Süni intellekt köpüyü ilə bağlı narahatlıqların artdığı bir vaxtda iqtisadçılar xəbərdarlıq edirlər ki, investorlar bumun digər zəif nöqtələrini nəzərdən qaçıra bilərlər.
“Çöküşə səbəb olacaq amilin mütləq bumun öz daxilindən qaynaqlanması vacib deyil. Bu, xarici amil də ola bilər”, Business Insider-in istinad etdiyi ekspertlər bildiriblər.
Onların sözlərinə görə, sektorda gəlirlərin artımının əhəmiyyətli hissəsi hələ də süni intellekt xidmətləri üçün ödəniş edən şirkət və istehlakçılardan deyil, süni intellekt ekosisteminin öz daxilindəki xərclərdən qaynaqlanır.
“Əsas sual budur ki, bu gəlirlər ekosistemdən kənardakı şirkətlərdən və son istifadəçilərdən, ehtimal ki, məhsuldarlığı artıran alətlərə görə ödənişlərdən daxil olur, yoxsa söhbət sadəcə kapital xərclərinin təkrar dövriyyəsindən gedir”, ekspertlər qeyd ediblər.
Bu xəbərdarlıq çip istehsalçılarının səhmlərində baş verən son satış dalğasından sonra səsləndirilib. Həmin ucuzlaşma süni intellekt infrastrukturu üçün çəkilən nəhəng xərclərin özünü doğruldub-doğrultmayacağı ilə bağlı narahatlıqları artırıb. Ötən həftə Filadelfiya Yarımkeçiricilər İndeksi 11 faizdən çox geriləyib, oktyabrın 19-u, bazar ertəsi isə itkilərinin 2 faizini bərpa edib.
Potensial risklərdən biri böyük texnologiya şirkətlərindən kənarda yığılan borcdur. Microsoft, Amazon və Google kimi hiperskeyler güclü maliyyə balansına malik olsalar da, daha kiçik bulud xidməti provayderləri, model tərtibatçıları və infrastruktur təchizatçıları borclanmanı artırırlar.
Ekspertlərin hesablamalarına görə, süni intellekt ekosisteminin bəzi hissələrində borcun həcmi 2027-ci ilin sonunadək 2 trilyon dollara çata bilər. Onlar süni intellektlə bağlı borcları sistemli maliyyə riski hesab etməsələr də, zəif nəticələrin və ləğv edilən sifarişlərin bütün ekosistemə təsir göstərə biləcəyi barədə xəbərdarlıq edirlər. Hətta böyük pul ehtiyatlarına malik hiperskeyler də məlumat mərkəzlərinin icarə müqavilələrini uzatmamaq qərarına gələ bilərlər. Bu isə maliyyə baxımından daha zəif şirkətləri həssas vəziyyətdə qoya bilər.
Digər risk çip artıqlığının gözlənilmədən yaranmasıdır. Məlumata görə, şirkətlər mümkün qıtlıqdan qorunmaq üçün ehtiyaclarından artıq yarımkeçirici sifariş edirlər. Tələbat zəifləyərsə, bu, bazarda həddindən artıq təklif yarada bilər.
“Unutmayaq ki, söhbət dövriliyi və qamçı effektinə meyilli olması ilə tanınan texnoloji avadanlıq və çiplərdən gedir”, ekspertlər bildiriblər.
Yüksək faiz dərəcələri də süni intellekt investisiyalarının iqtisadi səmərəliliyini daha da zəiflədə bilər. Bu risk genişlənməni maliyyələşdirmək üçün borclanmadan asılı olan şirkətlərə xüsusilə aiddir.
Ekspertlər korporativ gəlirlərlə az əlaqəsi olan başqa bir potensial amil də görürlər. Söhbət siyasi reaksiyadan gedir.
“Sosial şəbəkələrdəki süni intellekt həvəskarları köpük içində yaşayırlar. Onlar adi insanların süni intellekti sevmədiyini anlamırlar. İnsanlar onu faydalı hesab etmir, məlumat mərkəzlərinin yaxınlığında yaşamaq istəmir və iş yerləri ilə bağlı narahatlıq keçirirlər. Üstəlik, həmin insanlar səs verirlər”, ekspertlər vurğulayıblar.