İraq və Oman sahillərində iki tanker vurulub

İraq və Oman sahillərində iki tanker naməlum mərmilərlə vurulub.

Bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb.

Qeyd olunub ki, birinci hadisə oktyabrın 20-də İraqın Fao limanından 30 dəniz mili cənub-şərqdə baş verib. Naməlum mərmi tankerlərdən birinə dəyib. Ekipaj üzvlərinin vəziyyətinin yaxşı olduğu, hər hansı zərər və ya ətraf mühitə təsir barədə məlumat daxil olmadığı bildirilib.

Digər hadisə isə Hörmüz boğazına yaxın, Oman ərazisində yerləşən Buxə şəhərindən 11 dəniz mili qərbdə qeydə alınıb. Naməlum mərminin tankeri vurması nəticəsində baş verən yanğının söndürüldüyü bildirilib. Tankerin hazırda olduğu yerdə lövbər saldığı və bütün ekipaj üzvlərinin təhlükəsiz olduğu qeyd edilib.