Bolqarıstan, Rumıniya və Türkiyə Qara dənizi minalardan təmizləyəcək

Bolqarıstan, Rumıniya və Türkiyənin Qara dənizdəki mina əleyhinə hərbi dəniz qrupunun missiyalarına kritik sualtı infrastrukturun müşahidəsi də əlavə ediləcək. Söhbət boru kəmərlərindən, qaz kəmərlərindən, fiber-optik rabitə xətlərindən və elektrik kabellərindən gedir.

Bu barədə Bolqarıstan Hərbi Dəniz Qüvvələrinin komandanı Kiril Mixaylov bildirib.

“Bolqarıstan, Rumıniya və Türkiyə arasında qarşılıqlı anlaşma memorandumuna əlavə sənəd artıq siyasi səviyyədə imzalanıb”, - o deyib.

Mixaylovun sözlərinə görə, üç dövlətin hər biri müşahidə aparılacaq kritik infrastruktur obyektlərinin siyahısını rəsmi şəkildə müəyyən etməlidir.

Bolqarıstan Hərbi Dəniz Qüvvələrinin komandanı qeyd edib ki, yeni vəzifənin icrasına başlanması Türkiyə parlamentinin sənədləri ratifikasiya etməsindən asılıdır.

Bolqarıstan, Rumıniya və Türkiyənin Qara dənizdəki mina əleyhinə hərbi dəniz qrupunun yeni missiyası noyabrın 6-18-də başlayacaq. Gəmilər Bolqarıstanın dəniz sularında fəaliyyət göstərəcək və Bolqarıstan-Rumıniya birgə mina əleyhinə “Poseydon” təlimində iştirak edəcək.

Sonuncu missiya zamanı gəmilər 14 gün dənizdə olub və 850 dəniz mili məsafə qət ediblər. Missiyada 200-dən çox hərbçi, eləcə də ABŞ, İtaliya və Fransadan olan müşahidəçilər yer alıblar.

Son iki missiya ərzində ümumilikdə 15-dən çox şübhəli obyekt aşkarlanıb. Onlardan dördünün dron qalıqları və raketin start mühərriki olduğu müəyyən olunub. İki obyekt məhv edilib.

2026-cı ilin iyul ayından etibarən mina əleyhinə hərbi dəniz qrupuna ikinci dəfə Bolqarıstan komandanlıq edir. 2027-ci ilin yanvarında komandanlıq Rumıniyaya keçəcək.