ING Azərbaycanın cari əməliyyatlar hesabının profisiti üzrə 2029-cu ilədək olan proqnozunu açıqlayıb

Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının profisitinin 2026-cı ildə 9 milyard ABŞ dolları səviyyəsində olacağı gözlənilir və bu da ÜDM-in 11 %-ni təşkil edəcək.

Niderlandın ən böyük bank qrupu olan “ING Group”un məlumatında bildirilir ki, 2027-ci ildə profisit 4,9 milyard ABŞ dolları (ÜDM-in 5,6 %-i), 2028-ci ildə isə 4,3 milyard ABŞ dolları (ÜDM-in 4,5 %-i) təşkil edəcək.

Bildirilib ki, neft kotirovkalarının artması 2025-ci ildə qeydə alınan mənfi tendensiyaların əsas hissəsini neytrallaşdıraraq xarici sektorun perspektivlərini əhəmiyyətli dərəcədə gücləndirib: “Neftin qiymətinin hər barel üçün 10 ABŞ dollarına artmasının illik ixracın ÜDM-in təxminən 4 %-i qədər artmasına səbəb olduğunu nəzərə alsaq, proqnozlaşdırılan 2026-cı ildə cari əməliyyatlar hesabının müsbət saldosu ÜDM-in 10 %-ni aşa bilər. Bununla yanaşı, ÜDM-in 115 %-nə çatan ölkənin suveren aktivləri davamlı artım nümayiş etdirir və mümkün xarici sarsıntılara qarşı etibarlı qalxan formalaşdırır. Bu ehtiyat buferləri hələ də manatın fiksasiyası və ümumi makroiqtisadi sabitliyin qorunub saxlanılması üçün əsas dayaq rolunda çıxış edir”.

Hesabatda qeyd edilib ki, bununla belə, uzunmüddətli perspektivdə karbohidrogen hasilatı həcmlərinin azalması və ixrac səbətinin kifayət qədər şaxələndirilməməsi təhlükələri, görünür ki, xarici ticarət balansının profisitini tədricən məhdudlaşdıracaq: “Azərbaycan xarici iqtisadi parametrlərə görə regionun ən dayanıqlı dövlətlərindən biri kimi mövqeyini qoruyub saxlayır. Baxmayaraq ki, xammal sektorundan asılılıq əvvəlkitək onun ortamüddətli inkişaf trayektoriyasını formalaşdırır”.