm də ABŞ-ın dəstəklədiyi regional bağlantı layihələrinə xidmət edə bilər. Bu mənada maraqların müəyyən nöqtələrdə üst-üstə düşməsi təbii görünür. Lakin maraqların toqquşduğu hallar da çoxdur. Maraqların toqquşması və əsas mübahisələr yolun mövcudluğundan çox, onun maliyyələşdirilməsi, idarə olunması, texnoloji standartları və yaratdığı siyasi təsir ətrafında yaranır. Burada Azərbaycan üçün müxtəlif tərəfdaşların maraqlarını bir-birini tamamlayan layihələrə çevirmək kimi mühüm imkan meydana çıxır. Ancaq bu imkanın qorunması iqtisadi əməkdaşlığın siyasi seçim üzərində inhisar yaratmamasından asılıdır. Bir tərəfdaşla yaxınlaşma digər tərəfdaşla münasibətləri avtomatik məhdudlaşdıran öhdəliyə çevrilərsə, Azərbaycanın manevr sahəsi daralar.
Regionda Rusiyanın maraqlarını və mövqeyini də qeyd etmək lazımdır. Çinin regionda fəallaşması avtomatik olaraq sıxışdırılıb çıxarılması anlamına gəlmir. Rusiya və Çin müəyyən siyasi məsələlərdə yaxın mövqelər tutsalar da, nəqliyyat, logistika, bağlantı və investisiya sahələrində fərqli maraqlara malikdirlər. Buna görə regiondakı dəyişiklikləri yalnız bir gücün geri çəkilməsi və digərinin onun yerini tutması kimi qiymətləndirmək kifayət etmir. Azərbaycan və bütövlükdə Güney Qafqaz bir neçə güc mərkəzinin eyni vaxtda maraq göstərdiyi məkana çevrilir. Həm də bu maraqların diametral fərqli olduğu görünür. Çin Azərbaycanla əlaqələrini dərinləşdirmək istəyir, Vaşinqton regional bağlantılarda daha fəal iştirak edir, Moskva isə öz maraqlarını qorumağa çalışır.
Bu geosiyasi rəqabət Azərbaycan üçün həm imkan, həm də çətin bir sınaqdır. Bir tərəfdən Çin, ABŞ, Avropa İttifaqı, Rusiya və Türkiyə kimi güc mərkəzlərinin eyni anda Bakıya maraq göstərməsi ölkənin diplomatik çəkisini artırır. Digər tərəfdən bu maraqların toqquşduğu məkanda tarazlığı qorumaq xüsusi məharət tələb edir. Bakının uğuru bu maraqlar arasında seçim etməyə məcbur qalmaqdan yayınaraq, hər bir əməkdaşlıqdan konkret milli fayda əldə etməsində olacaq. Azərbaycanın uzun illərdir yeritdiyi çoxvektorlu və balanslaşdırılmış xarici siyasət məhz belə anlar üçün yaradılıb.
Praktik baxımdan Bakı üçün əsas məsələ Çin sərmayəsinin və tranzit yüklərinin real həcmlərini artırmaqdır. Bunun üçün infrastrukturun, gömrük prosedurlarının və dəhliz boyu ölkələrarası koordinasiyanın təkmilləşdirilməsi vacibdir. Çinin maraqları ilə Azərbaycanın tranzit mərkəzi və orta güc strategiyası üst-üstə düşür, amma bu uyğunluq avtomatik nəticə vermir, işləyən mexanizmlərlə möhkəmləndirilməlidir.
Çin burada təsir dairəsi uğrunda gərginlik yaratmaqdan daha çox ticarət marşrutlarına və logistika nöqtələrinə sabit çıxış əldə etmək istəyir. Bunun nə dərəcədə uğurlu olacağı həm Bakının mövqeyindən, həm də regionda rəqabət aparan digər güclərin addımlarından asılıdır. Bir şey aydındır: Güney Qafqaz artıq böyük güclərin diqqət mərkəzindədir və Azərbaycanın bu mərkəzdə rolu getdikcə artmaqdadır.