"Booking.com"la bağlı araşdırma başladı

Avropa Komissiyası “Booking.com” platformasının saxta elanlara, fişinq dələduzluğuna qarşı mübarizəsini və ödənişli reklamların şəffaflığını araşdırmaq üçün rəsmi prosedur başlatdığını açıqlayıb.

Araşdırma çərçivəsində platformanın mövcud olmayan yaşayış obyektləri barədə saxta elanların yayılması riskini düzgün qiymətləndirib-qiymətləndirmədiyi və bu halların qarşısını almaq üçün effektiv tədbirlər görüb-görmədiyi yoxlanılacaq. Həmçinin bron və qonaq məlumatlarından istifadə etməklə həyata keçirilən fişinq hücumlarına qarşı müdafiə mexanizmləri nəzərdən keçiriləcək.

Komissiya, eyni zamanda, axtarış nəticələrində daha yuxarı mövqedə görünmək üçün əlavə komissiya ödəyən obyektlərin elanlarının reklam kimi aydın işarələnib-işarələnmədiyini araşdıracaq.

Qurumun məlumatına görə, mümkün pozuntular Aİ-nin Rəqəmsal Xidmətlər Aktının sistemli risklərin azaldılması və reklam şəffaflığına dair tələblərinin pozulması ilə nəticələnə bilər.