"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas futbolçuları ilə fəxr edir.
Bunu adıçəkilən klubun baş məşqçisi UEFA Çempionlar Liqasının əsas mərhələsində Almaniya təmsilçisi "Borussiya"ya (Dortmund) qarşı keçirdikləri matçdan sonra mətbuat konfransında bildirib.
Mütəxəssis məğlub olduqları qarşılaşmanı şərh edib:
"Rəqib komanda çox keyfiyyətli futbolçulardan təşkil olunub. Bəzən yaxşı futbol oynaya bilərsən, lakin rəqibin gücündən çox şey asılıdır. Matç ərzində çox yaxşı qol vəziyyətləri yaratdıq, hücumda yaxşı çıxış etdik. Təəssüf ki, son nəticədə bacarmadıq. Futbolçularımla fəxr edirəm. Onlar çox gözəl oyun nümayiş etdirdilər".
O, rəqib komandanı qələbə münasibətilə təbrik etdiyini söyləyib:
"Borussiya", həqiqətən, güclü futbol nümayiş etdirdi. Onlar 3:1, hətta 4:1 hesablı qələbə qazana bilərdilər. Lakin biz buna imkan vermədik. Hətta qarşılaşmanın sonlarında hesabı bərabərləşdirmək üçün şanslarımız var idi. Bura Çempionlar Liqasıdır, oyunlar çox çətin keçir".
Qeyd edək ki, "Sabah" - "Borussiya" matçı Almaniya kollektivinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.