Paris polis prefekturası həftəsonu baş verən kütləvi iğtişaşlardan sonra paytaxtın bir sıra rayonlarında komendant saatının uzadıldığını rəsmən elan edib.
Qurumun "X" sosial şəbəkə hesabında yayımlanan qısa açıqlamada təhlükəsizlik tədbirləri nəticəsində ictimai asayişin bərpa olunduğu, lakin məhdudiyyətlərin zərurət yarandığı müddətdə qüvvədə qalacağı bildirilib.
Bu dəfə Parisdə komendant saatı bir saat gec - yerli vaxtla saat 23:00-da (Bakı vaxtı ilə saat 01:00-da) başlayacaq və çərşənbə günü səhər saat 06:00-dək (Bakı vaxtı ilə saat 08:00-dək) davam edəcək.
Fransanın Baş naziri Sebastyen Lekornyu ölkənin digər şəhər və kommunalarında, o cümlədən Marsel və Bordoda da oxşar məhdudiyyətlərin tətbiq ediləcəyini bildirib.
Xatırladaq ki, həftəsonu Fransada yanacağın qiymətinin artmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına etiraz olaraq keçirilən kütləvi aksiyalar sərt toqquşmalarla nəticələnib. Ədliyyə naziri Jerald Darmanenin məlumatına görə, oktyabrın 17-də baş verən iğtişaşlar zamanı təxminən 3 000 mağaza talan edilib, 2 500-dən çox şəxs saxlanılıb.