ABŞ-ın aparıcı maliyyə qruplarından biri olan “JPMorgan Chase” ilk dəfə bitkoini uzunmüddətli kapital bazarı proqnozlarına daxil edib. Bankın aktivlərin idarə edilməsi bölməsi növbəti 10–15 il ərzində kriptovalyutanın orta illik gəlirliliyinin 10% təşkil edəcəyini gözləyir.
Bu barədə ABŞ-ın biznes və maliyyə xəbərləri üzrə ixtisaslaşmış “Bloomberg” agentliyi “JPMorgan Asset Management”in 2027-ci il üzrə uzunmüddətli kapital bazarı proqnozlarına istinadən məlumat yayıb.
Bankın baza ssenarisinə əsasən, bitkoinin gözlənilən gəlirliliyi ABŞ-ın iri şirkətlərinin səhmləri, istiqrazlar və qızıl üzrə proqnozları üstələyir.
“JPMorgan” ABŞ-ın iri şirkətlərinin səhmləri üzrə orta illik gəlirliliyi 7,5%, qızıl üzrə isə 5,5% səviyyəsində proqnozlaşdırır.
Lakin bitkoinin yüksək volatilliyi onun investisiya portfellərində geniş istifadəsini məhdudlaşdırır.
Bankın hesablamalarına görə, bitkoinin illik qiymət dəyişkənliyi 55%-ə çata bilər. Bu, ABŞ-ın iri şirkətlərinin səhmləri üçün gözlənilən volatillikdən üç dəfədən çox yüksəkdir.
Analitiklər hesab edirlər ki, kriptovalyutanın yüksək gəlirlilik potensialına baxmayaraq, kəskin qiymət dəyişmələri riskə uyğunlaşdırılmış gəlirliliyi zəiflədə bilər.
Bundan əlavə, bitkoinin digər aktivlərlə korrelyasiyasının qeyri-sabit olması onun investisiya portfellərinin diversifikasiyası üçün etibarlı alət kimi qiymətləndirilməsini çətinləşdirir. Bu səbəbdən “JPMorgan” kriptovalyutanı hələlik əsas investisiya portfeli modellərinə daxil etməyib.
Bankın pessimist ssenarisində bitkoinin orta illik gəlirliliyi mənfi 9,7%, optimist ssenarisində isə müsbət 17% qiymətləndirilir.
“JPMorgan”ın hesabatında süni intellektin tətbiqi, texnoloji inkişaf və məhsuldarlığın yüksəlməsinin qarşıdakı illərdə qlobal iqtisadi artıma və maliyyə bazarlarının gəlirliliyinə təsiri də vurğulanır.
Bankın 31-ci illik hesabatı 200-dən çox aktiv sinfini əhatə edir və növbəti 10–15 il üçün investisiya risklərini və gəlirlilik imkanlarını qiymətləndirir.