Mina partlayışlarından necə qorunmalı? – Qarabağa gedənlər üçün vacib xəbə…

İşğaldan azad olunmuş ərazilərə dövlət qurumları, media nümayəndələri, humanitar təşkilatlar və özəl şirkətlər tərəfindən səfərlər intensiv xarakter alıb. Bununla yanaşı, müharibədən sonrakı dövrdə mina partlayışları nəticəsində çoxsaylı Azərbaycan vətəndaşı həlak olub və ya xəsarət alıb. Təşkil edilən səfərlərdə təhlükəsizlik tədbirlərinin necə təmin edilməsi və fərdi səfərlər zamanı risklərin niyə daha yüksək olması məsələsi aktuallıq kəsb edir. Bu baxımdan, mina təhlükəsinin qarşısının alınması üçün mövcud təcrübənin öyrənilməsi və vətəndaşların təhlükəsizliyinin gücləndirilməsi vacibdir. Kütləvi səfərlər zamanı təhlükəsizlik necə təmin olunur və bu təcrübədən fərdi səfərlərdə istifadə etmək mümkündürmü? İşğaldan azad olunmuş ərazilərdə mina təhlükəsi daha çox hansı bölgələrdə müşahidə olunur və riskləri azaltmaq üçün hansı tədbirlər görülməlidir?

Mövzu ilə bağlı Medianews.az-a açıqlama verən “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov bildirib ki, işğaldan azad edilmiş ərazilərə qayıdan insanların mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə məlumatlandırılması mühüm əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, rəhbərlik etdiyi təşkilat “İşğaldan azad edilmiş ərazilərə geri qayıdan insanların mina və partlamamış hərbi sursat təhlükəsinə dair maarifləndirilməsi” layihəsinin icrasını yekunlaşdırır:

“Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə Qarabağ Dirçəliş Fondunun, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) tərəfdaşlığı ilə keçirilən qrant müsabiqəsi çərçivəsində həyata keçirilir. Layihənin əsas məqsədi Xocavənd, Cəbrayıl, Zəngilan, Laçın, Şuşa və Kəlbəcər rayonlarına daimi yaşamaq üçün qayıdan keçmiş məcburi köçkünləri, eləcə də həmin ərazilərdə işləyən və təhsil alan şəxsləri mina və partlamamış hərbi sursatların təhlükələri barədə məlumatlandırmaq, partlayış risklərini azaltmaq və onlarda təhlükəsiz davranış vərdişləri formalaşdırmaqdır”.

H. Səfixanov qeyd edib ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərdə yenidən tikilən və bərpa olunan şəhər və kəndlərə qayıdışı davam edir:

“Bu baxımdan, həmin ərazilərdə yaşayan və fəaliyyət göstərən insanların təhlükəli vəziyyətlə qarşılaşdıqda necə davranmalı olduqlarını, şübhəli əşyalar aşkar etdikdə hansı dövlət qurumlarına müraciət etməli olduqlarını bilmələri vacibdir. Keçmiş məcburi köçkünlərin böyük əksəriyyəti işğal dövründə ölkənin müxtəlif bölgələrində məskunlaşdıqlarından mina təhlükəsi ilə bağlı maarifləndirmə tədbirlərinə ilk dəfə cəlb olunublar. Buna görə də onların təhlükəsizlik qaydaları barədə məlumatlandırılması xüsusi əhəmiyyət kəsb edir”.

Hafiz Səfixanovun sözlərinə görə, maarifləndirmə tədbirləri Kəlbəcər, Şuşa, Cəbrayıl və Xocavənd şəhərlərində, Laçın rayonunun Bəylik, Sus və Zabux kəndlərində, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi və Xanoba kəndində, eləcə də Zəngilan rayonunun Ağalı kəndində təşkil olunub:

“Tədbirlərdə geri qayıdan keçmiş məcburi köçkünlər, müəllimlər, şagirdlər, Fövqəladə Hallar Nazirliyinin və polis orqanlarının əməkdaşları, otel tikintisində çalışan mühəndis və fəhlələr iştirak ediblər. Həmçinin Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin və müvafiq rayonlarda fəaliyyət göstərən Bərpa, Tikinti və İdarəetmə Xidmətlərinin əməkdaşları da tədbirlərə qatılıblar”.

O qeyd edib ki, ümumilikdə maarifləndirmə tədbirlərində 691 nəfər iştirak edib və onların hər birinə layihə çərçivəsində hazırlanmış buklet təqdim olunub:

“Tədbirlər zamanı iştirakçılara ölkədə minaların yaratdığı problemlər, minatəmizləmə əməliyyatları və mina qurbanları barədə məlumat verilib. Təlimçilər isə mina növləri, tələ və sürpriz minalar, partlamamış hərbi sursatlar, təhlükəli ərazilərin əlamətləri, şübhəli əşya aşkarlandıqda düzgün davranış qaydaları, aidiyyəti qurumların məlumatlandırılması və təhlükəsizlik vərdişləri haqqında ətraflı izahat veriblər. Tədbirlərin sonunda iştirakçıların sualları cavablandırılıb”.