Azərbaycana gətirilmiş ukraynalı uşaqlar müxtəlif ekskursiyalara cəlb edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Ukraynadan ölkəmizə gətirilmiş uşaqlarla bağlı həyata keçirilən reabilitasiya tədbirləri davam etdirilir.

Reabilitasiya proqramı çərçivəsində uşaqların asudə vaxtlarının səmərəli təşkili, onların ölkəmizin tarixi, mədəniyyəti və təbiəti ilə yaxından tanış olmaları məqsədilə Qəbələ və Şəki rayonlarına ekskursiyalar təşkil edilib.

Ekskursiyalar zamanı uşaqlar Qəbələdə Tarix-Diyarşünaslıq Muzeyini, Tufandağ İstirahət Kompleksini və Qəbələnd Əyləncə Mərkəzini, Şəkidə isə Xan Sarayını ziyarət ediblər. Proqram iştirakçılarının yaxın günlərdə digər bölgələrimizə səfərləri də nəzərdə tutulub.

Qeyd edək ki, 10 günlük sosial reabilitasiya proqramına cəlb edilən uşaqlarla sosial-psixoloji dəstək və sosial adaptasiya istiqamətində iş aparılır.