Dünyanın ən sürətlə böyüyən şəhərləri - Siyahı

“World Population Review” təşkilatının 2026-cı il üzrə dərc etdiyi son hesabat qlobal demqrafik mənzərədə ciddi dəyişikliklərin baş verdiyini ortaya qoyub.

Təhlillərə əsasən, dünyanın ən sürətlə böyüyən şəhərlərinin mütləq əksəriyyəti Asiya və Afrika qitələrinin payına düşür.

İllik əhali artımı göstəricilərinə görə Hindistanın Dehli yaxınlığında yerləşən Qaziabad şəhəri 5,2% artımla dünyada birinci sıraya yüksəlib. İkinci yeri 4,99% göstərici ilə Hindistanın digər şəhəri Surat, üçüncü yeri isə 4,74% artımla Əfqanıstanın paytaxtı Kabil tutub.

Nigeriyanın Laqos şəhəri 4,44% artımla dördüncü olub. Meksikanın Toluka şəhəri (4,25%) isə Asiya və Afrikadan kənarda yerləşərək ilk 10-luğa daxil ola bilən yeganə məkan kimi diqqət çəkib.

Beşillik artım dinamikasına baxdıqda isə Hindistanın Kerala əyalətindəki Malappuram şəhəri 44%-lik göstərici ilə rekord vurub.

Dünyanın ən çox əhalisi olan nəhəng meqapolislərin reytinqində də tarixi dəyişiklik qeydə alınıb. İndoneziyanın paytaxtı Cakarta 41,9 milyon nəfərlik əhalisi ilə uzun illər liderliyi əlində saxlayan Tokionu keçərək birinci yerə qalxıb.

Dünyanın ən çox əhalisi olan 20 şəhərinin tam siyahısı:

1. Cakarta, İndoneziya - 41,9 milyon,

2. Dəkkə, Banqladeş - 36,6 milyon,

3. Tokio, Yaponiya - 33,4 milyon,

4. Dehli, Hindistan - 30,2 milyon,

5. Şanxay, Çin - 29,6 milyon,

6. Quançjou, Çin - 27,6 milyon,

7. Qahirə, Misir - 25,6 milyon,

8. Manila, Filippin - 24,7 milyon,

9. Kəlküttə, Hindistan - 22,6 milyon,

10. Seul, Cənubi Koreya - 22,5 milyon,

11. Kəraçi, Pakistan - 21,4 milyon,

12. Mumbay, Hindistan - 20,2 milyon,

13. San Paulo, Braziliya - 19 milyon,

14. Banqkok, Tayland - 18,2 milyon,

15. Mexiko, Meksika: 17,7 milyon,

16. Pekin, Çin - 17 milyon,

17. Lahor, Pakistan - 15,2 milyon,

18. İstanbul, Türkiyə - 15 milyon,

19. Moskva, Rusiya - 14,5 milyon,

20. Ho Şi Min, Vyetnam - 14,1 milyon.

Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatlarına görə, hazırda dünya əhalisinin 55%-i şəhərlərdə yaşayır və 2050-ci ilə qədər bu göstəricinin 68%-ə çatacağı gözlənilir. Qlobal şəhər əhalisi artımının 35%-nin yalnız üç ölkənin - Hindistan, Çin və Nigeriyanın payına düşəcəyi proqnozlaşdırılır.