Bu gün Azərbaycan-İran dövlət sərhədinin uzun illər işğal altında qalan 132 kilometrlik hissəsinin azad olunmasının altıncı ildönümüdür.
2020-ci il oktyabrın 22-də Zəngilan rayonunun Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan-İran dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olunub.
Həmin gün Azərbaycan Ordusu Ağbənd qəsəbəsi ilə yanaşı, Zəngilan rayonunun Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz və Dəlləkli kəndlərini də işğaldan azad edib. Eyni zamanda, Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfidinli və Aşağı Rəfidinli, Cəbrayıl rayonunun isə Sirik, Şıxlar, Məstəlibəyli və Dərzili kəndləri azad olunub.
Prezident İlham Əliyev həmin gün Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan və İran dövlət sərhədinin tam nəzarətə götürüldüyünü açıqlayıb.
Qeyd edək ki, Ağbənd qəsəbəsi Zəngilan rayonunun Vejnəli kənd inzibati ərazi dairəsinə daxildir. Qəsəbə Araz çayının sahilində, Ağbənd dağının ətəyində yerləşir.
Sərhədin azad edilmiş hissəsində sonradan Dövlət Sərhəd Xidməti tərəfindən zəruri mühafizə infrastrukturu yaradılıb və sərhəd zastavalarının fəaliyyəti bərpa edilib.