Avropa biznesi Azərbaycanı tranzit dəhlizlərinə təhlükəsiz alternativ kimi nəzərdən keçirir

Avropa biznes icması Azərbaycanı Avropa və Asiyanı birləşdirən digər tranzit marşrutlarına alternativ ola biləcək daha etibarlı nəqliyyat dəhlizi kimi qiymətləndirir.

Bunu Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Biznes Forumunun 2024–2026-cı illər üzrə qrup rəhbəri Aytən Axundova "EU Business Climate Report Azerbaijan 2025/2026" hesabatını təqdim edərkən bildirib.

Onun sözlərinə görə, şirkətləri cəlb edən əsas amil Azərbaycanın qitələrin kəsişməsində yerləşməsidir: "Bu mövqe Avropa ilə Asiya arasında Rusiyadan və digər dövlətlərdən keçən marşrutlara alternativ ola biləcək daha təhlükəsiz dəhliz kimi nəzərdən keçirilir. Orta Dəhlizin hələ ki, tam gücü ilə fəaliyyət göstərməməsinə və onunla yük daşımalarının alternativ istiqamətlərlə müqayisədə daha çox vaxt tələb etməsinə baxmayaraq, Avropa şirkətləri yenə də onu etibarlı və təhlükəsiz alternativ kimi qiymətləndirirlər".

Ekspert vurğulayıb ki, Orta Dəhlizə artan maraq regionun logistika sahəsinə xeyli sayda beynəlxalq və yerli tərəfdaşların cəlb olunmasına təkan verir.

Bununla yanaşı, o, bir sıra ləngidici halların və infrastruktur çətinliklərinin mövcudluğuna diqqət çəkib: "Xüsusən də, maliyyə resurslarının çatışmazlığı və marşrutun ayrı-ayrı hissələrinin qeyri-bərabər inkişafı əsas çağırışlar sırasındadır. Mövcud vəziyyəti resursların və infrastrukturun kifayət qədər olması baxımından qiymətləndirsək, hələ ki, onlar tam şəkildə təmin edilməyib. Qarşıda görüləcək xeyli iş var. Məsələn, rəqəmsallaşdırma artıq kifayət qədər fəal şəkildə həyata keçirilir, Qazaxıstan və Azərbaycan arasındakı sərhəd-keçid məntəqəsinin modernləşdirilməsi aparılır. Lakin Gürcüstan hissəsində hələ ki, müəyyən geri qalma qeydə alınır".

A.Axundova Avropa İttifaqının dəhliz boyunca yerləşən ölkələrlə əməkdaşlığı, eləcə də logistika proseslərinin koordinasiyasını əhəmiyyətli dərəcədə gücləndirdiyinə diqqət çəkib: "Bütün bunlar biznes üçün ciddi perspektivlərin mövcudluğuna dair əhəmiyyətli bir siqnal rolunu oynayır. Mövcud çətinliklərə baxmayaraq, Avropa şirkətləri regionun strateji potensialını anlayır və Azərbaycandakı mövqelərini genişləndirməyə davam edirlər".