Konqo Demokratik Respublikasının səkkizinci əyalətində Ebola epidemiyası təsdiqlənib

Konqo Demokratik Respublikasının (KDR) səhiyyə orqanları Ebola qızdırmasının ölkənin səkkizinci əyalətinə yayıldığını təsdiqləyiblər.

"Report"un xəbərinə görə, bu barədə KDR-in Səhiyyə Nazirliyinin tabeliyində olan İctimai Səhiyyə İnstitutu məlumat yayıb.

Şimali Ubangi əyalətində Ebola infeksiyasına iki yoluxma halının aşkarlandığı, yoluxanlardan birinin öldüyü qeyd edilib.

Şimali Ubangi əyaləti Konqo Demokratik Respublikasının şimal-qərbində yerləşir. Sentyabrda Ebolaya yoluxma hallarının aşkarlandığı Cənubi Ubangi əyaləti ilə həmsərhəddir.

Son məlumatlara görə, Konqo Demokratik Respublikasında laboratoriyada Ebolaya yoluxma hallarının təsdiqlənmiş sayı 9 144-dür.