İspaniya Ali Məhkəməsi oktyabrın 19-da Kataloniya vilayətinin keçmiş hökumət başçısı Karles Puçdemonun həbsinə dair orderi ləğv edib. Vaxtilə Kataloniyanın İspaniyadan ayrılmasını müdafiə edən Puçdemon doqquz illik mühacirətdən sonra vətəninə qayıda biləcək.
İspaniya hakimiyyəti 2017-ci ildə, Puçdemon Kataloniyanın müstəqilliyi ilə bağlı referendum keçirəndən sonra onun həbsi barədə order çıxarmışdı. Referendum iştirakçılarının 90 faizindən çoxu müstəqilliyə səs versə də, Madrid bu səsverməni qanunsuz elan etmiş, Puçdemon və bir sıra kataloniyalı siyasətçilər isə qiyamda ittiham olunmuşdular.
Həmin vaxt İspaniyadan qaçan Puçdemon doqquz ildən çox Avropanın digər ölkələrində, əsasən də Belçikada yaşayıb. 2024-cü ildə o, gözlənilmədən İspaniyaya gələrək çoxsaylı tərəfdarları qarşısında çıxış edib. Lakin polis onun ölkəyə necə daxil olduğunu və sonradan oradan necə uzaqlaşdığını müəyyənləşdirə bilməyib.
Həmin il İspaniyada hökumət dəyişikliyindən sonra Kataloniyanın ayrılmasını dəstəkləyən bir çox siyasətçi və fəal üçün amnistiya elan olunsa da, bu qərar Puçdemona və onun hökumətinin iki nazirinə – Luis Puç və Toni Kominə şamil edilməmişdi. Ali Məhkəmənin son qərarı isə onların hər üçünü cinayət təqibindən azad edir.
Puçdemon dəfələrlə bəyan edib ki, barəsindəki cinayət təqibinə xitam verilərsə, İspaniyaya qayıdacaq. O, Kataloniyada yenidən aktiv siyasətə qoşulmaq ehtimalını da istisna etməyib.