Uşaqlarda bu əlamətlər varsa, valideynlər gözləməməlidir – HƏKİM XƏBƏRDARLIĞI

Uşaqlarda kəskin respirator virus infeksiyası (KRVİ) zamanı bəzi əlamətlər ciddi fəsadların göstəricisi ola bilər.

Xarici mediaya istinadən, pediatr Anna Alekseyeva valideynləri uşaqlarda nəfəs almaqda çətinlik, qıcolma, susuzlaşma əlamətləri, səpgi və vəziyyətin müvəqqəti yaxşılaşdıqdan sonra yenidən pisləşməsi müşahidə edildikdə tibbi yardıma müraciət etməyə çağırıb.

Həkimin sözlərinə görə, 6 yaşdan kiçik uşaqlar ildə orta hesabla 6-8 dəfə respirator infeksiyaya yoluxa bilərlər. Xüsusilə bağçaya getməyin ilk ilində xəstəliklərin tez-tez təkrarlanması mütləq zəif immunitet əlaməti deyil.

Bununla yanaşı, üç gündən artıq davam edən yüksək hərarət, qızdırmasalıcı dərman qəbulundan sonra belə 39-40 dərəcəyə çatan temperaturun düşməməsi və uşağın həddindən artıq halsız olması həkim diqqəti tələb edir. Üç aydan kiçik körpələrdə isə temperaturun istənilən yüksəlməsi zamanı tibbi müayinəyə ehtiyac var.

Qripi adi soyuqdəymədən necə ayırmaq olar?

Pediatr bildirib ki, yüngül KRVİ zamanı simptomlar adətən tədricən yaranır. İlk növbədə burun axması, asqırma və öskürək müşahidə olunur.

Qrip isə çox vaxt qəfil başlayır, temperaturun kəskin yüksəlməsi, üşütmə, güclü baş ağrısı və ciddi halsızlıqla müşayiət edilir. Kiçik uşaqlarda qusma və ishal da yarana bilər. Bu əlamətlər orqanizmin susuzlaşması riskini artırır.

Uşaqları xəstəliklərdən necə qorumaq olar?

Həkim respirator infeksiyaların profilaktikası üçün uşaqların vaxtında peyvənd olunmasını, əl gigiyenasına riayət edilməsini, yuxu və qidalanma rejiminin qorunmasını, müntəzəm gəzintiləri və otağın havalandırılmasını tövsiyə edir.

Pediatrın sözlərinə görə, uşaq otağında temperaturun 20-22 dərəcə, havanın rütubətinin isə 50-60 faiz olması məqsədəuyğundur. Qripdən şübhələnildikdə isə mümkün qədər tez həkimə müraciət etmək vacibdir.