Bakıda bu binalar zəlzələyə davam gətirməyə bilər - SON DƏQİQƏ AÇIQLAMASI

“Bakının seysmik təhlükəsizliyi ilə bağlı Yaponiya mütəxəssislərilə birgə aparılan qiymətləndirmə işlərinin gələn ilin fevralında başa çatdırılması gözlənilir”.

Bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli “Azərbaycanda seysmologiya elminin inkişafı: proqnozlaşdırmadan akademik tədqiqatlaradək” mövzusunda keçirilən konfransda deyib.

Layihə çərçivəsində binaların yerləşdiyi ərazilər barədə məlumat bazası yaradılır. Bu baza ərazilərin geoloji və seysmik xüsusiyyətlərini müəyyənləşdirməyə imkan verəcək. Tədqiqatın nəticələri paytaxtda zəlzələ risklərinin qiymətləndirilməsi və binaların təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır.

Bəs bu araşdırma Bakıda hansı ərazilərin daha riskli olduğunu üzə çıxaracaq? Şəhərdəki binaların zəlzələyə davamlılığı ilə bağlı hansı nəticələr gözlənilir?

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Musavat.com-a müsahibəsində bildirib ki, Bakının seysmik mikrorayonlaşdırılması üzrə tədqiqatlar genişmiqyaslı iş olduğundan proses vaxt tələb edir. Onun sözlərinə görə, araşdırma yalnız seysmoloji məlumatların toplanması ilə məhdudlaşmır, müxtəlif qurumların təqdim etdiyi məlumatların, yeraltı kommunikasiya xətlərinin və torpaq nümunələrinin də öyrənilməsini əhatə edir:

“Məsələ hələ yekunlaşmayıb. Elə bu gün Yaponiyaya gedirəm, çünki həmin mütəxəssislərlə birgə bu işləri aparırıq. Müəyyən məsələlər var ki, burada yerində araşdırılmalı, bəziləri isə orada müzakirə edilməli və öyrənilməlidir. Görüşlərimiz olacaq. Söhbət Bakının seysmik mikrorayonlaşdırılması xəritəsinin hazırlanmasından gedir. Bu iş Fövqəladə Hallar Nazirliyinin sifarişi əsasında həyata keçirilir və təhlükəli zonaların müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir. Zəlzələ baş verəcəyi təqdirdə hansı ərazilərin daha çox risk altında ola biləcəyini müəyyənləşdirmək lazımdır”.

Qurban Yetirmişli xəritənin hazırlanmasının hansı səbəbdən yubanması məsələsinə də aydınlıq gətirib:

“Bu məsələnin hər dəfə uzanmasının səbəbi işin mürəkkəbliyidir. Burada təkcə seysmologiya qurumunun işi nəzərdə tutulmur. Şəhərsalma ilə məşğul olan qurumların, su, qaz və elektrik təchizatı təşkilatlarının məlumatları da toplanmalıdır. Quyular qazılır, nümunələr götürülür və araşdırılır. Bu, kabinetdə oturub şəkil çəkmək deyil. Ərazi 250 metrlik kvadratlara bölünür və hər bir sahədə tədqiqat aparılır. Bu, böyük zəhmət və vaxt tələb edən işdir. Fevral ayına qədər nəticələri hazırlayıb təqdim edə bilsək, bu, böyük nailiyyət olacaq”.

Q.Yetirmişli bildirib ki, tədqiqat zamanı yalnız ərazilərin geoloji və seysmik xüsusiyyətləri deyil, orada yerləşən binaların vəziyyəti də nəzərə alınacaq:

“Əlbəttə, binaların dayanıqlılığı ilə bağlı nəticələr də əldə olunacaq. Mən yeni tikililərdən danışmıram, köhnə binalar da var və onların vəziyyətini bilmək lazımdır. Zəlzələ baş verəndə binanın yeni və ya köhnə olmasını deməklə kifayətlənmək olmaz. Onların hamısı nəzərə alınmalı, hesablamalar aparılmalı, dayanıqlılığı qiymətləndirilməlidir. Binanın hansı materialdan tikildiyi, neçənci ildə inşa olunduğu, istismar müddəti və zəlzələyə davamlılığı araşdırılmalıdır. Bundan başqa, yeraltı kommunikasiya xətləri, su və boru kəmərləri, kanalizasiya, qaz və elektrik infrastrukturu da nəzərə alınmalıdır. Bütün bunlar hesablanmalı və qiymətləndirilməlidir. Seysmik təhlükənin qiymətləndirilməsi elə-belə, sadəcə zəlzələnin baş verib-verməməsi ilə bağlı məsələ deyil. Burada çoxsaylı amillər araşdırılmalıdır”.

Baş direktor yeni tikilən çoxmərtəbəli binaların seysmik dayanıqlılığı ilə bağlı suala cavabında isə qeyd edib ki, bu məsələlər tikinti layihəsi hazırlanarkən nəzərə alınmalıdır:

“Yeni binaların dayanıqlılığına gəlincə, bina layihələndirilməzdən əvvəl ərazinin seysmik xüsusiyyətləri müəyyən olunur. Bundan sonra binanın hansı seysmik təsirlərə davam gətirməli olduğu və necə tikilməli olduğu layihədə nəzərə alınır. Mənim diqqət çəkdiyim əsas məsələ köhnə binalardır. Onların vəziyyəti yoxlanılmalı və dayanıqlılığı qiymətləndirilməlidir”.

Qurban Yetirmişli şəhərin tikinti və şəhərsalma siyasətində zəlzələ risklərinin azaldılması üçün hansı dəyişikliklərin edilməli olduğu barədə suala münasibət bildirərkən bu məsələnin aidiyyəti üzrə şəhərsalma qurumlarına ünvanlanmalı olduğunu deyib.

O, tədqiqatın əhatə dairəsinə də aydınlıq gətirib:

“Hələlik birinci mərhələdə Bakı şəhəri və Sumqayıt da daxil olmaqla Böyük Bakı ərazisi nəzərdə tutulur. Sonrakı mərhələlərdə digər ərazilərlə bağlı məsələlər ayrıca nəzərdən keçirilə bilər”.