Səfir: "Avropa investisiyalarının Azərbaycanın strateji sektorlarına cəlb edilməsi üzərində işləyirik"

Avropa İttifaqı (Aİ) Nümayəndəliyi və Brüsseldəki Avropa Komissiyası Avropanın özəl investisiyalarının Azərbaycanın strateji sektorlarına cəlb edilməsinə dəstək göstərilməsi üzərində işləyir.

Report-a istinadən, bu barədə Aİ-nin Azərbaycandakı səfiri Mariyana Kuyundziç Bakıda keçirilən Aİ-Azərbaycan biznes forumunda bildirib.

"Biz yaxşı başa düşürük ki, investisiyalar üçün proqnozlaşdırıla bilən şərait və bərabər rəqabət şərtləri Azərbaycana investisiya yatırmaqda maraqlı olan Avropa şirkətləri üçün xüsusi əhəmiyyət kəsb edir", - o qeyd edib.

Səfirin sözlərinə görə, oktyabrın əvvəllərində Avropa Komissiyası Brüsseldə Avropa işgüzar assosiasiyalarının iştirakı ilə təmiz enerji məsələlərinə dair Aİ-Azərbaycan dəyirmi masası təşkil edib: "Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşı olaraq qalır, energetika isə əməkdaşlığımızda əvvəlkitək mərkəzi rol oynayır. Azərbaycan, xüsusən də Cənub Qaz Dəhlizi sayəsində Aİ üçün mühüm enerji resursları tədarükçüsüdür".