Rusiyanın Moskva vilayətinə genişmiqyaslı pilotsuz uçuş aparatı (PUA) hücumu həyata keçirildiyi bildirilir.
Bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.
Onun sözlərinə görə, Rusiya hava hücumundan müdafiə qüvvələri paytaxta yaxınlaşan 163 pilotsuz uçuş aparatını vurub. Ümumilikdə Moskva regionu istiqamətində 630 PUA-nın hərəkət etdiyi bildirilib.
Hücum zamanı Yeni Moskvanın Voronovo rayonu ərazisində iki nəfər xəsarət alıb. Yaralılara zəruri tibbi yardım göstərilir.
Bundan başqa, Rusiyanın Lipetsk şəhərinə də pilotsuz uçuş aparatları ilə hücum edildiyi açıqlanıb.
Lipetsk vilayətinin qubernatoru İqor Artamonov bildirib ki, hücum nəticəsində bir kişi xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Onun sözlərinə görə, vurulan PUA-ların qalıqları yaşayış binalarının fasadlarına və pəncərələrinə, həmçinin Merkulov küçəsində yerləşən poliklinikanın binasına ziyan vurub.
Hadisə zamanı poliklinikanın bağlı olduğu və binada insanların olmadığı qeyd edilib.
PUA qalıqlarının düşdüyü ərazilərdə fövqəladə xidmətlərin əməkdaşları çalışırlar.