“Tramp Zəngəzur dəhlizinin açılmasına şahidlik etməyəcək. Çünki...” – Zaur Məmmədov

Ermənistanın yeni konstitusiyasının qəbulu məsələsi Azərbaycanla sülh müqaviləsinin imzalanması perspektivi baxımından diqqət mərkəzində qalır.

Ermənistan Baş naziri Nikol Paşinyanın 2031-ci illə bağlı açıqlaması və ölkədə konstitusiya dəyişiklikləri ətrafında müzakirələr sülh prosesinin gələcək mərhələləri ilə bağlı bir sıra suallar yaradır.

Bəs, yeni konstitusiyanın qəbulu istiqamətində atılacaq addımlar sülh müqaviləsinin imzalanma müddətinə və tərəflər arasında danışıqların gedişinə necə təsir göstərə bilər?

Mövzu ilə bağlı Moderator.az-a Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov açıqlama verib.

Politoloq bildirib ki, Ermənistan tərəfi Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatdan sonra vaxtı uzatmaqla məşğul olduğu kimi, hazırda da faktiki olaraq eyni siyasəti davam etdirir:

"Vaşinqton sazişindən sonra Ermənistanın baş naziri Nikol Paşinyan nə Zəngəzur dəhlizinin açılması, nə də yeni konstitusiyanın qəbulu istiqamətində əməli addımlar atıb.

Gəlin faktlara nəzər salaq. Düzdür, Zəngəzur dəhlizi ilə bağlı Tramp Plus konsorsiumu yaradılıb və Rusiya əsilli amerikalı biznesmenlə Ermənistan ərazisindəki müxtəlif zavod və fabriklərin alqı-satqısı ilə bağlı işlər görülüb.Tramp Plus konsorsiumunun pay sahibləri artıq bəllidir.

Lakin bu, məsələnin bir tərəfidir. Dəmir yolunun açılması istiqamətində Rusiya ilə "paslaşma" davam edir və məsələ hələ də həllini tapmayıb".

Zaur Məmmədov vurğulayıb ki, eyni zamanda, avtomobil yolunun açılması istiqamətində də gecikmələrin şahidi oluruq:

"Belə ki, heç olmasa, avtomobil yolunun tikintisinə başlanılması istiqamətində Ermənistan hökuməti tərəfindən heç bir addım atılmayıb.

Bundan əlavə, sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın əsas şərtlərindən biri olan yeni konstitusiya məsələsi də həllini tapmayıb.

2026-cı ildə bir neçə dəfə konstitusiyanın mətninin açıqlanacağı barədə bəyanatlar verilsə də, seçkilərdən sonra da mətnin açıqlanmasının şahidi olmadıq.

Referendumun keçirilməsi ilə bağlı isə heç bir məlumat yoxdur. Bütün bunların fonunda Nikol Paşinyan müxtəlif regional və beynəlxalq dairələrlə separat danışıqlar aparmağa cəhd göstərir, Ermənistan üçün hazırda vacib olan məsələlərin həllinə yönəlmiş addımlar atmağa davam edir.

Təbii ki, bu addımların bəzilərinin atılması Ermənistanın qarşısında duran əsas məsələlərin həllini sürətləndirmək əvəzinə, prosesin daha da uzanmasına gətirib çıxara bilər.

Yeri gəlmişkən, bu fonda Ermənistan ordusunun silahlanmasının da şahidi oluruq. Məlum məsələdir ki, Ermənistan hansı silahları almasından asılı olmayaraq, nə Türkiyə, nə Rusiya, nə də İran ordusu ilə müqayisə edilə biləcək hərbi gücə malikdir.

Deməli, bu silahlanma Azərbaycana qarşı mümkün müharibə şəraitində hərbi potensialın artırılması deməkdir. Həmin silahlara nəzər saldıqda isə onların arasında təkcə müdafiə xarakterli deyil, hücum xarakterli silahların da olduğunu görürük.

Bir sözlə, Nikol Paşinyan Vaşinqton sazişinə riayət etmir və Donald Tramp qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmir. Nəticə etibarilə məndə belə bir təəssürat yaranıb ki, Donald Tramp Zəngəzur dəhlizinin açılmasının şahidi olmayacaq.

2031-ci il artıq Trampdan sonrakı dövrə təsadüf edir. Beləliklə, Ermənistanın və Nikol Paşinyanın yürütdüyü siyasətdə erməni hiyləsini açıq şəkildə görmüş oluruq".

Pərvin Şakirqızı

Moderator.az/ Redaktor