Dövlət Agentliyinin Aparat rəhbəri Fuad Qarayev və İnnovasiyalar Mərkəzinin direktoru Vüsal Rüstəmov finala yüksələn və ölkəmizi təmsil edən komandalarla görüşüblər, onların uğurlarını yüksək qiymətləndiriblər və iştirakçıları təbrik ediblər. 41 komandada təmsil olunan gənclərin bu sahədə əldə etdikləri nailiyyətlərin ölkəmizin texnoloji inkişafına mühüm töhfə olduğu diqqətə çatdırılıb.
Xatırladaq ki, Dövlət Agentliyi ilə Türkiyə Texnologiya Komandası Fondu (T3) arasında imzalanmış Protokola əsasən yaradılan Bilim Bakı mərkəzi TEKNOFESTin Azərbaycandakı rəsmi koordinatorudur. Festivalda ölkəmizi təmsil edən universitet tələbələri, gənclər və şagirdlərdən ibarət komandalar hazırlıq mərhələlərini məhz bu mərkəzdə keçiriblər. Mərkəz onlara texniki və nəzəri biliklərin artırılmasında dəstək göstərərək, startapların beynəlxalq səviyyədə rəqabətə hazırlaşmasına töhfə verib.
2018ci ildən etibarən keçirilən TEKNOFEST innovasiya, startap və texnologiya sahəsində dünyanın ən nüfuzlu tədbirlərindən biri kimi tanınır. Festivalın əsas məqsədlərindən biri gənclərin texnologiya və elm sahələrinə marağının artırılması, həmçinin onların inkişafına şərait yaradılmasıdır.