Formula 1 üzrə Qran-pri yarışlarının maksimum məsafəsi 2028-ci ildən yenidən 305 kilometr olacaq. Bu məsafə 2027-ci il mövsümündə 15 kilometr azaldılaraq 290 kilometrə endiriləcək.
Məsafənin müvəqqəti azaldılması gələn ildən qüvvəyə minəcək mühərrik qaydalarındakı dəyişikliklərlə bağlıdır. Bu il tətbiq edilən yeni hibrid mühərriklərdə daxiliyanma və elektrik enerjisinin payı təxminən bərabərdir. Lakin bu sistem sürücülərin bacarığının yarışlara təsirini azaltması ilə bağlı tənqidlərə səbəb olub.
2028-ci ilədək mühərriklərdə güc bölgüsünün mərhələli şəkildə 60:40 nisbətinə dəyişdirilməsi planlaşdırılır. Bu, pilotlara daha uzun müddət maksimum gücdən istifadə etməyə imkan verəcək. Bununla yanaşı, avtomobillərin yanacaq sərfiyyatının artacağı gözlənilir. Mövcud şassiləri dəyişmədən saxlamaq istəyən bəzi komandaların yanacaq çənlərinin uzun məsafəli yarışları başa vurmaq üçün kifayət etməyə biləcəyi də nəzərə alınıb.
Formula 1-in idarəedici qurumu olan Beynəlxalq Avtomobil Federasiyasının (FIA) bu həftə dərc etdiyi 2027-ci il qaydalarında 2028-ci ildən məsafənin yenidən 305 kilometrə çatdırılması nəzərdə tutulub. Dəyişiklik yanacaq sərfiyyatının daha yüksək olduğu bir neçə yarışa təsir göstərir.
“Ferrari” komandasının britaniyalı pilotu Lyuis Hemilton isə yarış məsafələrinin azaldılmasına daha əvvəl etiraz edib. 41 yaşlı sürücü hesab edir ki, Formula 1 həm fiziki, həm də zehni baxımdan ən tələbkar idman növlərindən biri olmalıdır. Onun fikrincə, xüsusilə Sinqapur kimi isti və çətin şəraitdə keçirilən yarışlarda pilotlar fiziki imkanlarının son həddinə qədər mübarizə aparmalıdırlar./publika