Türkiyənin Milliyyətçi Hərəkat Partiyası (MHP) sədrinin müavini Yaşar Yıldırım, Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin kəfən və tabut pulunu MHP-nin ödəməsi ilə bağlı iddialar səsləndirib. Bengü Türk televiziyasında çıxış edən Yaşar Yıldırım, 2000-ci ildə Elçibəy Ankarada GATA xəstəxanasında vəfat edərkən özünün MHP Ankara şəhər başçısı olduğunu xatırladıb.
O, həmin vaxt ona xəbər verildiyini, Elçibəyin cənazəsi üçün kəfən və tabutun olmadığını və bütün bu dəfn masraflarının MHP tərəfindən qarşılandığını iddia edib. Bu bəyanat həm Türkiyə, həm də Azərbaycan ictimaiyyətində, xüsusilə milliyyətçi və ülkücü kəsimlər arasında böyük narazılıq və kəskin reaksiyalara səbəb olub.
Bu iddialarla bağlı sabiq deputat, Əbülfəz Elçibəyin son günlərinədək onun yanında olmuş müavini, KXCP sədri Mirmahmud Mirəlioğlu Musavat.com-un suallarını cavablandırıb və mühüm açıqlamalar verib.
- Mirmahmud bəy, Yaşar Yıldırımın, Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin kəfən və tabut pulunu MHP-nin ödəməsi ilə bağlı iddialar barədə nə deyə bilərsiniz?
- Bir var ki, hər hansı bir hadisənin, hər hansı bir işin necə deyərlər, təşkilatçısı, icraçısı, bir də var o barədə informasiya yayan, reportaj hazırlayan müxbir və sair. Bunlar təbii ki, fərqlidir. Yəni adam bu mövzuda danışmağa indi özünə icazə verirsə, özündə söz deməyə haqq tapırsa, bu, onun özünün işidir. Amma bu, onun çapında həll olunan məsələ olmayıb. Bu məsələ birbaşa sayın Dövlət bəy Baxçalının nəzarətində olub və bu məsələdə də danışmağa haqqı olan adamların danışması daha doğrudur. Ona görə bu məsələni gündəmə gətirib, belə bir formada təqdim etmək etik baxımdan doğru deyil. Və nə yaxşı ki, adamlar hələ çox şey bilmirlər. Yəni bilsələr görəsən nə olardı? Eşitdiklərini və bir az da özünə məxsusluqla demək, xüsusilə də kövrək münasibətlər dövründə demək yenə də etik deyil. Təbii, bütün bunların hamısını onun öz vicdanına buraxıram.
- Yaşar Yıldırımla şəxsən tanışlığınız varmı?
- Şəxsi tanışlığım yoxdur. Kənardan - kənara tanıyıram. Ola bilsin ki, hardasa tədbirlərdə, xüsusilə də o zaman bəlkə daha çox görüşmüşük, görüşlərimizin sırasında olub, bu, ola bilər. Onda birbaşa işin sahiblərini tanımışam, o işdə iştirak eləyənləri, tapşırıq yerinə yetirənləri birbaşa və bu işdə iştirakçı olan nazirləri, digərlərini. Mən bu məsələdə münasibət bildirməyi, danışmağı özüm üçün ayıb hesab edirəm, etik saymıram.
- Amma türk dünyasının bir önəmli liderlərindən birinin, Azərbaycanın prezidenti olmuş şəxsin, milli azadlıq hərəkatının rəhbərinin dəfn - kəfən xərclərinin ödənilməsini bu şəkildə gündəmə gətirmək, müzakirə predmetinə çevirmək sizcə, hansı maraqdan irəli gələ bilər?
- Səviyyədən irəli gəlir, etik deyil, vəssalam. Başqa bir şey deyil. Yəni hər kəs nəsə danışır, deyir və daha çox birləşdirən məsələlərdən danışır. Bu məsələyə milli, mənəvi mövqedən yanaşır. Burada Azərbaycanın məşhur bir atalar sözü yada düşür: “Ağanın malı gedir, muzdurun canı çıxır”.
- Yəni bu xərclər çəkilib, amma bunun danışılması yersizdir, eləmi?
- Qardaş, onda gərək o zamanın Cümhurbaşqanı Əhməd Nəcət Sezər desin ki, məsələ belədir. Onda gərək başqa bir adam, məsələn, Baş Qərargah rəisi, ya da müdafiə naziri deməlidir ki, hərbi təyyarə ayırdım. Belə şeylər ayıbdır! O zaman bu məsələlərdən kifayət qədər xəbərdar olan, sonradan təhqiqat aparan adamlar, bu məsələyə işıq salan adamlar var və sair. Mən o zaman anlaqlı vəziyyətdə olmamışam. Bir cənazəni görmüşəm, bu barədə də danışmışam, zamanında müsahibələr vermişəm. Və bir Bəyin sistemdən, aparatdan ayrılması gözümün qabağından getmir. Təbii ki, Böyük Millət Məclisində vida mərasimi düzənlənməsi və digər məsələlər var. Səhəri günü mütləq və mütləq vida mərasimi olmalı idi. Bunların hamısında bir insanın çatdırıb iştirak eləyə biləcəyi qədər nə mümkün idisə, demək olar ki, hamısında iştirak eləmişəm. Yəni milli-dini ənənələrimizə uyğun olaraq da yuyulma və kəfənləmə məsələsində də, hamısını çatdırıb iştirak etmişəm. O zaman təbii, hər kəs öz bildiyini eləməlidir və bu işin bir yiyəsi var idi. Həm MHP genel başqanı, həm də hakimiyyət təmsilçisi - o zaman bilirsiniz ki, MHP hakimiyyətdə idi, Baş nazirin birinci mavini Dövlət bəy idi bu işlərin başında dayanan şəxs. Bu məsələlər hər hansı bir tapşırığı alıb, yerinə yetirən adamın çapında olan bir məsələ deyildi. Heç mənim də çapımda olan məsələ deyildi. Başqa məsələlər də var. Yəni həm dövlətlərarası münasibət var idi orada, həm partiyalararası, həm də dostluq-qardaşlıq münasibəti. Hər şey var idi. Amma indi durduğun yerdə birdən bu mövzuya qayıtmaq etik deyil. İndi adam belə məsləhət bilir, danışır, bu da onun haqqıdır. Nə demək olar? Demək olar ki, yox, bu məsələni sən yox, biz həll eləmişik? Ayıb olar. Amma bu onun nə çapındadır, nə də ona icazə verərdilər ki, bu işlə məşhur olsun. Nə üçün? Hakimiyyət bölgüsündə iştirak edirdilər. Bir neçə millət vəkili xüsusi olaraq bu məsələyə təhkim olunmuşdu. Bir neçə nazir birbaşa, yəni həm səhiyyə naziri - o şəxslərin əksəriyyəti dünyasını dəyişib - həm Osman Durmuş rəhmətlik, həm Enis Öksüz, nəqliyyat naziri, digərləri bu işdə var idilər. Onda deməli, mühasib də danışa bilər ki, mən filan qədər ayırdım, ayıb olur. Yaxud sürücü də danışa bilə, eləmi? Gərək bu məsələ ilə bağlı danışmağı adam özünə yaraşdırmazdı. Biz də yaraşdırmırıq, amma etirazım- filanım yoxdur. Adam bildiyini danışır, belə məsləhət görür, belə danışır. Danışsın. Amma orda, orda kimsənin şəxsi bir quruşu da yoxdur. Aydındırmı? Bu məsələlərin hamısı ölənlərinə rəhmət və Allah canına cansağlığı versin, hörmətli Dövlət Baxçalının nəzarətində və şəxsi büdcəsi, göstərişi ilə olan şeylərdir. Mən bunu sonra da maraqlanmışam, bilirəm. Əvvəldən də bunu bilirdim. Yəni orda bir dini cəhətdən də, mənəvi cəhətdən də, halallıq, digər məsələlər var. Və iştirakçıların da hamısını bilirəm. Hamısına da hər zaman təşəkkürümü, minnətdarlığımı bildirmişəm. İndi bu bəy də özünü yadına salır, bunları xatırlayır, ona da təşəkkür edirəm. Yeri gəlmişkən, mən bir neçə həkimlərlə - bir neçə il qabaq Türkiyədə müalicə alanda, təkrarən Gülhanə dövlət xəstəxanasında olan həkimlərlə görüşmüşəm. Həkimlərə, tibb bacılarına, əməyi keçən hər kəsə, başda Dövlət Baxçalı, o zamanın hakimiyyət üzvlərinə, dünyasını dəyişənlərə Allahdan rəhmət, qalanlara uzun ömür, can sağlığı, təşəkkür və minnətdarlığımı bildirirəm öz adımdan, ailəm adımdan, təşkilatımız adından və bütün Elçibəysevənlər adından. Allah razı olsun, haqlarını halal eləsinlər, sağ olsunlar. Bu məsələ də ötüb keçəcək. Hər kəs də tutarlı cavabını alır. Mən hesab edirəm ki, o açıqlama yanlışdır. Amma məsləhət biliblər, belə bir açıqlama veriblər.
- “Elçibəyin ailəsinə 200 000 göndərdik” iddiaları barədə nə deyə bilərsiniz?
- Onu da heç kəs deyə bilməz. Onu da kimsə deyə bilməz. Onun da təyinatı, onun da təqdim edəni var, dəfələrlə təqdim eləməkdən ötrü iştirak edənlər var, şükür Allaha, bu dünyada yaşayanlar da var, dünyasını dəyişənlərə də Allah qəni - qəni rəhmət eləsin. Onun da açıqlaması var. Son sentinə, son markasına qədər açıqlaması var. Bunların da hamısı Allah qarşısında da, pul sahiblərinin qarşısında da deyilib. Əgər kimsə çox maraqlanırsa, bu məsələ ilə bağlı hesabat verən adam da var, Allah qarşısında və o adamların da qarşısında... Sonradan başqa təşəbbüsə düşənlər də var idi, bunu da hər kəs bilir. Özü də o pulu birdən-birə təqdim edə bilmirdilər, ona görə ki, mümkün deyildi. O da bir tarixdir və o da hər kəs bilir. Özü də cənazə ilə bir yerdə gətirildi. Hətta pulu təqdim edəndə nazirləri çaşqın hala düşdülər. Heyrətləndilər ki, sən axı üç gün bundan qabaq Bakıya getmişdin, niyə cən pulu aparmamışdın? Dedim mən suturluq düzəldəcəkdim? Ankarada Türkiyədə pulun sahibi sizsiniz. O da sahibinə çatdı, təyinatı üzrə xərcləndi, xərclənmədi, onun mənə az aidiyyəti var, amma bitdi məsələ. O da dəfələrlə müzakirə olunub, deyilib, çoxları da bilir, vəssalam. O pulu nə Bəy qəbul edirdi, nə də mən. Məsələ sonradan burada şişirdilən dərəcə deyildi. Amma nəhayətdə yolunu göstərdik, Bəyin yanında təqdim olundu. Bəyin yanında təhvil alındı.
- Hələ Əbülfəz bəy sağ ikən, eləmi?
- Bəli. Hələ dövlət xəstəxanasında olanda, hələ Gülhanəyə köçürülməmişdi.
- Mirmahmud bəy, Türkiyədə də bu açıqlamaya sərt reaksiyaları var. Zəfər Partiyasının siyasi işlər başçısı Seyid Yücəl, İP Partiyası Hədri Musavat Dərvişoğlu və digərləri Yaşar Yıldırımı kəskin tənqid ediblər. Hətta ictimai etiraz da var ki, “ehtiyac varsa, pulun qəbzini göndərin, biz ödəyək”, deyiblər. Hər halda ictimai bir etiraz və siyasi çevrilərdən də bu kimi yanaşmaya bir münasibət var.
- Əslində çox doğru ediblər, cavab veriblər. O da belə məsləhət bilib, belə deyib də. İndi yəqin ki, baxıb görür ki, bu qaçhaqaçda hərə bir söz deyir...Axı, indi bir az sis - duman var...
- Yer gəlmişkən, bu “duman”ın gerçək səbəbi nədir sizcə? Azərbaycandakı orta məktəblərdə vahid məktəbli geyimin tətbiqinə Türkiyədən verilən sərt reaksiyaları necə qiymətləndirirsiniz? Bir çoxları burada Türkiyənin içərisində İran qüvvələrinin, başqa çevrələrin əlində alət olanların əsas rol oynadığını düşünür. Sizin qənaətiniz necədir?
- Bu, “stəkanda bir fırtına” idi. Uğursuz ifadələrin nəticəsi idi. Bu da hər zaman olub. Burada bulanıq su düzəldib, orada balıq tutmaq niyyətində olan adamlar var. Azərbaycanda da var, Türkiyədə də. Türkiyədə bu məsələ niyə belə olur? Türkiyə əhalisi bizdən təxminən səkkiz, doqquz dəfə çoxdur. Deməli, münasibətlər məsələsində də fərqli yanaşma ola bilər. Digər tərəfdən, bizim bəzi danışan adamlara, kimliyindən, siyasi mövqeyindən asılı olmayaraq, demək lazımdır ki, zəhmət olmasa bir özünüzə də baxın! Milli kimliyinizdən tutmuş ki, tərcümeyi - halınıza qədər baxın, sonra da danışın, görün sənin sözün qan bahası, öz qanın sənin sözünü ödəyə bilirmi? Sən kimsən ki, bu mövzuya girişirsən? Dövlət, millət məsələsi ayrı-ayrı məsələlərdir, həm də doğru məsələlərdir, həm də xüsusi diqqət cəlb eləyən məsələlərdir. Burada da uğursuz ifadə işlətmək olmaz. İndi bəzi bölgələrdə deyildiyi kimi, münasibətlər elə amada bənd imiş deyə, biz sizi dumana, dumanı bir az da gözəgörünməz qara buludlara - filana çeviririk. Bəs sabahı nəzərə almırsan? Deyək ki, bu gün belə, bəs sabah? Dövlətdən artıq dövlət təəssübkeşisən?
Sən axı, kimsən? Bizdəki məsələləri körükləyənlərə deyirəm. Adam, get özünə, sözünə, çəkinə, məsələyə yanaşmana bax! İndi fürsət düşüb əlinə, gərdənini çəkirsən, nə istəyirsən, ağzına nə gəlir onu danışırsan, bir ağzına gələni də danış! İndi ağlın yoxdur, məsləhətləş də! Lap yaxşı, deyək ki, bu, danışdı. Bəs buna efir verənin, imkan yaradanın ağlı, səviyyəsi harda qaldı? Buna bu şərait yaradanın sayıqlığı, siyasi, diplomatik, mənəvi bağlılığı, keçdiyi yol arda qaldı? Fürsət düşüb ələ. Mən 1994-cü ildən İran antislam cümhuriyyəti deyirəm. Camaatın bu gün də İran əleyhinə bir kəlmə söz deyəndə dili titrəyir. İndi bu adamlar dururlar, bizə ağıl verirlər, bizə deyirlər ki, bu məsələnin izahatı budur. Qardaş, Allah sənin də köməyin olsun. Ağlın bir az da dərin olsun, bir az da dərindən işlə. Biz bunları gözləyirdik, amma bu cür gözləmirdik. YAP-ın qurultayından sonra bir az da körükləndi, o da doğru olmadı. O cümlədən atılan adekvat addımlar da doğru olmadı. Yəni Türkiyə-Azərbaycan münasibətlərini korlamaq marağında və marığında dayanmış adamlar var ki, fürsət gözləyirdilər. Bunlar var. Burada Tehranın da, Moskvanın da, yeri gələndə Parisin də, Avropanın da özünün maraqları var: Türk birliyinə qarşı bu işlər görülməlidir, edilməlidir.
Xronoloji ardıcıllıqla sıralamaq vaxt aparar. Amma hər şey açıqlığa doğru gedir, hər şey aydınlaşacaq və münasibətlərə heç nə kölgə salmayacaq, İnşallah! Ayın sonunda da Zirvə toplantısı olacaq, hər şey yerinə qayıdacaq. Sadəcə olaraq könüldə kiminsə bir-birinə qarşı bir incikliyi qalacaq, onlar da ötüb keçəcək. Nə üçün? Əbədi olan var. Əzəli Allahdır, əbədi Allahdır, o cümlədən də millət də əbədidir və başlanğıcdandır. Hakimiyyətlər, hətta quruluşlar dəyişə bilər, amma bu münasibətlər dəyişməməlidir və dəyişməyəcək də. Burada bir xüsusi hal var. İmanın zəifliyi...Bütün insanlarda iman möhkəm deyil. Bütün insanların kamil imanı yoxdur. Sonra imanın zəifliyi, yaddaşın qısalığı, unutqanlıq, bu və ya digər tərəflərə çox baxmaq, kənara, xaric səslərə qulaq açmaq və sair. Hə bunlar da ötəri məsələlərdir və sadəcə bir acı təbəssüm qalacaq. Gün gələcək, elə hər kəs bir təbəssümlə deyəcək ki, bunlar olmamalı idi, bunu da böyüklüyümüzə bağışlayırıq, qurtarırıq. Qeyd edim ki, Dövlət bəy elə son hadisələrə çox doğru və çox uğurlu, həm də perspektivə hesablanmış bir münasibət bildirdi.