Normal view

Sırağagün

Xalq artisti Habil Əliyevin adı Ağdaşdakı musiqi məktəbinə verilib

Azərbaycanın Xalq artisti Habil Əliyevin adı Ağdaş şəhərindəki 1 nömrəli Uşaq Musiqi Məktəbinə verilib.

"Report"un məlumatına görə, Baş nazir Əli Əsədov bu barədə müvafiq qərar imzalayıb.

Qərara əsasən, Mədəniyyət Nazirliyinə və Ağdaş Rayon İcra Hakimiyyətinə bu sənəddən irəli gələn məsələlərin həll edilməsi tapşırılıb.

Türkmənistan Prezidenti Füzulidə səfərdədir

Azərbaycanda dövlət səfərində olan Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iyunun 23-də Füzuli rayonuna gəlib.

"Report" xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkmənistan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Sərdar Berdiməhəmmədovu Prezident İlham Əliyev qarşılayıb.

Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iyunun 22-də mətbuata bəyanatlarla çıxış ediblər.

"Report" xəbər verir ki, əvvəlcə dövlət başçısı bəyanatla çıxış edib.

Prezident İlham Əliyevin bəyanatı

-Hörmətli Sərdar Qurbanquluyeviç, hörmətli qonaqlar, əziz dostlar. Əziz qonağımızı - dövlət səfərində olan Türkmənistan Prezidentini salamlamaqdan bir daha şadam.

Dəvətimi qəbul etdiyinə və Azərbaycana səfərə gəldiyinə görə cənab Prezidentə bir daha təşəkkürümü bildirirəm. Əminəm ki, bu səfər ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcək.

Bu gün həm təkbətək, həm də geniş tərkibdə danışıqlar aparıldı. İkitərəfli əməkdaşlığın bir çox məsələləri müzakirə edildi və əməkdaşlığımızın gələcək inkişafı yolları müəyyənləşdirildi.

Qarabağın bərpasında köməyə görə Türkmənistana, əziz qardaşım Arkadağ Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədova bir daha təşəkkürümü bildirmək istərdim. O, ötən ilin iyulunda ölkəmizə səfər edərkən Füzuli şəhərində məscidin tikintisi təşəbbüsünü irəli sürdü və artıq tikintiyə başlanılıb. Bu, Türkmənistanın, onun Ümummilli Liderinin və bütün qardaş Türkmənistan xalqının Azərbaycana səmimi, dostcasına münasibətinin daha bir göstəricisi idi.

Mən, həmçinin Sərdar Qurbanquluyeviçə əməkdaşlığa görə minnətdaram. Bu gün, artıq qeyd etdiyim kimi, bir çox məsələlər üzrə ətraflı fikir mübadiləsi apardıq. Konkret tapşırıqlar verildi. Əminəm ki, gələn ay Türkmənistanda keçiriləcək Hökumətlərarası Komissiya çərçivəsində bu gün verdiyimiz tapşırıqlar həmin vaxta qədər hərtərəfli işlənib hazırlanacaq və biz yeni birgə problemlərin həlli, yeni layihələrin reallaşdırılması mərhələsinə keçəcəyik.

Münasibətlərimiz möhkəm təməl - tarixi bağlar, mədəni əlaqələr və mənəvi əlaqələr üzərində qurulub. Biz müntəzəm olaraq yaradıcı kollektivlərin çıxışlarını təşkil edirik. Elə bu yaxınlarda, bu ayın əvvəlində həm Aşqabadda, həm də Arkadağda Azərbaycan Mədəniyyəti Günləri keçirildi. Keçən il isə Türkmənistanın mədəniyyət xadimləri həm Bakıda, həm də Gəncədə keçirilən Mədəniyyət Günlərində bizi ziyarət etdilər.

Onu da qeyd etməliyəm ki, Bakı və Aşqabad Arkadağ və Füzuli kimi, qardaş şəhərlərdir. Bütün bunlar bizim birliyimizin nümayişidir. Əməkdaşlığımızı konkret məzmunla zənginləşdirməyə və qarşılıqlı fəaliyyətimizi dərinləşdirməyə çalışırıq.

Həmçinin Türkmənistan tərəfinə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv qəbul edilməsində fəal dəstəyinə görə bir daha təşəkkürümü bildirmək istərdim. Mən buna tarixi hadisə kimi baxıram, çünki coğrafi olaraq Mərkəzi Asiyanın bir hissəsi olmasaq da, mədəni və tarixi əlaqələrimiz, həmçinin bu gün regional qarşılıqlı əlaqə və nəqliyyat-logistika problemləri ilə bağlı həll etdiyimiz konkret məsələlər təbii olaraq böyük Mərkəzi Asiyanın vahid geosiyasi və geoiqtisadi bölgə kimi qəbul edilməsi üçün ilkin şərtlər yaradır. Təbii ki, biz ilk gündən çoxtərəfli formatda fəal qarşılıqlı fəaliyyət göstərməyə başladıq.

Bu gün nəqliyyat-logistika sahəsi haqqında da çox danışıldı. Təbii ki, ölkələrimiz arasında bu sahədə əməkdaşlıq artıq uzunmüddətli xarakter daşıyır, hətta deyərdim ki, bu, təkcə bizim üçün deyil, təkcə qonşularımız üçün deyil, həm də geniş bir coğrafiya üçün strateji əhəmiyyətə malikdir. Çünki bu gün dünyada öz aralarında əməkdaşlıq edən ölkələri birləşdirən çox etibarlı, təhlükəsiz nəqliyyat marşrutları o qədər də çox deyil. Bu, böyük nailiyyətdir. Belə olan halda nəqliyyat və logistika layihələrini siyasi qarşılıqlı fəaliyyətdən təcrid olunmuş şəkildə nəzərdən keçirmək mümkün deyil. Siyasi qarşılıqlı fəaliyyət olmasaydı, heç bir coğrafi şərait səylərimizi birləşdirməyə imkan verməzdi. Biz isə həm birgə səylərimiz nəticəsində artıq artan yük axınlarını daha da artırmaq, həm də üçüncü ölkələrdən yükdaşımaları cəlb etmək üçün nəqliyyat və logistika sektorundakı fəaliyyətimizi daha da əlaqələndirmək barədə razılığa gəldik. Buna görə də bu sahə təbii ki, həm ikitərəfli, həm də çoxtərəfli qarşılıqlı fəaliyyətimizin prioriteti olacaq.

Əlbəttə, Türkmənistan və Azərbaycan geniş faydalı qazıntılara və enerji ehtiyatlarına malik iki ölkədir. Belə olan halda biz səylərimizi birləşdirmək üzrə əməkdaşlıq etmək niyyətindəyik.

Əlbəttə ki, qardaş türkmən xalqını və onun rəhbərliyini sosial-iqtisadi inkişafda əldə edilən əhəmiyyətli nailiyyətlər münasibətilə təbrik etmək istərdim. Mən artıq uzun illər ərzində dəfələrlə Türkmənistana səfər etmişəm və qardaş ölkəmizin davamlı inkişafına, şəhərlərin necə yaxşılaşdığına, infrastrukturun, o cümlədən turizmin necə qurulduğuna həmişə əmin olmuşam. Bütün bunlar rəhbərliyin müdrikliyindən və milli maraqların prioritet olmasından xəbər verir. Biz, dostlarınız və qardaşlarınız olaraq, beynəlxalq arena da daxil olmaqla, uğurlarınıza həmişə sevinirik və artıq dünyada geniş ictimai dəstək qazanmış Türkmənistanın neytrallıq siyasətini həmişə dəstəkləmişik və dəstəkləməyə davam edəcəyik.

Hörmətli cənab Prezident, Sizi bir daha salamlayıram və əziz qardaşım Arkadağa və Türkmənistanın bütün xalqına ən xoş arzularımı çatdırmağınızı xahiş edirəm.

x x x

Sonra bəyanatla çıxış edən Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov səmimi qəbula, qonaqpərvərliyə və birgə iş üçün yaradılan gözəl şəraitə görə dövlətimizin başçısına bir daha minnətdarlığını bildirdi, təkbətək və geniş tərkibdə görüşlər zamanı ikitərəfli münasibətlərimizin hazırkı vəziyyətinin və perspektivlərinin müzakirə olunduğunu deyib.

İkitərəfli əməkdaşlığın hazırkı səviyyəsinin yüksək qiymətləndirildiyini qeyd edən ali qonaq ölkələrimiz arasında münasibətlərin bərabərhüquqlu və qarşılıqlı faydalı prinsiplər əsasında dinamik və ardıcıl şəkildə inkişaf etdiyini məmnunluqla vurğulayıb.

"İki ölkənin nüfuzlu beynəlxalq və regional təşkilatlar çərçivəsində fəal əməkdaşlığı davam etdirməyə hazır olduğu təsdiqləndi. Həmçinin Türkmənistanla Azərbaycan Respublikası arasında sıx qarşılıqlı fəaliyyət Xəzər dənizində beştərəfli əməkdaşlıq çərçivəsində davam etdiriləcək", - deyən Sərdar Berdiməhəmmədov iqtisadi-ticari əməkdaşlığın da ətraflı müzakirə olunduğunu bildirib.

Energetika, nəqliyyat, kimya, tekstil sənayeləri və bir sıra digər sahələrin prioritet istiqamətlər kimi müəyyənləşdirildiyini qeyd edən Türkmənistan Prezidenti ölkələrimizin ərazilərindən Şərq-Qərb xətti üzrə nəqliyyat və tranzit dəhlizlərinin yaradılmasında sıx əməkdaşlıq etmək barədə razılığın əldə olunduğunu vurğulayıb.

Mədəni və humanitar əlaqələrin inkişafına ayrıca diqqətin yetirildiyini bildirən ali qonaq dedi ki, görüşlər çərçivəsində mədəniyyət xadimlərimiz arasında təmasların davam etdirilməsinə və genişləndirilməsinə, həmçinin hər il Mədəniyyət Günlərinin keçirilməsinə hər iki ölkənin hazır olduğu təsdiqlənib.

"Nümayəndə heyətimiz bugünkü görüşün nəticələrini yüksək qiymətləndirir. Görüşün yekunlarına dair ikitərəfli mühüm sənədlər zərfi imzalandı. Türkmənistan və Azərbaycan Respublikası arasında əməkdaşlıq bütün əsas sahələr üzrə inkişaf edəcək. Bu, ölkələrin və xalqların uzunmüddətli maraqlarına cavab verir", - deyə Sərdar Berdiməhəmmədov vurğulayıb.

İkitərəfli əlaqələrimizin möhkəmləndirilməsinə Azərbaycan Prezidentinin böyük şəxsi töhfəsini xüsusi qeyd edən Türkmənistanın dövlət başçısı buna görə minnətdarlığını bildirib.

"Dostlug" neft tankerinin hədiyyə olunmasına görə də təşəkkür edən Sərdar Berdiməhəmmədov bunu ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin rəmzi kimi qəbul etdiklərini vurğuladı, bu tankerin ölkələrin tərəqqisinə töhfə verəcəyinə və uğurlu əməkdaşlığımızın daha bir təzahürü olacağına əminliyini ifadə edib.

Ali qonaq Türkmənistanın Azərbaycanla əməkdaşlığın daha da inkişafına böyük əhəmiyyət verdiyini deyərək, ölkələri və xalqları əsrlər boyu mehriban qonşuluq ənənələri, ortaq tarix, mədəniyyət, dil və mənəvi dəyərlərin birləşdirdiyini vurğulayıb.

"Yekun olaraq qeyd etmək istərdim ki, Azərbaycan Respublikası tərəqqi və çiçəklənmə yolu ilə inamla irəliləyir", - deyən ali qonaq qardaş Azərbaycan xalqına sülh, əmin-amanlıq və davamlı tərəqqi arzulayıb.

Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iyunun 22-də mətbuata bəyanatlarla çıxış ediblər.

"Report" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Prezidentin sosial şəbəkə hesablarında Ümumdünya Ətraf Mühit Günü ilə bağlı paylaşım edilib

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ümumdünya Ətraf Mühit Günü ilə bağlı paylaşım edilib.

"Report" xəbər verir ki, paylaşımda deyilir:

"Azərbaycanın regionda ilk dəfə olaraq Ümumdünya Ətraf Mühit Günü ilə bağlı qlobal tədbirə ev sahibliyi etməsi mühüm hadisədir. Bu, Azərbaycanın beynəlxalq səviyyədə ətraf mühitin mühafizəsi ilə bağlı maarifləndirmənin artırılması sahəsində fəal roluna və planetimizi qorumaq naminə kollektiv səylərə verdiyi töhfəsinə yüksək qiymətin göstəricisidir".

ABŞ-nin Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının rəhbərliyi İlham Əliyevi təbrik edib

ABŞ-nin Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri Betsi Berns Korn və baş icraçı direktoru Uilyam Darof Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Report"un məlumatına görə, mətndə deyilir:

"Hörmətli cənab Prezident.

Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransı və Amerika yəhudi icması adından 28 May – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimizi çatdırırıq.

Azərbaycan Xalq Cümhuriyyətinin 108-ci ildönümünün qeyd edildiyi bir vaxtda bu tarixi mərhələnin əhəmiyyətini və onun yaratdığı parlamentli idarəetmənin, hüquq bərabərliyinin və inklüzivliyin davamlı irsini dəyərləndiririk. Xüsusilə 1918-ci ildə respublikanın ilk parlamentində yəhudi nümayəndəsinin də yer alması Azərbaycanda uzunmüddətli birgəyaşayış və qarşılıqlı hörmət ənənəsinin sübutudur.

Amerikalı yəhudi liderlərindən ibarət nümayəndə heyətimiz bu ilin fevralında Azərbaycana səfər etmək şərəfinə nail oldu və biz ölkənizi fərqləndirən şəffaflıq, plüralizm və qarşılıqlı hörmət dəyərlərinin şahidi olduq. Azərbaycandan ölkənin uzunmüddətli dini tolerantlıq ənənəsinin, qədim tarixinin və zəngin mədəni irsinin, səfərimiz boyunca gördüyümüz mehribanlığın və qonaqpərvərliyin bizdə yaratdığı dərin təəssüratla qayıtdıq.

Cənab Prezident, bu əlamətdar milli bayram münasibətilə Azərbaycan Respublikasının və onun xalqının davamlı firavanlığı, təhlükəsizliyi və uğurları ilə bağlı ən səmimi arzularımızı qəbul etməyinizi xahiş edirik. Gələcəkdə icmalarımız arasında qarşılıqlı anlaşmanı, dostluq və əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirməyi səbirsizliklə gözləyirik".

Narkotik istifadəçisi kimi qeydiyyata dair arayış "ASAN xidmət"də veriləcək

Narkotik istifadəçisi kimi qeydiyyata dair arayış "ASAN xidmət"də veriləcək.

"Report" xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Fərmanında dəyişiklik edilməsi ilə mümkün olub.

Fərmana əsasən, "ASAN xidmət"də şəxsin dövlət narkoloji tibb müəssisələrində qeydiyyatda olmasına dair arayışın verilməsini Səhiyyə Nazirliyi həyata keçirəcək.

Prezident İlham Əliyev Latviyaya rəsmi səfərə dəvət olunub

Azərbaycan Prezidenti İlham Əliyev Latviyaya rəsmi səfərə dəvət olunub.

"Report" xəbər verir ki, bu barədə Latviya Prezidenti Edqars Rinkeviçs Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda qeyd edib.

"Yaxın dialoqumuzun davam etdirilməsini səbirsizliklə gözləyirəm və Sizi münasib vaxtda Latviyaya rəsmi səfərə dəvət etməkdən məmnunluğumu ifadə edirəm", - deyə məktubda vurğulanıb.

Edqars Rinkeviçs: Latviya-Azərbaycan dostluq münasibətlərini yüksək qiymətləndirirəm

Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Report"un məlumatına görə, mətndə deyilir:

"Zati-aliləri.

Ölkənizin Müstəqillik Günü münasibətilə Latviya xalqı adından və şəxsən öz adımdan Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Latviya və Azərbaycan arasında mövcud olan dostluq münasibətlərini yüksək qiymətləndirdiyimi bildirirəm. Əminəm ki, ölkələrimiz arasında strateji tərəfdaşlıq suverenliyə, ərazi bütövlüyünə və qaydalara əsaslanan beynəlxalq nizama ortaq sadiqliyimiz əsasında daha da möhkəmlənəcək və inkişaf edəcək.

Həmçinin 2026-cı il aprelin 21-23-də Azərbaycan Respublikasına rəsmi səfərim zamanı mənə və nümayəndə heyətimə göstərilən səmimi qonaqpərvərliyə görə dərin minnətdarlığımı bildirirəm. Bu səfər ölkələrimiz arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi üçün əla imkan yaratdı. Xüsusilə praktiki əməkdaşlığın inkişafı, eləcə də cari regional və beynəlxalq məsələlər üzrə apardığımız açıq və konstruktiv müzakirələri yüksək qiymətləndirirəm. Səfərim çərçivəsində keçirilən Azərbaycan-Latviya Biznes Forumunda iştirakınıza görə də Sizə təşəkkür edirəm.

Yaxın dialoqumuzun davam etdirilməsini səbirsizliklə gözləyirəm və Sizi münasib vaxtda Latviyaya rəsmi səfərə dəvət etməkdən məmnunluğumu ifadə edirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Cio Kristofoli: BP SOCAR ilə uzunmüddətli tərəfdaşlığının yeni əməkdaşlıq imkanları yaradacağına əmindir

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Report"un məlumatına görə, mətndə deyilir:

"Hörmətli cənab Prezident.

BP şirkəti adından Sizi və Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycanda dünya miqyaslı enerji layihələrini təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirməkdən qürur duyuruq. Bu layihələrin uğurlu icrasında Sizin davamlı dəstəyiniz, həmçinin SOCAR və Azərbaycan Hökuməti ilə qurulmuş etibarlı və strateji tərəfdaşlıq münasibətləri mühüm rol oynayır.

Biz SOCAR ilə uzunmüddətli tərəfdaşlığımızın qarşıdakı onilliklər ərzində daha da genişlənərək həm Xəzər regionunda, həm də onun hüdudlarından kənarda yeni əməkdaşlıq imkanları yaradacağına əminik.

BP olaraq, Azərbaycanın enerji təhlükəsizliyinə, dayanıqlı inkişafına və regional əməkdaşlığın möhkəmləndirilməsinə bundan sonra da töhfə vermək öhdəliyimizə sadiq qalırıq.

Bu əlamətdar gün münasibətilə Sizi bir daha ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı və uğurlar, Azərbaycan xalqına isə sülh, firavanlıq və tərəqqi arzulayıram".

İlham Əliyev: Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı möhkəmlənməyə davam edəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Mixeil Kavelaşviliyə təbrik məktubu ünvanlayıb.

"Report"un məlumatına görə, mətndə deyilir:

"Hörmətli cənab Prezident,

Gürcüstanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və dost Gürcüstan xalqını öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan-Gürcüstan dostluq əlaqələrinin bugünkü yüksək səviyyəsi qonşu xalqlarımızın əsrlər boyu bir-birinə bəslədiyi dərin rəğbət, hörmət və etimaddan güc alır. Hazırda dövlətlərarası münasibətlərimizin dinamik və hərtərəfli inkişafı məmnunluq doğurur.

Keçən ay dost ölkənizə həyata keçirdiyim dövlət səfərinin nəticələrini, səfər zamanı göstərdiyiniz qonaqpərvərliyi və əsl dost münasibətini yüksək qiymətləndirir, qarşılıqlı anlaşma və səmimiyyət şəraitində keçən məhsuldar görüşümüzü, apardığımız fikir mübadiləsini ən xoş təəssüratlarla xatırlayıram.

Siyasi əlaqələrimizin intensivliyi və ali səviyyədə fəal dialoqun mövcudluğu bütün sahələrdə əməkdaşlığımızın daha da dərinləşdirilməsi üçün əlverişli imkan yaradır.

İnanıram ki, dövlətlərimizin maraqları, xalqlarımızın mənafeyi və regionumuzun rifahı naminə sağlam təməllər üzərində qurulmuş və xoş ənənələrə əsaslanan Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı birgə səylərimizlə bundan sonra da möhkəmlənməyə və genişlənməyə davam edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost və qardaş Gürcüstan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Seneqalın dövlət başçısı Prezident İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib

Seneqal Respublikasının Prezidenti Bassiru Diomaye Faye Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Report"un məlumatına görə, mətndə deyilir:

"Cənab Prezident.

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Sizə və dost Azərbaycan xalqına davamlı rifah və tərəqqi arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi üçün Sizinlə birlikdə işləməyə hazır olduğumu bir daha vurğulayıram".

Seneqal dövlət başçısı Prezident İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib

Seneqal Respublikasının Prezidenti Bassiru Diomaye Faye Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Report"un məlumatına görə, mətndə deyilir:

"Cənab Prezident.

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Sizə və dost Azərbaycan xalqına davamlı rifah və tərəqqi arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi üçün Sizinlə birlikdə işləməyə hazır olduğumu bir daha vurğulayıram".

Kuba dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudes Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Report"un məlumatına görə, mətndə deyilir:

"Zati-aliləri cənab Prezident.

Ölkənizin milli bayramı münasibətilə Sizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

İki ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsi naminə fəaliyyətimizi davam etdirmək əzmimizi bir daha təsdiqləyirəm.

Sizə ən yüksək hörmət və ehtiramımı bildirirəm".

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib - YENİLƏNİB

Mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib.

"Report" xəbər verir ki, dövlətimizin başçısı müşavirədə nitq söyləyib.

Prezident İlham Əliyevin nitqi

- Bugünkü müşavirədə biz kənd təsərrüfatının inkişafını müzakirə edəcəyik. Bildiyiniz kimi, bu sahəyə daim çox böyük diqqət göstərilir. Hələ ilk dəfə prezident vəzifəsinə seçiləndən sonra 2004-cü ildə ilk təşəbbüslərimdən biri regional inkişaf proqramı idi və onun da tərkib hissəsi kənd təsərrüfatının inkişafı idi.

2004-cü ilin əvvəlində qəbul edilmiş birinci beşillik proqram bir çox məsələlərin həll edilməsinə kömək göstərdi və biz gördük ki, bu proqramın davamı olmalıdır. Ondan sonra bir neçə beşillik regional inkişaf proqramı qəbul edildi. Bunun nəticəsində bütün regionlar canlandı, regionlarda məşğulluq artdı və böyük infrastruktur layihələri icra edildi. Bu gün bu layihələr olmadan Azərbaycanın ümumi inkişafını təsəvvür etmək mümkün deyil. O cümlədən kənd təsərrüfatının inkişafı üçün bu proqramda nəzərdə tutulmuş infrastruktur layihələri həlledici rol oynamışdı. Çünki o vaxt bölgələrdə demək olar ki, qaz təchizatı yox idi. Elektrik təchizatı ilə nəinki regionlarda, Bakıda böyük problemlər yaşanırdı, hətta böyük fasilələr olurdu. Avtomobil yolları yararsız vəziyyətdə idi. Su ilə təchizat demək olar ki, tamamilə tükənmişdi. Yəni kəndlərin dirçəldilməsi və kəndlərdə yaşayan insanların yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün bu proqramın həlledici rolu olmuşdu. O ildən bu yana bölgələrdə genişmiqyaslı infrastruktur layihələri icra edildi.

Əgər biz azad edilmiş torpaqları istisna etsək, bu gün ölkə üzrə qazlaşmanın səviyyəsi 96 faizdir. Elektrik təchizatı ilə heç bir yerdə heç bir problem yoxdur, nəinki özümüzü təmin edirik, hətta bizim böyük ixrac potensialımız yaradılmışdır. Bir çox magistral, şəhərlərarası və kənd yolları inşa edilmişdir. Böyük su anbarları inşa edilmişdir, ilk növbədə, Taxtakörpü, Şəmkirçay, Göytəpə və digərləri. Kanallar yenidən qurulmuşdur və bu proses davam etdirilir. Bir sözlə, bölgələrin və kənd təsərrüfatının inkişafı çox sürətlə getmişdir. Bunun nəticəsində bir çox istiqamətlər üzrə kənd təsərrüfatı məhsullarının istehsalında böyük artım olmuşdur. Onu da bildirməliyəm ki, bu illər ərzində bir neçə dövlət proqramı qəbul edilmişdir, üzümçülük, pambıqçılıq, fındıqçılıq, sitrusçuluq, digər istiqamətlər üzrə və bu sahələrə böyük təkan verilmişdir.

Kənd təsərrüfatının inkişafı üçün subsidiyaların böyük əhəmiyyəti var. Onu da bildirməliyəm ki, Azərbaycan dünyada nadir ölkələrdəndir ki, genişmiqyaslı və çoxçeşidli subsidiya mexanizmlərini tətbiq edir. Düzdür, burada da təkmilləşmə üçün imkanlar var və bu edilməlidir. Bu barədə də danışılacaq. Müxtəlif güzəştlər verilir, o cümlədən gübrə, yanacaq güzəştləri. Deyə bilərəm ki, bu da dünyada nadir sayda olan ölkələrdə tətbiq edilir. Fermerlərə metodik tövsiyələr verilir və hər cür dəstək göstərilir, o cümlədən güzəştli kreditlərin verilməsi. Bu gün də dövlət xətti ilə həyata keçirilən bir çox layihələr təbii ki, kənd təsərrüfatının inkişafına böyük təkan vermişdir. Məsələn, əgər pambıqçılığı götürsək, vaxtilə 70-80-ci illərdə pambıq istehsalı Azərbaycanda ildən-ilə artırdı, amma sonra müəyyən səbəblərə görə faktiki olaraq bu sahə əldən gedirdi. Həm məhsuldarlıq çox aşağı səviyyədə idi, təqribən hektardan maksimum bir ton, köhnə dillə desək 10 sentner. Azərbaycanda pambıq istehsalı 20 min tona düşmüşdü. Görülmüş tədbirlər, ildən-ilə aparılan islahatlar nəticəsində bu gün həm məhsuldarlıq, həm də istehsal artıb. Bu gün son nəticələrə görə 360 min tondan çox pambıq istehsal edilmişdi və pambıqçılıqda ixtisaslaşmış rayonlarda bunun kənddə yaşayan insanlar üçün çox böyük xeyri olmuşdur.

Baramaçılıq faktiki olaraq əldən getmişdi. Görülmüş tədbirlər və dövlət dəstəyi nəticəsində biz baramaçılığı da bərpa etdik. Bununla bağlı olan ipəkçilik də inkişaf etməyə başlamışdı. Belə misallar çoxdur, yəni çox vaxt itirmək istəmirəm. Sadəcə olaraq, bildirməliyəm ki, bizim bir çox istiqamətlər üzrə nəzərdə tutduğumuz vəzifələr icra edildi.

Ancaq buna baxmayaraq, son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir. Bir müddət bundan əvvəl Prezident Administrasiyasına, Hökumətə göstəriş verildi ki, kənd təsərrüfatının inkişafına dair yeni Dövlət Proqramı hazırlansın, qəbul edilsin, hərtərəfli, əhatəli olsun. Həm dövlət investisiyaları, həm özəl sektor tərəfindən cəlb ediləcək investisiyaları özündə ehtiva etməlidir. Proqram çox konkret və qısamüddətli olmalıdır. Bu gün müzakirə edəcəyimiz məsələlər bu proqramın qəbul edilməsi və icrası ilə bağlı olacaq. Mən əminəm ki, bu proqram icra ediləndən sonra bizim əsas hədəflərimiz tam yerinə yetiriləcəkdir.

Bu gün dünyada gedən meyillər kənd təsərrüfatının istehsalına da mənfi təsir göstərir. Müharibələr, münaqişələr, nəqliyyat zəncirlərinin qırılması, enerji sektorundakı böhran, yanacaqla bağlı olan müəyyən çətinliklər bir çox ənənəvi istehsalçıları çətin vəziyyətə qoymuşdur. Bunu nəzərə alaraq, əlbəttə ki, hər bir ölkə öz ərzaq təhlükəsizliyi haqqında düşünməlidir və konkret addımlar atmalıdır.

İkinci vacib amil, - bu yaxınlarda Bakıda keçirilmiş Ümumdünya Şəhərsalma Forumunun müzakirələrində də bu öz əksini tapmışdır, - genişmiqyaslı urbanizasiya, yəni kəndlərdən şəhərlərə olan axın. Bu, təkcə ölkəmiz üçün deyil, bütün ölkələr üçün xas olan mənfi meyildir. Ancaq bəzi ölkələr, sadəcə olaraq, bu məsələnin həlli üçün imkan tapa bilmir, yaxud da ki, düzgün strategiya işləyə bilmirlər. Biz isə elə etməliyik ki, kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın. Bunun üçün də əlbəttə ki, kəndlə şəhər arasındakı istənilən istiqamətlər üzrə fərqlər azaldılmalıdır. Qeyd etdiyim Regional İnkişaf Proqramının və proqramlarının, - dediyim kimi, bir neçə proqram qəbul edilmişdir, - məqsədi də bu idi ki, bölgələrdə elə şərait yaradılmalıdır ki, insanlar orada yaşasınlar, qalsınlar, öz dədə-baba torpaqlarında çalışsınlar, ənənəvi fəaliyyətlə məşğul olsunlar, əkin, biçin, turizm imkanları. Yəni orada xidmət sektoru da yüksək səviyyədə olmalıdır. Onu da bildirməliyəm ki, biz Regional İnkişaf proqramlarını icra etdikcə sosial infrastruktur layihələrini də uğurla icra etmişik. Bizim bütün rayon mərkəzlərində, şəhərlərdə müasir xəstəxanalar var, məktəb tikintisi geniş vüsət almışdır. Düzdür, hələ yararsız vəziyyətdə məktəblər var, amma onların sayı ildən-ilə azalır. Bizim 4 mindən çox məktəbimiz var, bəlkə də bir az az, bir az çox. Onların təqribən deyə bilərəm ki, 80-85, bəlkə də 90 faizi təmir edilib, nə qədər məktəb tikilib. Ona görə bölgələrdə məşğulluğu artırmaq və insanları torpağa daha bağlı etmək üçün biz kənd təsərrüfatının inkişafına yeni təkan verməliyik.

Yenə də deyirəm, qəbul edilmiş proqramlar və qərarlar böyük dönüşə səbəb olub. Ancaq son bir neçə il ərzində kənd təsərrüfatının inkişafında müşahidə edilən durğunluq, əlbəttə ki, bizi düşündürür və bu məqsədlə Dövlət Proqramı hazırlanıb və qəbul ediləcək. Bununla əlaqədar bəzi rəqəmləri səsləndirmək istərdim. Bu, xüsusilə özəl sektora göndərilən siqnal və mesaj olacaq. Çünki dövlət qurumları bu rəqəmləri bilirlər. Özəl sektor nümayəndələrinin də Dövlət Proqramının icrasında xüsusi rolu olmalıdır. Burada biznes nümayəndələrinin, əlbəttə ki, məsuliyyəti ön planda olmalıdır. Öz ölkələrinə olan bağlılıq və sərmayə qoyuluşu üçün daha münbit şərait olmalıdır. Əlbəttə ki, biz müxtəlif mexanizmlərdən də istifadə edəcəyik. Həm güzəştli kreditlər, həm digər alətlərdən istifadə etməliyik ki, Azərbaycan sahibkarlarının kənd təsərrüfatının inkişafına sərmayə qoymasına daha böyük həcmdə nail olaq. Eyni zamanda, biz xarici investorları da həm məlumatlandırmalıyıq, həm də təşviq etməliyik. Çünki bu gün bizim beynəlxalq əlaqələrimiz çox genişdir. Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı ildən-ilə artır. Bizim dünya miqyasında çox yüksək reputasiyamız var, çox müsbət imicimiz var. Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır və bir çox ölkələrin şirkətləri müxtəlif sahələrdə bizimlə əməkdaşlıq etmək istəyirlər. Biz, əlbəttə ki, bütün şirkətlərə, o cümlədən xarici investorlara qanun çərçivəsində lazımi şərait yaradırıq. Ancaq, eyni zamanda, biz xarici şirkətləri bizə lazım olan sahələrə cəlb etməliyik. Ona görə burada səsləndirəcəyim rəqəmlər həm yerli, həm xarici investorlara bir mesajdır.

Beləliklə, bizim istehsalımızla bağlı özümüzü təminetmə əmsalı və bəzi rəqəmlər səsləndiriləcək. Buğda istehsalı. Biz cəmi 55 faiz səviyyəsində özümüzü buğda ilə təmin edirik və əfsuslar olsun ki, bu əmsal artmır. Biz elə yerində sayırıq. Neçə ildir ki, bizdə elə bu səviyyədə buğda istehsal olunur, baxmayaraq çox böyük təkan verilmişdir, bir çox aqroparklar yaradılmışdır. Onu da bildirməliyəm ki, aqroparkların yaradılması kənd təsərrüfatının inkişafında çox böyük rol oynamışdır. Buna baxmayaraq, buğda istehsalı və onun özünü təminetmə əmsalı bizdə artmır. Daxili istehsal 1 milyon 573 min ton, idxal 1 milyon 267 min ton. Bax, bu idxalı biz azaltmalıyıq. Təbii ki, bizim coğrafiyamızı nəzərə alaraq, əkin sahələrini nəzərə alaraq, digər kənd təsərrüfatı məhsullarının yetişdirilməsinin zəruriliyini nəzərə alaraq, biz hədəf qoymamalıyıq ki, 100 faiz özümüzü ərzaq buğdası ilə təmin edək. Ancaq hər halda 55 faiz qəbuledilməz rəqəmdir və bu, mütləq artmalıdır.

Digər dənlilər üzrə vəziyyət prinsip etibarilə müsbətdir, özümüzü 95 faiz təmin edirik və idxal da çox cüzidir. Dənli paxlalar. Daxili istehsal 23 min ton, idxal 15 min ton. Yəni özümüzü təminetmə indeksi 63 faizdir. Kartof. Özümüzü 91 faiz təmin edirik, 160 min ton idxal edirik. Ancaq onu da bildirməliyəm ki, 71 min ton da ixrac edirik. Ona görə burada, yəni kəsir o qədər də böyük deyil. Kartof istehsalının artırılması üçün də imkanlar var və biz idxalı tamamilə aradan götürməliyik və həm özümüzü təmin etməliyik, eyni zamanda, daha böyük həcmdə ixrac etməliyik.

Tərəvəz, bostan məhsulları, meyvə, giləmeyvə. Burada vəziyyət müsbətdir. Özümüzü tərəvəz üzrə 107 faiz təmin edirik və 214 min ton ixrac edirik. Daxili istehsal isə 1 milyon 770 min tondur. Bostan məhsulları istehsalı 460 min ton, idxal demək olar ki, yoxdur. İxrac 18 min ton, 104 faiz. Meyvə, giləmeyvə. 140 faiz təminat, istehsal 1 milyon 400 min ton. Təbii ki, idxal da var. Çünki müxtəlif meyvələr var ki, onlar idxal olunur, bizdə yetişmir. Amma ixrac da kifayət qədər böyükdür, təqribən 600 min tona yaxın. Mən qeyd etdim ki, biz fındıqçılıq üzrə Dövlət Proqramı qəbul etdik. Ondan sonra fındıq bağları geniş vüsət almışdır. Bu gün biz qoz-fındıq istiqaməti üzrə 84 min ton məhsul yetişdiririk, 30 min ton da ixrac edirik. Yəni bu istiqamət üzrə biz dünyada 3-4-cü yerdə qərarlaşmışıq. Üzüm istehsalı. Özümüzü təminetmə əmsalı 92 faiz, istehsal 211 min ton, idxal 28 min ton, ixrac da var. İxrac da 10 min ton.

Mal əti. Özümüzü 84 faiz təmin edirik, 30 min ton idxal edilir, 150 min ton daxili istehsaldır. Quş əti. 82 faiz, 147 min ton istehsal, 32 min ton idxaldır. Qoyun-keçi əti. 94 faiz, istehsal 88, idxal 5 min ton. Yumurta. 2 milyard 340 min ədəd istehsal olunur, idxal yoxdur, ehtiyac yoxdur. İxrac isə 90 milyon ədəddir. Balıq və balıq məhsulları. 81 faiz təminatdır, 23 min ton idxaldır, ixrac 7 min ton. Bitki yağları. Özümüzü 52 faiz təmin edirik, idxal 62 min ton, istehsal 56 min ton. Kərə yağı. 62 faiz, istehsal 26 min ton, idxal 20 min ton, ixrac 4 min ton. Çay. 86 faiz, istehsal 11 min ton, idxal 2,5 min ton, ixrac min tona yaxın. Duz. Özümüzü təmin edirik, ixrac edirik 20 min ton, daxili istehsal 80 min ton. Un. 95 faiz, daxili istehsal 1 milyon 364 min ton, idxal 95 min ton, ixrac 28 min ton. Makaron məmulatları. Daxili istehsal 34 min ton, idxal 18 min ton, ixrac 14 min ton, ümumi təminat 89 faiz. Şəkər. Özümüzü 102 faiz təmin edirik və 96 min ton ixracımız var. Bu rəqəmləri mən qeyd etdiyim kimi, investorlar üçün səsləndirirəm və onları dəvət edirəm ki, bizdə bu gün idxal olunan məhsulların istehsalına onlar töhfə versinlər.

Bəzi vəzifələrlə əlaqədar aşağıdakıları deyə bilərəm, ərzaq təhlükəsizliyi ilə əlaqədar artıq bildirildi. Burada təkcə müharibələr və nəqliyyat zəncirlərinin qırılması deyil, iqlim dəyişikliyi də rol oynayır. Bütün bunları biz də müşahidə edirik. May ayında Bakıda hər halda belə yağışın yağmasını mən xatırlamıram. Məndən yaşlı olan insanlar da yəqin ki, xatırlamır. Artıq bu, əfsuslar olsun ki, bəzən fəsadlar törədir. Amma digər tərəfdən, bizim su ehtiyatlarımızı da böyük dərəcədə artırır və bu gün anbarlarda yığılan su bizə imkan verəcək ki, kənd təsərrüfatı üçün bu il su problemi olmasın.

Torpaqlardan səmərəli istifadə məsələsi. Burada məqsəd məhsuldarlığı maksimum artırmaq və torpaqların dəqiq analizini aparmaqdır ki, hansı ərazidə hansı torpaq sahəsində hansı məhsulun yetişdirilməsi daha məqsədəuyğun ola bilər. Burada, əlbəttə ki, rayonlaşma məsələləri çox önəmlidir. Amma bilirəm ki, bəzi hallarda bir rayonda fərqli torpaq sahələrində torpağın keyfiyyəti də fərqlidir. Ona görə demək ki, filan rayonda ancaq bu məhsul yetişdirilsin, başqa məhsul yetişdirilməsin, düzgün olmaz. Təbii ki, hər bir sahə üzrə dəqiq analiz aparılarkən onun elektron versiyası, müxtəlif dəqiqləşdirmə üsulları, yeni texnologiyalardan istifadə edilməlidir, o cümlədən süni intellekt, peyk imkanları, yerlərdə aparılan tədqiqat. Ölkə ərazisi o qədər də böyük deyil. Ona görə bunu etmək çətin olmayacaq. Müəyyən işlər görülüb. Ancaq hər bir əkin üçün yararlı torpaq sahəsinin, necə deyərlər, öz pasportu olmalıdır. Orada hansı məhsul yetişdirilərsə fermer daha çox qazanc götürəcək, bu, birincisi. İkincisi, bizim ümumi kənd təsərrüfatının inkişafı və ixracı strategiyamızın əsasında bu olmalıdır. İxrac təbii ki, bazarlara bağlıdır. Bazarlar var ənənəvi, var yeni. Ona görə ənənəvi bazarlarda bizim məhsul nə vaxta qədər lazım olacaq? Bu təhlil də aparılmalıdır. Prinsipcə müvafiq göstərişlər verildi ki, tərəfdaş ölkələrlə bu məsələlər də müzakirə edilsin ki, biz tutaq ki, meyvə, tərəvəz, bostan məhsullarını böyük həcmdə ixrac edirik. Nə vaxta qədər buna tələbat olacaq bizim üçün ənənəvi sayılan bazarlarda? Çünki indi bir çox ölkələr ərzaq təhlükəsizliyi ilə məşğuldurlar. Düzdür, bəzi ölkələrdə iqlim imkan vermir ki, müxtəlif meyvələr yetişdirilsin. Ancaq hər halda bizim ixracımız bazarlara bağlı olmalıdır. Ona görə subsidiyalar veriləndə, əlbəttə, bu amillər nəzərə alınmalıdır - daxili tələbatın bağlanması və ixrac imkanlarının genişləndirilməsi. Yəni ona görə subsidiyalar da çox çevik olmalıdır. Bəlkə də hər il yenidən baxılmalıdır - həm rayonlar üzrə, həm yetişdirilən məhsul üzrə. Yəni bir dəfə bu məhsula bu qədər subsidiya veririk və 10 il bu davam edir, belə olmaz. Yəni bu, çox çevik mexanizm olmalıdır. Bu da təbii ki, bütün aidiyyəti qurumlar tərəfindən nəzərə alınmalıdır.

Kənd təsərrüfatı texnikası ilə təminat. Bu istiqamətdə də çox böyük işlər görülmüşdür. Son 20 il ərzində biz faktiki olaraq öz texnika parkımızı tamamilə yenidən formalaşdırdıq. Köhnədən qalan texnikalar demək olar ki, artıq yoxdur və burada da dövlət fermerlər üçün kifayət qədər qəbul edilən şərtlər ortaya qoyub. O cümlədən indi biz özümüz də kənd təsərrüfatı texnikasını istehsal edirik və gələcəkdə bu istiqamətdə əlavə addımlar atılacaq.

Gübrə istehsalının artırılması. Biz indi Karbamid zavodunun fəaliyyəti nəticəsində nəinki özümüzü, hətta bir çox ölkələri azot gübrələri ilə təmin edirik. Ancaq bu, cəmi bir növ gübrədir. Bizə bir çox növ gübrələr lazımdır. Ona görə bəzi xarici şirkətlərlə indi bu məsələlər müzakirə edilir, Azərbaycanda qarışıq gübrə istehsalının yaradılması və gübrələrin fasiləsiz ölkəmizə idxal edilməsi. Çünki bu məsələlərdə də dünyada indi vəziyyət qeyri-müəyyəndir. Bəzi gübrə zavodları bağlanıb, çünki qazın qiyməti kəskin artanda gübrə istehsalı iqtisadi cəhətdən səmərəli olmur, müəyyən qıtlıq yaradılır. Ona görə, əlbəttə, praqmatizm nöqteyi-nəzərindən biz başa düşməliyik ki, biz bütün növ gübrələri istehsal edə bilməyəcəyik, ancaq hər halda onların çeşidlərini genişləndirməliyik.

Kənd təsərrüfatı ilə məşğul olanlar üçün metodik tövsiyələr, treninqlər, bu, artıq uzun illərdir davam edir. Maarifləndirmə prosesi və sığorta məsələləri. Yəni bütün bunları biz daha da təkmil şəkildə həyata keçirməliyik.

Biz kənd təsərrüfatının inkişafı ilə əlaqədar birinci proqramı qəbul edəndə soyuducu anbarların yaradılması məsələsi çox kəskin dayanmışdı. Çünki bu olmadan məhsulu saxlamaq mümkün deyil. Deyə bilərəm ki, son illər ərzində Azərbaycanda 400 min ton tutumlu soyuducu anbarlar yaradılıb. İndi təsəvvür edin ki, bu olmasaydı. Burada da onların mütləq əksəriyyəti güzəştli, azfaizli kreditlər hesabına yaradılıb. Ancaq soyuducu anbarların tutumu bizdə 500 min ton olmalıdır. Ona görə 100 min ton tutumlu soyuducu anbar infrastrukturu yaradılmalıdır.

Su təchizatı. Bunsuz kənd təsərrüfatının inkişafı mümkün deyil. Burada da qeyd etdiyim kimi, bir çox önəmli layihələr icra edildi. Su anbarları - Taxtakörpü, Şəmkirçay ən böyük su anbarlarıdır, Göytəpə su anbarı, digər su anbarları. İndi 10 su anbarının yenidən qurulması layihəsi icra edilir. Qarabağ və Şərqi Zəngəzur işğalçılardan azad ediləndən sonra dərhal orada su anbarlarının bərpasına başlamışıq və artıq Köndələnçay su anbarlarının sayı üç oldu. Xaçınçay, ondan sonra Suqovuşan, Sərsəng, Zabuxçay su anbarları yenidən quruldu. Sovet vaxtında yox idi, indi Bərgüşad və Həkəri su anbarlarının tikintisi işləri gedir. Qarabağda və Şərqi Zəngəzurda bizim 25 faiz su ehtiyatlarımız formalaşır. Onlardan səmərəli istifadə etmək, həm o bölgəni, həm digər bölgələri su ilə təmin etmək mümkün olacaq. Çünki vaxtilə Sərsəng və Suqovuşan su anbarları Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılanda məqsəd Qarabağın hüdudlarından kənarda olan 7-8 rayonu su ilə təmin etmək idi. O vaxt, işğaldan sonra ermənilər suyumuzu kəsmişdilər. İndi bir kanal fəaliyyətdədir. Digər kanalın tikintisi davam edir və beləliklə, 8 rayona, təqribən 100 min hektar torpağa su veriləcək.

Şirvan kanalı. Bunun tikintisinə biz beton kanal olaraq başlamışıq və yəqin ki, gələn il artıq istifadəyə veriləcək. Bu da böyük həcmdə torpaq sahələrini su ilə təmin edəcək. Bu barədə bu gün məruzə ediləcək.

Biz Qarabağ kanalının bərpasına, yenidən qurulmasına başlamışıq. Vaxtilə bunlar Yuxarı Şirvan, Yuxarı Qarabağ kanalları adlandırılırdı. Amma Aşağı Şirvan, Aşağı Qarabağ kanalları olmadığı üçün biz qərara gəldik ki, bunları elə Şirvan və Qarabağ kanalları adlandıraq. Yəni bu kanallar işə düşəndən sonra bəlkə də 200-300 min hektar torpağa su veriləcək. Ancaq bu torpaqlarda müasir şəbəkə qurulmalıdır və bu da Dövlət Proqramında nəzərdə tutulur. Müasir suvarma sistemləri hazırda, - bu da dövlətin dəstəyi ilə mümkün olub, - 130 min hektarda tətbiq olunur. Məqsəd bunu 300 min hektara çatdırmaqdır. Əgər bizim 300 min hektarda müasir suvarma sistemləri qurularsa, baxın, nə qədər məhsuldarlıq arta bilər.

Məhsuldarlığa gəldikdə, son illər ərzində burada artım var və biz bunu yüksək qiymətləndiririk. Misal üçün taxılçılıqda, bizdə bu gün hər hektardan 3,2 ton məhsul yığılır. Əvvəlki illərdə bu, təqribən 2 ton, bəlkə də bir qədər çox idi. Məqsəd bunu 5 tona çatdırmaqdır.

Pambıqçılıq. Qeyd etdiyim kimi, bizdə hektardan məhsuldarlıq cəmi 1 ton idi, görülmüş işlər nəticəsində 3,6 tona çatıb. Bu da bütün dövrləri, hətta sovet dövrünü götürsək, ən yüksək nəticədir. Amma məqsəd hər hektardan ən azı 5 ton götürməkdir. Belə olan halda bizdə 100 min hektarda ki, pambıq əkilir, 500 min ton pambıq istehsal olunacaq. Əlbəttə ki, bunun ondan sonrakı emalı məsələlərinə də biz baxırıq. İplik, ondan sonra hazır məhsul - qarşıya məqsəd qoyulmalıdır ki, biz mahlıc ixrac etməyək, hazır məhsul istehsal edək, ixrac edək. Bu istiqamətdə artıq işlər görülür. Yeni fabriklər qurulmalıdır və mən investorları buna dəvət edirəm.

İntensiv bağçılıq. Biz bunun da müsbət nəticəsini görürük, o cümlədən azad edilmiş torpaqlarda. Ağalı kəndinin yaxınlığında salınmış meyvə bağı. Mən bu yaxınlarda Zəngilanda olarkən məlumat verildi ki, artıq oradan ixrac da olunur. Yəni intensiv bağçılıq, xüsusilə meyvə yetişdirilən bölgələrdə əsas prioritet olmalıdır və burada qarşıya məqsəd qoyulur ki, 20 min yeni hektarda intensiv bağçılıq səviyyəsində bağlar qurulsun.

İstixana kompleksləri. Bu gün bizim 1500 hektarı əhatə edən istixanalarımız var, 500 hektar əlavə olunmalıdır. Əlbəttə ki, biz burada da ilk növbədə, özəl sektorun fəaliyyətinə arxalanırıq.

Ət, süd, quş əti ilə 100 faiz özümüzü təmin etməliyik. Mən rəqəmləri qeyd etdim, təqribən 80-90 faiz səviyyəsindədir. Bunu 100 faizə çatdırmaq üçün mən hesab edirəm ki, imkanlar var və bu proqram qeyd etdiyim kimi, qısamüddətli olmalıdır, 2026-2030-cu illəri əhatə edəcək. Nəzərə alsaq ki, 2026-cı ilin demək olar ki, yarısı artıq arxada qalır, bu proqramın icrası üçün cəmi dörd il yarım qalır. Buna görə dövlət xətti ilə proqramın maliyyələşdirilməsi üçün vəsait bu il ayrılmalıdır.

Hökumətə tapşırıram ki, vəsait tapılsın və özəl sektorla da müxtəlif qurumlar, təbii ki, Kənd Təsərrüfatı Nazirliyi, Hökumət, ondan sonra Prezident Administrasiyası, İqtisadiyyat Nazirliyi, digər qurumlar fəal işləməlidirlər. Təxmini hesablamalar aparılıb. Əlbəttə ki, indidən bunu demək çox çətindir. Amma təxmini hesablamalar göstərir ki, dövlət xətti ilə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün 2 milyard manatdan çox vəsait lazım olacaq, özəl sektorun payı isə təqribən 3 milyard manatdan çox olacaq. Çox böyük rəqəmdir. Xüsusilə nəzərə alsaq ki, cəmi dörd il yarım ərzində bunu biz həyata keçirməliyik, ona görə proqram qəbul ediləndən dərhal sonra biz işlərə başlamalıyıq.

X X X

Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxış edərək dedi:

-Cənab Prezident, ilk növbədə aqrar sahənin inkişafı üçün mütəmadi olaraq verdiyiniz dəstəyə və qayğıya görə Sizə öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Qeyd edim ki, ölkəmizdə aqrar sahədə həyata keçirilən islahatların əsası Ulu Öndər Heydər Əliyevin dönəmindən başlanmış və Sizin rəhbərliyiniz dönəmində yeni bir mərhələyə qədəm qoymuşdur. Çıxışınızda qeyd etdiyiniz kimi, bir çox məsələlər - məhsuldarlığın artırılması, özünütəminat səviyyəsinin yüksəldilməsi, kənd təsərrüfatının rəqabət qabiliyyətinin artırılması, fermerlərin rifah səviyyəsinin yüksəldilməsi istiqamətlərində işlər görülmüşdür.

İcazənizlə, bu gün "Aqrar sahənin inkişafı: mövcud vəziyyət və 2030 perspektivləri" mövzusunda təqdimat etmək istəyirəm. Təqdimat üç hissədən ibarətdir. Giriş hissəsində kənd təsərrüfatının strateji əhəmiyyəti haqqında məlumat təqdim edəcəyəm. Daha sonra mövcud vəziyyət, çağırışlar, aqrar sahədə - bitkiçilikdə, heyvandarlıqda olan trendlər, aqrar ticarət dinamikası haqqında məlumat veriləcək, sonra isə bu çağırışlar əsasında Sizin tapşırığınızla hazırlanmış Dövlət Proqramının əsas müddəaları təqdim olunacaq.

İlk növbədə kənd təsərrüfatının ölkə üçün strateji əhəmiyyətini qeyd etmək istəyirəm. Qeyd edim ki, 2025-ci ildə kənd təsərrüfatı istehsalı ümumdaxili məhsulun 5,9 faizini təşkil etmişdir. Qeyri-neft ümumdaxili məhsulunda isə 8,3 faiz paya malik olmuşdur. Kənd təsərrüfatı sadəcə iqtisadi fəaliyyət deyil, eyni zamanda, ərzaq təhlükəsizliyi, məşğulluq, regionların inkişafı və ixrac potensialının artırılması istiqamətlərində öz töhfəsini verən çoxfunksional bir sahədir. Qeyd edim ki, əsasən də regionlarda məşğulluğun, demək olar, 50 faizi məhz kənd təsərrüfatı sahəsində təmin olunur. Siz çıxışınızda da qeyd etdiyiniz kimi, kənd təsərrüfatı, eyni zamanda, iqlimə çox məruz qalan və təbii resurslardan asılı olan bir sahədir. Azərbaycanda torpaq fondunun 55 faizi, istehlak olunan suyun isə 70 faizindən çoxu kənd təsərrüfatında istifadə edilir. Bu da bizə əsas verir ki, kənd təsərrüfatının sadəcə məhsul istehsalını düşünməli deyilik. Eyni zamanda, resurslardan səmərəli istifadəni və iqlimə uyğunlaşmanı da proqram çərçivəsində nəzərə almalıyıq.

Cənab Prezident, bu səhifədə Azərbaycanda aqrar sahənin sektoral bölgüsü təqdim edilmişdir. Qeyd edim ki, 2025-ci ildə aqrar sahədə toplam məhsul istehsalı 14 milyard manat olmuşdur. Bu istehsal iki sahə - heyvandarlıq və bitkiçilik arasında demək olar ki, əlli-əlliyə paylanmışdır. Bu da bizə əsas verir ki, hər iki istiqamətin ölkənin aqrar sahəsinin inkişafında önəmli rolu olduğunu nəzərə alaq və prioritetlərimizi ona görə müəyyənləşdirək. Ümumilikdə aqrar sahədə meyvə-tərəvəz, əkinçilikdə dənli paxlalılar və kartof, heyvandarlıqda süd, mal əti, quş əti, qoyun əti və yumurta önəmli istehsal payına malikdir. Meyvə-tərəvəz istehsalı ölkə üçün həm məşğulluğun artırılmasında, həm aqrar istehsalda əlavə dəyərin yaradılmasında, həm də ixrac potensialının yüksəldilməsində faydalı olur. Dənli paxlalı bitkilərin istehsalı isə ümumilikdə digər bitkiçilik məhsulları ilə müqayisədə iqtisadi səmərəliliyi aşağı olsa belə, ərzaq təhlükəsizliyi nöqteyi-nəzərdən Sizin vurğuladığınız kimi çox əhəmiyyətlidir və ona görə də bu bizim üçün prioritet istiqamətlərdən biri olaraq qalacaq. Süd və ət istehsalının aqrar sahədə payı olduqca yüksəkdir. Bu da bizə əsas verir ki, yeni Dövlət Proqramında heyvandarlığın inkişaf etdirilməsi istiqamətində prioritet sahələrə önəm verək.

Bu qrafikdə də bir neçə məqama diqqətinizi cəlb etmək istəyirəm. Meyvə və tərəvəz toplam istehsalın 27 faizini təşkil etdiyi halda, onların toplam əkin sahəsindəki payı cəmi 14 faizdir. Dənli və paxlalı bitkilər, yem bitkiləri isə əkin sahəsinin toplam 74 faizini tutduğu halda, ümumi istehsalın toplam 11 faizini təşkil edir. Eyni zamanda, özünütəminetmə səviyyəsi ilə bağlı biz hazırda Siz də çıxışınızda qeyd etdiyiniz kimi, meyvə-tərəvəz, həmçinin yumurta istehsalında 100 faizin üstündə olduğumuz halda, digər istiqamətlərdə - ət, süd, buğda və kartof istehsalında hələ də qarşımızda çağırışlar durur. Sizin tapşırığınıza əsasən bunların 100 faiz təminatına nail olmaq üçün əlimizdən gələni edəcəyik.

İndi isə cənab Prezident, icazənizlə bitkiçilik sektorunda olan trendləri təqdim etmək istəyirəm. Vurğulamaq istədiyim məqam son illərdə ekstensiv əkinçiliyin inkişafını və resurs bazasının tükəndiyini göstərməkdir. Bizim son illərdə əsas inkişafımız və artımımız məhz intensiv əkinçilik hesabına olmuşdur. Ümumilikdə,bitkiçilikdə intensiv əkinçiliyə keçidin sürətləndirilməsi Sizin vurğuladığınız kimi müasir suvarmanın tətbiqindən çox asılıdır. Müasir suvarma genişləndikcə biz real nümunələr əsasında görürük ki, məhsuldarlığın artırılması mümkündür. Sadəcə taxılı, ərzaqlıq buğdanı Siz qeyd etdiniz. Ərzaqlıq buğdada ölkə ortalaması 3,2 ton olduğu halda, 2025-ci ildə ərzaqlıq buğda proqramına qoşulmuş bütün təsərrüfatlarda, müasir suvarma qurulmuş təsərrüfatlarda ortalama məhsuldarlıq 5,8 ton olmuşdur və bu da bizə onu göstərir ki, müasir suvarmanın genişləndirilməsi, əlbəttə, əsas istiqamətlərdən biri olmalıdır. Eyni mənzərəni biz təkcə buğda istehsalında deyil, digər bütün bitkiçilik məhsullarının istehsalında da görürük. Həmçinin, diqqətinizi ona da cəlb etmək istəyirəm ki, açıq sahədə tərəvəz əkinində ortalama məhsuldarlıq 20 ton olduğu halda, müasir suvarma ilə bu, 60 tona çatır. Lakin istixanalarda bu, ölkə üzrə ortalama 300 tona - 3000 sentnerə çatır. Bəzi uğurlu təsərrüfatlarda isə bu rəqəm hətta 4 min 500 sentnerə yüksəlir. Bu da istixanaların çox kiçik bir sahədə böyük istehsal həcmi yarada biləcəyini, eyni zamanda, bir hektarda daha çox insan üçün məşğulluq imkanı yaratdığını göstərir.

İndi isə heyvandarlıq sektorunda olan əsas trendləri təqdim etmək istəyirəm. Son beş il ərzində heyvanların sayında azalma müşahidə olunur. Bununla belə, ət istehsalında və adambaşına ət istehlakında artım müşahidə edilir. Artan ət istehsalı, təəssüf ki, artan ət istehlakını qarşılaya bilmir və buna görə də ət idxalı son illərdə artmışdır. Qeyd edim ki, bu sahənin qarşısında duran əsas çağırışlardan biri məhz məhsuldarlıqdır. Heyvandarlıqda məhsuldarlıq bu gün istəniləndən daha aşağıdır. Eyni zamanda, sürüdə cins heyvanların sayı cəmi 2,5 faiz təşkil edir. Bu da, təəssüf ki, bizə məhsuldarlığı ciddi şəkildə artırmağa şərait yaratmır. Bu nöqteyi-nəzərdən məhz heyvandarlıq sahəsində intensivləşmənin nəyə görə vacib olduğunu təqdim etmək istəyirəm. Bitkiçilik sektorunda olduğu kimi, heyvandarlıq sektorunda da biz həm süd, həm də ət istehsalında ekstensiv təsərrüfatların artıq öz inkişaf imkanlarını tükətdiyini görürük. Son beş ildə də əsas artımın məhz intensiv təsərrüfatların hesabına olduğunu görürük. Halbuki, onların sayı bu gün Azərbaycanda azdır və biz onların artırılmasına nail olmalıyıq. Eyni zamanda, intensivləşmə ilə bağlı qeyd edim ki, əgər ailə təsərrüfatında yerli bir cins inək ildə 1800 litr süd verirsə, intensiv təsərrüfatlarda bir inək başına məhsuldarlıq 7500 litrdir, hətta az sayda olsa belə, bəzi təsərrüfatlarda 10 min-12 min litrə çatır. Eyni mənzərəni biz intensiv təsərrüfatlarda mal ətində də görə bilirik.

Cənab Prezident, aqrar ticarətin dinamikasına toxunmaq istəyirəm. Burada bir neçə vacib məqama diqqətinizi cəlb etmək istəyirəm. İlk növbədə, son beş il ərzində aqrar ticarət artım dinamikası ilə inkişaf etmişdir. Burada önəmli və diqqət etməli olduğumuz məqam məhz aqrar emalla kənd təsərrüfatı xammal istehsalı arasındakı idxal və ixracdakı nisbətlərdir. Belə ki, ixracda bu iki sahə arasındakı nisbətdə kənd təsərrüfatı xammalı istehsalının 3–4 dəfə daha yüksək olduğunu, idxalda isə aqrar emal məhsullarının demək olar ki, iki dəfə üstünlük təşkil etdiyini görürük. Bu bizə onu göstərir ki, ölkədə aqrar emalın artırılması qarşımızda duran əsas çağırışlardan biridir. Eyni zamanda, bu beş il ərzində kənd təsərrüfatı məhsullarının ixracında həm məhsul portfelinin, həm də ixrac coğrafiyasının artdığını və genişləndiyini görürük. Cənab Prezident, bu müddətdə biz qeyri-neft məhsullarının ixracı istiqamətində Sizin tapşırıqlarınızın öz bəhrəsini verdiyinin də şahidiyik. Belə ki, bir az öncə Siz də qeyd etdiyiniz kimi, fındıqçılıqda Azərbaycan dünyada artıq dördüncü sıradadır. Əlavə edim ki, xurma ixracında Azərbaycan dünyada ikinci sıradadır. 2025-ci ildə isə ilk dəfə olaraq Azərbaycan şaftalı və nektarın ixracında dünyada doqquzuncu yerə yüksəlmişdir. Bundan əlavə, çiyələk, albalı, pomidor, pambıq lifi kimi məhsullarda da Azərbaycan dünya ixrac siyahılarında ilk iyirmilikdə yer almışdır. Bu dönəmdə əsas üç kateqoriya ixrac məhsullarımızı meyvə, pambıq və tərəvəz təşkil edir. Hər üçü əgər 2021-ci ildə toplam ixracın 87 faizini təşkil edirdisə, 2025-ci ildə 75 faizini təşkil edir və bu da onu göstərir ki, bizim məhsul portfelimiz genişlənir və digər məhsulların da ixracda payı artır. Eyni zamanda, məhsullarımızın ixrac coğrafiyasında genişlənib.

İndi isə diqqəti idxal strukturuna cəlb etmək istəyirəm. İdxal strukturu üzrə 2025-ci ildə aparılmış təhlil göstərmişdir ki, idxal etdiyimiz məhsulların 25 faizini Azərbaycanda tam əvəzləmək potensialı var. Biz bunların ölkədə 100 faiz istehsalına və idxalın əvəzlənməsinə nail ola bilərik. Məhsulların təxminən əlli faizində isə qismən əvəzetmə imkanlarımız var. Burada yerli istehsal mövcud olacaq, amma müəyyən qədər idxaldan asılılıq da qalacaq. Biz 25 faiz məhsulu isə daim idxal edəcəyik. Bunlar soya, palma yağı, banan kakao və qəhvə kimi məhsullardır.

Cənab Prezident, son olaraq aqrar sahəyə dövlət dəstəyi haqqında məlumatı diqqətinizə təqdim etmək istəyirəm. Son beş il ərzində nominal ifadədə aqrar sektora dövlət dəstəyi artmışdır. Lakin Siz də çıxışınızda qeyd etdiyiniz kimi, dünyada baş verən hadisələr və logistik zəncirlərdəki qırılmalar istehsal vasitələrinin qiymətinin artmasına gətirib çıxarıb ki, bu da nominal olaraq artan dövlət dəstəyinin real ifadədə azalmasına səbəb olub. Dövlət dəstəyi mexanizmlərində son illərə qədər vəsaitin əsas hissəsi bitkiçiliyə yönəldilib - bunun 74 faizi bitkiçiliyin, 20 faizi texnika dəstəyinin, cəmi 6 faizi isə heyvandarlığın payına düşüb. Eyni zamanda, qeyd etmək istəyirəm ki, bu günə qədər dövlət dəstəyi əsasən sosialyönümlü xarakter daşıyıb. Bu dəstək regionların inkişafına, məşğulluğun artırılmasına və ərzaq təhlükəsizliyinin təmininə istiqamətlənib. Bununla yanaşı, dövlət dəstəyi məhsuldarlığın, fermer gəlirlərinin, aqrar emalın və ixracın artırılmasına da xidmət edir və bundan sonra bu istiqamət daha da gücləndirilməlidir.

Möhtərəm cənab Prezident, buraya qədər sadaladığım məsələlər mövcud vəziyyəti və qarşımızda duran çağırışları əks etdirir. Bütün bunları nəzərə alaraq, Sizin tapşırığınıza uyğun hazırlanan Dövlət Proqramı ümumilikdə kənd təsərrüfatında transformasiyanı dörd istiqamətdə ehtiva edir, yəni bu transformasiya dörd sütun üzərində qurulur. İlk növbədə, bu, resurs səmərəliliyinə əsaslanan kənd təsərrüfatının formalaşdırılmasıdır. Yüksək əlavə dəyər yaradan kənd təsərrüfatının inkişaf etdirilməsidir. Dəyər zəncirini və bazar inteqrasiyasını həyata keçirən, ona əsaslanan kənd təsərrüfatının formalaşdırılmasıdır. Bunların hamısına dəstək olan texnologiya və innovasiyaya əsaslanan kənd təsərrüfatı olmalıdır. Hazırlanan Dövlət Proqramında tədbirlər iki istiqamətdə nəzərdə tutulub: fundamental tədbirlər və dəstəkləyici tədbirlər. Fundamental tədbirləri daha ətraflı təqdim edəcəyəm. Bu, eyni zamanda, həm bitkiçilik, həm heyvandarlıq, həm də emal və logistika istiqamətli atılacaq tədbirlərdir. Amma, eyni zamanda, bu Dövlət Proqramının özünəməxsusluğu ondan ibarətdir ki, sadəcə fundamental və sahəvi tədbirləri özündə ehtiva etmir. Eyni zamanda, qanunvericilik təşəbbüslərini, institusional islahatları və rəqəmsallaşmanı da özündə birləşdirir.

İndi isə, möhtərəm cənab Prezident, tapşırığınıza uyğun olaraq hazırlanmış Dövlət Proqramının bitkiçilik istiqaməti üzrə hədəfləri təqdim etmək istəyirəm. İlk növbədə, buğda istehsalı və pambıq istehsalı istiqamətində əsas hədəf məhsuldarlığın hər iki məhsul üzrə ölkədə ixtisaslaşmış rayonlarda hektardan 5 ton məhsuldarlığa nail olmaqdır. Növbəti 5 il ərzində - 2030-cu ilə qədər əsas məqsəd hər iki sahədə məhsuldarlığı artırmaqla ümumi istehsalın yüksəldilməsi, pambıqçılıqda isə eyni zamanda emal dərinliyinin artırılmasına nail olmaqdır. Buna biz müxtəlif tədbirlərin həyata keçirilməsi ilə nail olacağıq. Burada həm müasir suvarmanın genişləndirilməsi, əlbəttə ki, əsas şərtlərdən biri olacaq. Amma, eyni zamanda, müəyyən texniki dəstəklərin verilməsi, torpaq işlərinin həyata keçirilməsi, toxumçuluğun, daha məhsuldar toxumların tətbiqi kimi fəaliyyətlər nəzərdə tutulub.

Bitkiçilik məhsulları sahəsinin inkişafı ilə bağlı hədəflərdən danışarkən müasir suvarmaya və konsolidasiyaya toxunmaq istəyirəm. Möhtərəm cənab Prezident, çıxışınızda da vurğuladığınız kimi, 2025-ci ildə Azərbaycanda müasir suvarma tətbiq olunan sahələr 130 min hektar təşkil edib. Əsas hədəfimiz isə tapşırığınıza uyğun olaraq bu göstəricini 2030-cu ilə qədər 300 min hektara çatdırmaqdır. Bu, əlbəttə ki, ölkədə məhsuldarlığın artımına, regionlarda fermerlərin rifah səviyyəsinin yüksəldilməsinə xidmət edəcək və bəzi məhsullarda da ixrac potensialını formalaşdıracaq. Eyni zamanda, Azərbaycanda ilk dəfə olaraq pilot konsolidasiya və təsərrüfatdaxili suvarma şəbəkəsinin, qapalı müasir suvarma şəbəkəsinin qurulması iki rayonda pilot layihə olaraq nəzərdə tutulmuşdur. Biz inanırıq ki, bu layihənin icrası əsasında həm torpaqdan və sudan daha səmərəli istifadəyə nail olunacaq, eyni zamanda, həmin bölgədə yaşayan və çalışan fermerlərin rifah səviyyəsinin yüksəldilməsinə gətirib çıxaracaq.

Möhtərəm cənab Prezident, çıxışınızda vurğuladığınız kimi, intensiv bağçılıq və istixana da bizim üçün əsas prioritet istiqamətlərdən biri olaraq qalacaq və növbəti beş il ərzində intensiv bağların sahəsinin 20 min hektar, istixanaların sahəsinin isə 500 hektar artırılması hədəf olaraq qarşımıza qoyulmuşdur. Burada diqqətinizi bir məqama çəkmək istəyirəm ki, istixanaların artıq istixana aqroparkı modelində inkişaf etdirilməsi nəzərdə tutulur və bitkiçilik sahəsində, əlbəttə ki, logistika emal istiqaməti də önəmli əhəmiyyət daşıyır. Taxıl silolarının növbəti beş ildə həcminin 150 min kubmetr artırılması və çıxışınızda qeyd etdiyiniz kimi, soyuducu anbar həcminin isə 500 min tona çatdırılması hədəf olaraq qoyulmuşdur. Eyni zamanda, möhtərəm cənab Prezident, kiçik şərabçılığa və ailə təsərrüfatlarının şərabçılığın inkişafı istiqamətində verdiyiniz tapşırıqlara uyğun olaraq, bu proqram çərçivəsində də Azərbaycanda kiçik ailə təsərrüfat şərabçılığının inkişaf etdirilməsi nəzərdə tutulmuşdur və 2030-cu ildə belə təsərrüfatların sayının 20-ə çatdırılması hədəflənir.

İndi isə heyvandarlıq sahəsi ilə bağlı qarşımıza qoyulan hədəfləri qeyd etmək istəyirəm. Ümumi süd istehsalı həcminin 2030-cu ilədək 10 faiz, ət istehsalının 20 faiz artırılması nəzərdə tutulmuşdur. Ət istehsalında özünütəminetmə səviyyəsinin 100 faizə çatdırılması qarşımıza əsas məqsəd kimi qoyulmuşdur. Eyni mənzərə qoyunçuluq üçün də nəzərdə tutulmuşdur. Qoyunçuluq istiqamətində yarımintensiv təsərrüfatların yaradılması nəzərdə tutulur və bunun sayəsində məhz ümumi məhsul istehsalının 9 faiz artırılması və özünütəminatın 101 faizə çatdırılması hədəflənmişdir. Qeyd edim ki, quşçuluq məhsulları ilə bağlı bugünkü özünütəminetmə səviyyəsi 82 faizdir, 100 faizə çatdırılması əsas hədəf olaraq müəyənləşdirilmişdir. İstehsalın isə 30 faiz artırılması nəzərdə tutulur. Burada əsas görüləcək tədbirlər yeni quşçuluq damlarının, yeni kəsimxanaların yaradılmasıdır və müvafiq olaraq damazlıq işinin təşviq edilməsidir.

Balıqçılıqla bağlı akvakulturanın inkişaf etdirilməsi əsas hədəflərdən biridir. Akvakulturada istehsal olunan balıq həcminin 2030-cu ilə qədər iki dəfədən çox artırılması əsas hədəf olaraq qarşımıza qoyulmuşdur. Eyni zamanda, buna biz ilk dəfə olaraq ölkədə balıqçılıq sahəsində subsidiyaların və dövlət güzəştlərinin verilməsi ilə nail olmağa çalışacağıq. Həmçinin, balıqartırma zavodlarının inşası da nəzərdə tutulmuşdur. Cənab Prezident, Siz də qeyd etdiyiniz kimi, təxmini hesablamalar göstərir ki, bu beş il ərzində kənd təsərrüfatı sektoruna bu Dövlət Proqramı çərçivəsində 5,9 milyard manat vəsaitin investisiya kimi qoyulması gözlənilir. Bunun 2,2 milyard manatının dövlət dəstəyi olunması nəzərdə tutulur. Qalan 3,7 milyard manatın isə özəl sektor tərəfindən yatırılması gözlənilir. Bu investisiyalar və bu Dövlət Proqramının tətbiq olunması əsasında gözlənilən iqtisadi təsirlərə dair qeyd etmək istəyirəm ki, 2030-cu ilə qədər kənd təsərrüfatı üzrə istehsaldakı artım dinamikasının 2 faizdən yuxarı olacağı hesablanıb. İxrac artımının 6 faizdən yüksək olması gözlənilir. Çox mühüm bir məqama diqqətinizi cəlb etmək istəyirəm ki, bu proqram çərçivəsində infrastruktur və bünövrə işləri kənd təsərrüfatında olduqca geniş vüsət alacaq. Bunlar təşkil olunacaq və görüləcək bir çox işlər - intensiv bağçılıq, istixanaların inkişaf etdirilməsi, müasir suvarma sistemlərinin qurulması, suvarma şəbəkələrinin genişləndirilməsi – bütün bunlar öz təsirini 2030-cu ildənsonra daha uzun müddətə göstərməsi üçün hesablanıbdır.

Yekun olaraq qeyd edim ki, kənd təsərrüfatının transformasiyası dayanıqlı məhsul istehsalını, məhsuldarlığın artırılmasını və resurslardan səmərəli istifadənin genişləndirilməsini ehtiva edir. Özəl sektorun bu Dövlət Proqramı çərçivəsində özünəməxsus bir payı olacaq və onun üzərinə çox böyük bir məsuliyyətli vəzifə düşür. Bu nöqteyi-nəzərdən dövlət qurumları tərəfindən özəl sektor üçün həm çevik mexanizmlərin işlənməsi, həm də operativ xidmətlərin göstərilməsi təşviqedici rol oynayacaq, eyni zamanda, onları bu sektora investisiya yatırmağa daha çox cəlb edəcək.

Möhtərəm cənab Prezident, aqrar sahəyə cavabdeh qurumun adından Sizi əmin etmək istəyirəm ki, tapşırığınızla hazırlanmış bu Dövlət Proqramının icrası istiqamətində tələb olunan bütün addımları atmaq, verdiyiniz bütün tapşırıqları yerinə yetirmək üçün tam səfərbər olacağıq və əlimizdən gələn hər şeyi etməyə çalışacağıq. Əlbəttə ki, digər dövlət qurumlarının da resurslarının, imkanlarının səfərbər edilməsi Dövlət Proqramının uğurlu icrası üçün əhəmiyyətli dərəcədə dəstək olacaqdır. Diqqətiniz üçün təşəkkür edirəm, cənab Prezident.

Prezident İlham Əliyev: Sağ olun.

X X X

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Zati-alinizin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində aqrar sektor respublikamızın ərzaq təhlükəsizliyinin təmin olunması və qeyri-neft iqtisadiyyatının inkişafı baxımından keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş, regionların sosial-iqtisadi dirçəlişi istiqamətində qəbul etdiyiniz qərarlar bu sahənin inkişafına güclü təkan vermişdir. Məlum olduğu kimi, müasir dövrdə kənd təsərrüfatı sektoru ölkəmizin ümumi su ehtiyatlarının ən böyük istehlakçılarından biri olaraq qalmaqdadır. Bu baxımdan, su ehtiyatlarının düzgün idarə olunması həm aqrar sektorun inkişafında önəmli rol oynayır, həm də ümumi iqtisadi dayanıqlığın əsas şərtlərindən biridir.

Möhtərəm cənab Prezident, 2025-ci ildə respublika üzrə bütün su mənbələrindən 11,5 milyard kubmetr həcmində su götürülmüş, suayırıcılarından verilmiş 7,5 milyard kubmetr su hesabına, ümumilikdə, 1 milyon 485 min hektar sahədə kənd təsərrüfatı bitkiləri suvarma suyu ilə təmin edilmişdir. Həmin il çərçivəsində istismar planına əsasən suvarma şəbəkələrində 31 milyon kubmetr, kollektor-drenaj şəbəkələrində isə 10 milyon kubmetr həcmində lildən təmizləmə işləri aparılmışdır. 842 ədəd nasos stansiyası, 6378 ədəd subartezian quyusu, 2779 ədəd hidrotexniki qurğu təmir edilmişdir. Əkin və suvarma sahəsində qurumlar arasında koordinasiyalı və səmərəli fəaliyyətin təşkili məqsədilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi arasında birgə Fəaliyyət Planı təsdiq edilmiş və suvarma suyunun təminatında meydana çıxan bütün çətinliklərin operativ qaydada həll edilməsi üçün İşçi qrupu yaradılmışdır. Birgə Fəaliyyət Planı çərçivəsində suvarılan torpaqlarda rayonlar, təqvim ayları və ongünlüklər üzrə suvarma qrafikləri tərtib edilmiş, respublika ərazisində mütəşəkkil suvarma əsasən təmin edilmişdir.

Bununla yanaşı, Sizin birbaşa tapşırıq və sərəncamlarınızla təsdiq edilmiş dövlət proqramları çərçivəsində kənd təsərrüfatı torpaqlarının su təminatının yaxşılaşdırılması məqsədilə ölkə üzrə genişmiqyaslı layihələr həyata keçirilir. Əsaslı vəsait qoyuluşu hesabına Suqovuşan, Xaçınçay, Köndələnçay su anbarlarının kaskadının və 7 magistral suvarma kanalının yenidən qurulması, həmçinin Zabuxçay su anbarının tikintisi işləri başa çatdırılmışdır. Sərsəng su anbarı, Aşağı Muğan, eləcə də ölkənin ən böyük magistral kanalı olan Şirvan suvarma kanalının yenidən qurulması, Yengicə və Əlicançay su anbarlarının tikintisi işləri davam etdirilmiş, Bərgüşadçay və Həkəriçay su anbarlarının isə tikintisinə başlanılması nəzərdə tutulmuşdur. Bununla yanaşı, beynəlxalq maliyyə institutları cəlb edilməklə Qarabağ suvarma kanalının yenidən qurulması və Qız qalası magistral suvarma kanalının tikintisi üzrə müvafiq hazırlıq işləri görülmüşdür. Bu işlərlə bərabər, Sizin də qeyd etdiyiniz kimi, 100 min hektardan çox yeni ərazi suvarılacaq və 500 min hektara yaxın ərazidə suvarma sistemləri yaxşılaşdırılacaqdır.

Xüsusi diqqətiniz sayəsində Qarabağ və Şərqi Zəngəzur ümumi su balansımıza tam inteqrasiya olunur, işğaldan azad edilmiş ərazilərdə müasir su təsərrüfatı infrastrukturunun qurulması istiqamətində kompleks tədbirlər davam etdirilir. Sözügedən ərazilərin kənd təsərrüfatı potensialının reallaşdırılması üçün etibarlı su təminatının yaradılması əsas prioritetimizdir.

Bütün bu layihələr dövlət tərəfindən su və kənd təsərrüfatına göstərilən böyük diqqətin göstəricisidir. Lakin məlum olduğu kimi, dövlətimizin infrastruktur layihələrinə qoyduğu böyük sərmayələrin geri qayıtması yalnız texniki həllər və yeni su mənbələrinin yaradılması ilə deyil, eyni zamanda, mövcud su ehtiyatlarından səmərəli istifadənin artırılması ilə təmin edilməlidir. Bu istiqamətdə əkin sahələri üzrə ənənəvi suvarma üsullarından imtina edilməsi və müasir suvarma sistemlərinin – damcı və pivot texnologiyalarının tətbiqinin genişləndirilməsi müasir dövrün çağırışlarından biridir. Müasir suvarma sistemlərinin tətbiqi həm torpaqların şoranlaşmasının qarşısını alır, həm məhsuldarlığı əhəmiyyətli dərəcədə artırır, həm də su resurslarımıza qənaət edilərək investisiyanın iqtisadi səmərəliliyini maksimuma çatdırır.

Bu gün qarşımızda duran ən böyük çağırışlardan biri də mövcud su ehtiyatlarına uyğun əkin strukturunun yaradılmasıdır. İqlim dəyişikliyi fonunda su ehtiyatlarının və yağıntıların həcminin illər üzrə dinamik surətdə dəyişdiyini nəzərə alaraq, hər bir regionun illik su balansı dəqiqliklə hesablanmaqla hansı bitki növlərinin əkiləcəyi, hansı sahələrin inkişafının təşviq ediləcəyi məhz bu su ehtiyatlarına uyğun olaraq müəyyən edilməlidir. Bu istiqamətdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 2026–2030-cu illər üçün tədbirlər planı üzrə, misal üçün, buğda və pambığın orta məhsuldarlığının 50 sentnerə yüksəldilməsi hədəfləri mövcud ekstensiv suvarma sistemlərindən deyil, müasir, intensiv suvarma metodlarına keçidi şərtləndirir. Həmçinin Tədbirlər Planında intensiv bağların sahəsinin 50 min hektardan 70 min hektara, istixanaların sahəsinin isə 1500 hektardan 2000 hektara çatdırılması, eləcə də pambıq əkin sahələrinin 100 min hektardan 85 min hektara endirilməsi fonunda məhsuldarlığın 17 faiz artırılaraq ümumi istehsalın 425 min tona yüksəldilməsi ilə bağlı bütün hədəflər bizim tərəfdən təqdirəlayiq hesab edilir. Eyni zamanda, Tədbirlər Planında qeyd olunduğu kimi, Qəbələ və Salyan rayonlarında 20 min hektar sahənin konsolidasiyası və həmin sahələrdə təsərrüfatdaxili suvarma şəbəkələrinin quraşdırılması, həmçinin respublika ərazisində müasir suvarma texnikasının əhatə dairəsinin 130 min hektardan 300 min hektara qədər artırılması su ehtiyatlarından dayanıqlı istifadəsinin təmin edilməsi baxımından mütərəqqi addım kimi qiymətləndirilə bilər.

Möhtərəm cənab Prezident, qarşıya qoyulmuş hədəflərə nail olmaq üçün dövlət qurumlarının, xüsusilə Kənd Təsərrüfatı Nazirliyi ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sıx əməkdaşlıq şəraitində fəaliyyəti təmin edilməkdədir. Aqrar sahənin inkişafı baxımından qeyd edilmiş tədbirlərin həyata keçirilməsi ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalının dayanıqlı və səmərəli təşkilinə töhfə verməklə yanaşı, su ehtiyatlarından səmərəli istifadə ilə nəticələnəcək, suvarılan sahələrin şoranlaşmasının və deqradasiyanın qarşısını əhəmiyyətli dərəcədə alacaqdır. Qeyd olunanları nəzərə alaraq, təqdim edilmiş dövlət proqramının tədbirlər planının həyata keçirilməsini önəmli hesab edirik.

Diqqətinizə görə təşəkkür edirəm.

Prezident İlham Əliyev: Sağ olun.

x X X

Sonra müzakirələr davam etdirildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib.

"Report" xəbər verir ki, dövlət başçısı müşavirədə nitq söyləyib.

Sərdar Berdiməhəmmədov: Azərbaycanla əməkdaşlığı davam etdirməyə hazırıq

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Report"un məlumatına görə, mətndə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Sizi və bütün Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan hazırda sürətlə inkişaf edir, iqtisadiyyat, infrastruktur və mədəniyyət sahələrində ciddi nailiyyətlər nümayiş etdirir, həmçinin beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsində mühüm rol oynayır.

Böyük məmnunluqla qeyd edirəm ki, mehriban qonşuluq, dostluq və qarşılıqlı anlaşma prinsiplərinə əsaslanan Türkmənistan-Azərbaycan münasibətləri getdikcə dinamik və ardıcıl xarakter alır. Xalqlarımızın rifahı naminə sıx əməkdaşlığımızı davam etdirməyə hazır olduğumuzu bildiririk.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və firavanlıq arzulayıram".

İlham Əliyev İordaniya Kralını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İordaniyanın Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseynə təbrik məktubu ünvanlayıb.

"Report"un məlumatına görə, mətndə deyilir:

"Əlahəzrət,

İordaniya Haşimilər Krallığının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost İordaniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Azərbaycanın postmünaqişə bərpası sahəsindəki beynəlxalq təşəbbüsü WUF13-ün yekun sənədlərində dəstəklənib

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) yekunu olaraq qəbul edilmiş "Bakı Fəaliyyətə Çağırış"da və nazirlər görüşünün sənədində Azərbaycanın irəli sürdüyü "Təhlükəsiz qayıdış üçün ağıllı və dayanıqlı məskunlaşma həlləri paketi" (4SRP) təşəbbüsü dəstəklənib.

"Report" xəbər verir ki, yüksək səviyyəli görüşün xülasəsində nazirlərin "WUF13 çərçivəsində Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat), Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) və Bakı İqlim və Sülh Mərkəzi (Bakı Mərkəzi) ilə birgə hazırladığı təşəbbüsünü alqışladıqları qeyd olunub.

Bildirilib ki, qlobal miqyasda növbəti iki il üçün şəhərsalma siyasəti üzrə əsas tövsiyələri özündə əks etdirən "Bakı Fəaliyyətə Çağırış" da 4SRP təşəbbüsünün əsas məqsədlərini təsdiqləyir:

"Biz yenidənqurma və bərpa səylərinin prioritetləşdirilməsi və nəticə etibarilə məcburi köçkünlərin öz evlərinə qayıdışı üçün əlaqələndirilmiş yanaşmaya çağırırıq".

Qeyd edək ki, təşəbbüs 2026-cı il mayın 19-da WUF13 çərçivəsində keçirilmiş yüksək səviyyəli panel zamanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən UN-Habitat, BMqT və Baku Hub ilə birgə irəli sürülüb.

Təşəbbüs iqlim dəyişikliyi, ətraf mühitin deqradasiyası, məcburi köç, münaqişə və humanitar həssaslıq kimi bir-biri ilə əlaqəli çağırışlara cavab olaraq inteqrasiya olunmuş şəhərsalma və bərpa yanaşmalarının hazırlanmasını nəzərdə tutur.

Təşəbbüs tərəfdaşlarının vurğuladığı kimi, sözügedən yanaşmaları ehtiva edəcək beynəlxalq standartların formalaşdırılması prosesində Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirdiyi genişmiqyaslı bərpa işləri, post-münaqişə şəraitində "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının tətbiqi üzrə təcrübəsindən geniş istifadə olunacaq.

Eyni zamanda, təşəbbüs postmünaqişə və həssas regionlar üçün praktiki şəhərsalma modellərinin hazırlanması, onların beynəlxalq səviyyədə təşviqi, eləcə də iqlim və inkişaf maliyyəsinə çıxış imkanlarının asanlaşdırılması baxımından mühüm platforma kimi qiymətləndirilir.

Kim Çen In İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib

Koreya Xalq Demokratik Respublikasının Dövlət İşlərinin Sədri Kim Çen In Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Report"un məlumatına görə, mətndə deyilir:

"Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və Sizin şəxsinizdə ölkənizin hökumətinə və xalqına təbriklərimi çatdırıram.

Ümidvar olduğumu bildirirəm ki, ölkələrimiz arasında dostluq münasibətləri qarşılıqlı maraqlara uyğun olaraq gələcəkdə də möhkəmlənəcək və inkişaf edəcək".

BƏƏ rəhbərliyi Prezident İlham Əliyevi təbrik edib

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Report"un məlumatına görə, mətndə deyilir:

"Möhtərəm cənab Prezident.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Sizə möhkəm cansağlığı, səadət, Azərbaycan Hökumətinə və dost Azərbaycan xalqına rifah və tərəqqi arzulayıram.

Ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Bundan başqa, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Raşid Al Maktum da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Mətndə deyilir:

"Möhtərəm cənab Prezident.

Ölkənizin Müstəqillik Günü münasibətilə Zati-alinizi səmimi-qəlbdən təbrik edir və ən xoş arzularımı çatdırmaqdan məmnunluğumu bildirirəm.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan Hökumətinə və dost Azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzu edirəm.

Sizə olan ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Eyni zamanda, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident Administrasiyasının rəhbəri Şeyx Mansur bin Zayed Al Nəhyan da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Mətndə deyilir:

"Möhtərəm cənab Prezident.

Azərbaycanın Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunluğumu ifadə edirəm.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan Hökumətinə və dost Azərbaycan xalqına tərəqqi və rifah arzulayıram".

Zati-alinizə olan ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hatayda güclü yağış sel və daşqınlara səbəb olub, 4 nəfər ölüb

Türkiyənin Hatay vilayətində güclü yağış sel və daşqınlara səbəb olub, 4 nəfər ölüb, 1 nəfər itkin düşüb.

"Report" "Haber Global"a istinadən xəbər verir ki, bir kvadratmerə 157,2 mm yağıntı düşüb, nəticədə Asi çayı daşıb, küçə və prospektlər, evlər, müəssisələr və kənd təsərrüfatı sahələri su altında qalıb.

Bundan başqa, torpaq sürüşməsi nəticəsində bir ev uçub, bəzi körpülər və yollar çöküb, avtomobillərə ciddi ziyan dəyib.

Sabahdan müəllimlərin yerdəyməsi üzrə vakansiya seçiminə başlanılır

Müəllimlərin yerdəyişməsi müsabiqəsi üzrə növbəti vakansiya seçiminə başlanılır.

"Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, mayın 23-ü saat 11:00-dan etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə start verilir.

Müsabiqə üzrə vakansiya seçimi mayın 26-sı saat 11:00-dək davam edəcək. Müəllimlər həmin tarixədək vakansiya seçimi edərək elektron ərizələrini təsdiqləməlidirlər.

Vakansiya seçimi mərhələsində iştirak edəcək şəxslərə diqqətli olmaq və seçim etdikdən sonra elektron ərizələrini təsdiqləməyi unutmamaq tövsiyə olunur.

İlham Əliyev Avrasiya Milli Universitetinin rektorunu təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lev Qumilyov adına Avrasiya Milli Universitetinin İdarə Heyətinin sədri-rektoru Yerlan Sıdıkova təbrik məktubu ünvanlayıb.

"Report"un məlumatına görə, mətndə deyilir:

"Hörmətli cənab Sıdıkov,

Sizi və rəhbərlik etdiyiniz kollektivi əlamətdar yubiley – Lev Qumilyov adına Avrasiya Milli Universitetinin (AMU) yaranmasının 30 illiyi münasibətilə ürəkdən təbrik edirəm.

Yarandığı gündən etibarən AMU şərəfli yol keçərək mühüm uğurlara imza atmış, Qazaxıstanın aparıcı ali təhsil müəssisələrindən biri, regionda mötəbər elm və təhsil mərkəzinə çevrilmişdir.

Professor-müəllim heyətinin peşəkarlığı və tədris prosesinin təşkilinə innovativ yanaşma sayəsində AMU bu gün yüksək keyfiyyətli təhsilin simvolu, qlobal əhəmiyyətli təhsil müəssisələrindən biri hesab olunur. Universitetin bir çox məzunları müstəqil Qazaxıstanın inkişafına və rifahına öz töhfələrini verirlər.

22 il ərzində bu şanlı elm ocağının fəxri professoru adını daşıdığım üçün böyük fərəh hissi duyuram.

Əminəm ki, AMU bundan sonra da dünyanın nüfuzlu universitetləri sırasındakı mövqeyini daha da möhkəmləndirəcək, fundamental elmin inkişafı və dövrün tələblərinə cavab verən yüksəkixtisaslı kadrların hazırlanması kimi ali missiyasına sədaqətlə xidmət edəcəkdir.

Bu əlamətdar yubiley günündə Sizə, Universitetin bütün professor-müəllim heyətinə və tələbələrinə möhkəm cansağlığı, tükənməz enerji, fəaliyyətinizdə yeni zirvələr və uğurlar arzulayıram".

İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 12-də Bakı Olimpiya Stadionunun ərazisində mayın 17-22-də keçiriləcək "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusuna həsr olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı görülən işlərlə tanış olub.

"Report" xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov dövlət başçısına görülmüş işlər barədə məlumat veriblər.

Qeyd edək ki, tədbir məkanı Bakı Olimpiya Stadionu və onun ətrafında formalaşdırılan ümumi əməliyyat əhatə dairəsi üzrə 53 hektar təşkil edir. Bunun 43 hektarı əsas tədbir məkanı, 10 hektarı isə əsas nəqliyyat terminalı və parklanma-transfer zonası kimi planlaşdırılıb. Qeydiyyat, sessiya, sərgi, media, nəqliyyat, texniki təminat, könüllülər və məkan xidmətləri vahid əməliyyat sistemi kimi təşkil olunub.

Yüksək səviyyəli qonaqlar və nümayəndə heyətləri üçün xüsusi zonalar ayrılıb. Burada dövlət və hökumət nümayəndələrinin qəbulu, ikitərəfli görüşlər, istirahət sahəsi və qidalanma xidməti üçün xüsusi məkanlar nəzərdə tutulub.

Açılış və bağlanış mərasimlərinin təşkil ediləcəyi tədbir zalı 6000 nəfərə qədər iştirakçını qəbul edə biləcək. Mövcud hazırlıq səviyyəsi forumun yüksək iştirakçı axınını, çoxsaylı paralel tədbirləri və beynəlxalq nümayəndə heyətlərinin qəbullarını uyğun şəkildə planlaşdırmağa imkan verir. Forumun əsas müzakirə və paralel tədbirlərinin olacağı zona 3,55 hektar sahəni əhatə edir və iclas zalları, tematik sessiyalar, BMT tədbirləri, paralel görüşlər və ikitərəfli danışıqlar üçün nəzərdə tutulub. Burada müxtəlif formatlı rəsmi və işgüzar görüşlərin eyni vaxtda keçirilməsi üçün şərait var. Forum zamanı gündə təxminən 300-ə qədər paralel sessiya, görüş və tədbirin keçirilməsi planlaşdırılır.

Tədbirdə BMT-nin 6 rəsmi dili - ərəb, Çin, ingilis, fransız, rus və ispan dilləri ilə yanaşı, Azərbaycan və türk dillərində də sinxron tərcümə təmin ediləcək. Eyni zamanda, əlilliyi olan şəxslər üçün beynəlxalq işarə dili xidməti nəzərdə tutulub.

Bütün tədbir ərazisi üzrə 35-dən çox iaşə məntəqəsi nəzərdə tutularaq, məkanlar və açıq hava zonalarında yerləşdirilməklə iştirakçı axınının müxtəlif istiqamətlər üzrə paylanmasına və məkanda xidmət əlçatanlığının təmin olunmasına imkan verir.

İki hektar sahəni əhatə edən zonada isə "Media mərkəzi" ilə yanaşı, "Dəyirmi masa", "Xüsusi sessiya" və "Dialoq zalları" yerləşir. "Media mərkəzi"ndə iş sahəsi, canlı yayım və müsahibə otaqları, mətbuat konfransı zalı, TV studiyaları və media istirahət sahəsi mövcuddur. "Media mərkəzi"nin ümumi tutumu 600 nəfərdir. Burada eyni vaxtda isə 400 media nümayəndəsi işləyə bilər.

Ərazidə istirahət zonası da yaradılıb. Zonanın ümumi vizual və memarlıq yanaşmasında İçərişəhərdən ilhamlanan elementlərdən və Azərbaycan xalçaçılığına aid ornamentlərdən istifadə edilib.

Forum iştirakçıları üçün açıq hava formatında WUF13 Bulvarı yaradılıb. Bu sahə 2,5 hektar ərazini təşkil edir və iştirakçıların sərbəst hərəkəti, istirahəti, iaşə xidmətlərindən istifadəsi və tədbir məkanında şəhər mühiti ab-havasını hiss etməsi üçün nəzərdə tutulub. Bulvar ərazisi "Expo zonası"na keçid və açıq ictimai məkan funksiyasını daşıyır.

"Urban Expo zonası" isə 3,5 hektar sahəni əhatə edir. Ərazidə ölkə pavilyonları, beynəlxalq təşkilatlar, dövlət qurumları, yerli və regional hakimiyyət orqanları, özəl sektor, qeyri-hökumət təşkilatları, fondlar, təhsil və tədqiqat qurumları üçün sərgi sahələri yerləşir. Ümumilikdə, 121 pavilyon, o cümlədən 41 ölkə pavilyonu nəzərdə tutulub.

Forumun rəsmi mərasim komponentləri tədbir məkanının ümumi planlaşdırılmasında xüsusi nəzərə alınıb. Bayraq meydanı rəsmi mərasimlərin keçirilməsi üçün hazırlanıb və şəhər ab-havasının hiss olunması məqsədilə qala divarları motivləri ilə əhatələnib.

Nəqliyyat terminalı və parklanma-transfer funksiyalarını əhatə edən əlavə 10 hektarlıq zona ümumi əməliyyat ərazisinə inteqrasiya edilib. Burada avtobus, taksi xidmətləri, parklanma və iştirakçıların məkana yönləndirilməsi proseslərinin idarə olunması icra ediləcək. Şəhər üzrə nəqliyyat mübadilə mərkəzləri, elektrik avtobusları, taksi xidməti və hava limanı daşımaları tədbirin ümumi nəqliyyat planına inteqrasiya olunub.

Qeydiyyat prosesi üçün olan sahədə eyni anda 70 nəfərə, saatda isə 1000 nəfərə xidmət göstərmək imkanı var. Əlilliyi olan şəxslər üçün ayrıca akkreditasiya və qeydiyyat masaları nəzərdə tutulub. Qeydiyyat əməliyyatları tədbirin tələblərinə uyğun olaraq Azərbaycan tərəfinin əməliyyat komandası tərəfindən qurulub və iştirakçı axınının mərhələli idarə olunmasına uyğunlaşdırılıb.

Tədbirin fasiləsiz internet, yayım və rəqəmsal əməliyyat ehtiyaclarını təmin etmək üçün əsas və ehtiyat məlumat mərkəzləri, genişmiqyaslı fiber-optik və daxili şəbəkə infrastrukturu, simsiz şəbəkə avadanlıqları və fasiləsiz işləyəcək əməliyyat mərkəzi yaradılıb.

Diqqətə çatdıraq ki, Bakının ev sahibliyi edəcəyi BMT-nin Məskunlaşma Proqramı və Azərbaycan Hökuməti tərəfindən birgə təşkil olunan WUF13 dünyanın diqqətini yenidən ölkəmizə yönəldəcək. İndiyədək 178 ölkədən 30 mindən çox iştirakçı tədbirə qatılacağını təsdiqləyib. Bu mühüm tədbirdə Azərbaycan dövləti tərəfindən Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən misilsiz yenidənqurma və şəhərsalma modeli, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə tətbiq edilən "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları, bu regionların "yaşıl enerji zonası"na çevrilməsi ilə bağlı görülmüş işlər müasir urbanizasiya və ekoloji bərpa sahəsində qabaqcıl nümunələr kimi dünya ictimaiyyətinə təqdim ediləcək. Qeyd edək ki, WUF13, həmçinin WUF tarixində ilk dəfə Liderlər Sammiti seqmentinin proqrama daxil edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Prezident İlham Əliyev BP şirkətinin baş icraçı direktorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 12-də BP şirkətinin baş icraçı direktoru Meq O"Nili qəbul edib.

"Report" xəbər verir ki, dövlət başçısı Meq O"Nili BP şirkətinin baş icraçı direktoru vəzifəsinə təyin olunması münasibəti ilə təbrik edib, onun rəhbərliyi ilə SOCAR-bp uğurlu əməkdaşlığının gələcəkdə də davam edəcəyinə əminliyini bildirib.

Prezident İlham Əliyev ölkəsi ilə BP arasında 30 ildən artıqdır ki, nadir tərəfdaşlıq tarixçəsinin olduğunu deyib. Dövlət başçısı vurğulayıb ki, bu müddətdə həyata keçirilmiş bütün layihələrdən əldə edilən gəlir əsasən Azərbaycanın sosial-iqtisadi inkişafı üçün istifadə olunub.

Ölkəsi ilə BP arasında icra olunan layihələrin sayının artmaqda olduğunu deyən Azərbaycan Prezidenti bunun əməkdaşlığın hər iki tərəf üçün faydalı olduğunu nümayiş etdirdiyini vurğulayıb və tərəfdaşlığın strateji xarakter daşıdığını diqqətə çatdırıb.

Təbriklərə görə təşəkkürünü bildirən Meq O"Nil Bakıda olmaqdan şərəf hissi keçirdiyini deyib.

Bp şirkətinin baş icraçı direktoru Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi ilə neft və qazdan əldə edilən gəlirin ölkənin inkişafına sərf olunması ilə bağlı uzaqgörən liderliklərini xüsusi vurğulayıb.

Meq O"Nil bu xüsusda Bakının inkişafına, o cümlədən yollara və infrastruktura yatırılan sərmayəyə toxunub.

Dövlət başçısı qeyd edib ki, bəzi hallarda neft və qazdan əldə edilən gəlir sosial qeyri-bərabərliyə səbəb olur. Azərbaycanın timsalında isə bu, ölkənin tərəqqisinə kömək edib. Müstəqilliyini bərpa etdikdən bir müddət sonra "Əsrin müqaviləsi"nin imzalandığını xatırladan Prezident İlham Əliyev Birinci Qarabağ müharibəsindən sonra ölkədə vəziyyətin çətin olduğunu deyib, ərazilərinin itkisinə məruz qaldığını və humanitar fəlakətlə üzləşdiyini vurğulayıb. Azərbaycan Prezidenti bildirib ki, o zaman büdcəmiz sıfır səviyyəsində idi və bu vəziyyətdən çıxmağın yeganə yolu əsas beynəlxalq şirkətləri ölkəmizə cəlb etmək, onları investisiya yatırmağa inandırmaq idi. Prezident İlham Əliyev bu xüsusda bp-yə göstərdiyi etimada görə minnətdarlığını bildirdi.

Söhbət zamanı bp-nin ölkəmizdə icra etdiyi enerji, o cümlədən bərpaolunan enerji layihələri qeyd olundu, şirkətin işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirdiyi layihənin önəminə toxunuldu.

Görüşdə ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu qeyd edildi, SOCAR-bp əməkdaşlığının perspektivləri müzakirə olundu.

Gəncədə qanunsuz inşa olunan tikililər sökülüb

Gəncədə qanunsuz inşa olunan tikililər sökülüb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin Cavadxan qəsəbəsi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilərək, bu barədə müvafiq tədbirin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.

Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyəti və Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikililər sökülüb.

İlham Əliyev: Azərbaycan enerji təhlükəsizliyinin təmin olunması baxımından həmişə Aİ-nin etibarlı tərəfdaşıdır

Azərbaycan enerji təhlükəsizliyinin təmin olunması baxımından həmişə Avropa İttifaqının etibarlı tərəfdaşıdır.

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 5-də Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.

Azərbaycan lideri ölkəsi ilə Avropa İttifaqı arasında enerji, bağlantılar, təhlükəsizlik, ticarət və digər sahələrdə əməkdaşlığın perspektivlərinə toxunub. Dövlət başçısı Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri, eyni zamanda, ölkəsinin isə enerji təhlükəsizliyinin təmin olunması baxımından həmişə Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu vurğulayıb. Bu xüsusda dövlət başçısı qeyd edib ki, bu yaxınlarda Azərbaycan qazı Avropa İttifaqının daha iki üzv ölkəsinə - Almaniyaya və Avstriyaya çatıb.

İlham Əliyev Avropa İttifaqının ali nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Report" xəbər verir ki, söhbət zamanı Prezident İlham Əliyevin Kaya Kallasla görüşləri məmnunluqla xatırlanıb, onun 2025-ci ildə ölkəyə səfəri zamanı əməkdaşlığın genişləndirilməsi ilə bağlı səmərəli müzakirələrin aparıldığı qeyd edilib.

Kaya Kallas Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Antonio Koştaya çatdırmağı xahiş etdi.

Kaya Kallas Antonio Koştanın ölkəyə səfəri zamanı dövlət başçısı və Avropa İttifaqı Şurasının Prezidenti tərəfindən birgə bəyanatın qəbul edilməsinin, həmin sənəddə Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin strateji xarakterinin vurğulanmasının əhəmiyyətinə toxunub.

Qonaq Azərbaycanın Avropa İttifaqı üçün vacib tərəfdaş olduğunu deyib.

Prezident İlham Əliyev ölkəsi ilə Avropa İttifaqı arasında enerji, bağlantılar, təhlükəsizlik, ticarət və digər sahələrdə əməkdaşlığın perspektivlərinə toxunub. Dövlət başçısı Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri, eyni zamanda, ölkəsinin isə enerji təhlükəsizliyinin təmin olunması baxımından həmişə Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu vurğulayıb. Bu xüsusda dövlət başçısı qeyd edib ki, bu yaxınlarda Azərbaycan qazı Avropa İttifaqının daha iki üzv ölkəsinə - Almaniyaya və Avstriyaya çatıb.

Söhbət zamanı Azərbaycan-Ermənistan sülh prosesinə toxunuldu, ölkəmizin sülh gündəliyinin gücləndirilməsi istiqamətində atdığı addımlar vurğulandı. Azərbaycanla Ermənistan arasında artıq iqtisadi-ticari münasibətlərin yaradıldığı qeyd edilərək, bu xüsusda ölkəmizin Ermənistana gedən tranzit yüklərlə bağlı məhdudiyyəti birtərəfli qaydada aradan qaldırdığı bildirildi. Ötən gün İrəvanda keçirilmiş "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında Azərbaycan Prezidentinin videobağlantı formatında iştirakı tarixi hadisə kimi dəyərləndirildi.

Görüşdə vurğulandı ki, hazırda Azərbaycanla Avropa İttifaqının gündəliyində rəqəmsal transformasiya, süni intellekt, bərpaolunan enerji və digər sahələrdə əməkdaşlıqla bağlı məsələlər var.

Söhbət zamanı Avropa İttifaqının minatəmizləmə sahəsində Azərbaycana dəstəyi təqdir edildi, TRIPP layihəsinin fəaliyyətə başlaması ilə onun regionda bağlantılar baxımından yaxşı imkanlar yaradacağı qeyd olundu.

Dövlətimizin başçısı və Kaya Kallas Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının perspektivlərini və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə etdilər.

Azərbaycanla Türkiyə hərbçiləri kütləvi qırğın silahlarından mühafizə ilə bağlı müzakirələr aparıb

Bakıda Azərbaycan ilə Türkiyə arasında kütləvi qırğın silahlarından mühafizə sahəsi üzrə qabiliyyətlərin inkişaf etdirilməsi və bu sahədə dünyada cərəyan edən hadisələrin təqib edilməsi məqsədilə görüş keçirilib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, general-leytenant Azər Əliyev Azərbaycan və Türkiyə arasında qardaşlıq və dostluğa əsaslanan əlaqələrin hərbi sahədə də sürətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsində möhkəmləndiyini qeyd edib.

Vurğulanıb ki, qarşılıqlı səfərlər qlobal və regional inkişaf tendensiyaları nəzərə alınmaqla radiasiya, kimyəvi və bioloji mühafizə sahəsində fəaliyyətlərin davamlı şəkildə təhlilinə və ordularımızın potensialının ən yüksək səviyyədə saxlanılmasına mühüm töhfə verir.

Tərəflər həmçinin hərbi, hərbi-texniki və digər sahələrdə görülən işlərin cari vəziyyətini müzakirə edib, qarşılıqlı maraq doğuran mövzular ətrafında geniş fikir mübadiləsi aparıblar.

Bir qrup din xadimi Naxçıvanda tarixi abidələrlə tanış olub

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Türkiyənin Qars və İğdır vilayətlərindən, Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı müxtəlif bölgələrindən, həmçinin ölkədə fəaliyyət göstərən din xadimlərindən ibarət nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına səfəri yekunlaşıb.

Bu barədə "Report"a Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, mayın 5-də nümayəndə heyəti Möminə Xatun türbəsi, Əshabi-Kəhf ziyarətgahı, "Duzdağ" Fizioterapiya Mərkəzi, eləcə də Xan Sarayı Dövlət Tarix-Memarlıq Muzeyi ilə yaxından tanış olublar. İştirakçılara bu məkanların zəngin tarixi, memarlıq xüsusiyyətləri, dini və mədəni əhəmiyyəti barədə ətraflı məlumat verilib. Eyni zamanda, tarixi abidələrin qorunması, bərpası və gələcək nəsillərə ötürülməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb.

Nümayəndə heyətinin üzvləri regionun çoxəsrlik irsinin, milli-mənəvi dəyərlərinin və tolerantlıq ənənələrinin yaşadılmasının və gələcək nəsillərə ötürülməsinin böyük əhəmiyyət daşıdığını vurğulayıblar. Belə səfərlərin müxtəlif ölkələrdə yaşayan azərbaycanlı din xadimləri arasında həmrəyliyin gücləndirilməsinə, ortaq kimlik və mənəvi bağlılığın daha da möhkəmləndirilməsinə mühüm töhfə verdiyi bildirilib.

Qeyd edək ki, səfərdə Türkiyənin Qars və İğdır vilayətlərindən, Gürcüstanın müxtəlif bölgələrindən, eləcə də Azərbaycanda fəaliyyət göstərən 40-dan çox azərbaycanlı din xadimi iştirak edib.

İlham Əliyev 19-cu "Caspian Agro Week" və 31-ci "InterFood Azerbaijan" sərgiləri ilə tanış olub - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva mayın 5-də Bakı Ekspo Mərkəzində 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu - "Caspian Agro Week" və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi - "InterFood Azerbaijan" ilə tanış olublar.

"Report" xəbər verir ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədov dövlət başçısına və birinci xanıma sərgilər barədə məlumat verib.

Bildirilib ki, 45 ölkədən 447 şirkətin iştirak etdiyi sərgilərin coğrafiyası bu il daha da genişlənib. İlk dəfə olaraq burada Braziliya, Efiopiya, Şimali Kipr milli pavilyonlarla təmsil olunur. Ümumilikdə isə sərgilərdə Almaniya, Belarus, Braziliya, Cənubi Koreya, Gürcüstan, İtaliya, İndoneziya və Niderlandın milli stendləri var.

"Caspian Agro Week" sərgisi kənd təsərrüfatı texnikası, obyektləri və avadanlıqları, suvarma, qablaşdırma, logistika, elektron kənd təsərrüfatı, innovasiya texnologiyaları, heyvandarlıq, quşçuluq, bitkiçilik, baytarlıq, tullantıların emalı sahələrini əhatə edir. Eyni zamanda, sərgidə "Smart Agro" istiqaməti üzrə süni intellekt, "ağıllı" kənd, startaplar, İT xidmətləri, robototexnika, pilotsuz uçuş aparatları və "green agro" bölmələri nümayiş olunur.

"InterFood Azerbaijan" sərgisində isə qida sənayesi, içkilər, meyvə-tərəvəz, qida texnologiyaları və digər bölmələr üzrə məhsullar və xidmətlər təqdim edilir.

Əsas yeniliklərdən biri indiyədək "Caspian Agro" kimi tanınan sərginin bu ildən "Caspian Agro Week" konsepti çərçivəsində təşkil olunmasıdır. Sərgi ilə yanaşı, konfrans və forumlar, həmçinin innovativ təsərrüfatlara səfərlər təşkil olunacaq.

Dövlət başçısı və birinci xanım "Azərsun Holdinq" şirkətinin stendinə baxıblar. Şirkət "tarladan süfrəyə" prinsipi ilə fəaliyyət göstərərək müasir avadanlıq və innovativ həllərlə yüksəkkeyfiyyətli kənd təsərrüfatı məhsulları istehsal edir. "Azərsun Holdinq"in fəaliyyəti bölgələrdə on minlərlə insanın daimi və mövsümi işlərlə təminatına imkan yaradır.

Azərbaycanın aqrar sektorunda 10 ildən artıq təcrübəyə malik "Agro Dairy" aparıcı kənd təsərrüfatı və qida şirkətlərindən biridir. Şirkət xammalın istehsalından emalına, logistikasından son məhsulun istehlakçıya çatdırılmasına qədər bütün mərhələləri birləşdirən güclü aqrar-sənaye ekosistemi formalaşdırıb. "Torpaqdan süfrəyədək" prinsipi əsasında qurulan dəyər zənciri məhsulun keyfiyyətini təmin edir.

Almaniyanın "Holmer" şirkəti şəkər çuğunduru yığmaq üçün özüyeriyən kombaynların istehsalında dünya lideridir. "Holmer" innovativ şirkət olmaqla, texnoloji cəhətdən qabaqcıl kənd təsərrüfatı texnikasının istehsalını və satışını həyata keçirir.

İtaliyanın "New Holland" şirkəti kənd təsərrüfatı texnikasının istehsalı sahəsində 130 illik təcrübəyə malikdir. Dünyanın 170-dən çox ölkəsində bu şirkətin məhsulları istifadə olunur. "New Holland" kombaynları və traktorları müasir texnologiyalarla təchiz olunaraq, fermerlərin işini asanlaşdırır, keyfiyyətli biçinlə yanaşı, məhsul yığımını da avtomatlaşdırır.

Rusiyanın "PhosAgro" şirkəti dünyada fosfatəsaslı gübrələrin aparıcı istehsalçılarından biridir. Şirkətin əsas fəaliyyət istiqaməti, eyni zamanda, yüksəkkeyfiyyətli fosfat süxurunun, həmçinin yem fosfatlarının, azot gübrələrinin və ammoniumun istehsalından ibarətdir. Avropanın ən iri fosfatəsaslı gübrə istehsalçısı olan bu şirkət, həmçinin ən böyük yüksəkkeyfiyyətli fosfat süxuru istehsalçısıdır.

Diqqətə çatdırıldı ki, 20 ilə yaxın təcrübəyə malik "Azera Holdinq" əkinçilik, heyvandarlıq, balıqçılıq üzrə aparıcı kənd təsərrüfatı şirkətlərini özündə birləşdirir. Qafqazın ən iri istixana komplekslərinə malik Holdinq həm də işğaldan azad olunmuş ərazilərdə geniş əkinçilik layihələrini uğurla icra edir. Holdinqə daxil olan "Fruitland" şirkəti Azərbaycanda ilk dəfə "Agroland" və "BinəAgro" şirkətlərinin 200 hektara yaxın əraziyə malik istixanalarında ildə 1000 tona yaxın banan yetişdirir.

Sərgidə iştirak edən Türkiyənin "Favo Agro" şirkəti kənd təsərrüfatı texnikası, avadanlıqları və ehtiyat hissələrinin tədarükü sahəsində fəaliyyət göstərən beynəlxalq şirkətdir. "Favo Agro" kənd təsərrüfatı texnikası ilə yanaşı, suvarma, sağım sistemləri və bu məhsullara aid ehtiyat hissələri üzrə həllər təqdim edir. Şirkət, həmçinin Azərbaycanda Favo və Aksan markaları ilə kənd təsərrüfatı texnikası və heyvandarlıq avadanlıqlarının istehsalını həyata keçirir.

Qeyd edildi ki, "Made in Azerbaijan" brendinin təşviqi üçün əlverişli platforma rolunu oynayan sərgilərə Kənd Təsərrüfatı Nazirliyi təşkilati dəstək göstərir. Nazirlik, həmçinin burada öz stendi ilə iştirak edir. Stenddə aqrar sektorun inkişafına yönəlmiş layihələr, dövlət dəstəyi mexanizmləri, rəqəmsal həllər, innovativ yanaşmalar, "Aqrar sahədə süni zəka", "Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi" layihələri, həmçinin startap təşəbbüsləri ilə bağlı məlumatlar təqdim olunur. Burada, eyni zamanda, "ağıllı" kənd təsərrüfatı texnologiyaları, rəqəmsal monitorinq sistemləri, məhsuldarlığın artırılmasına yönəlmiş texnoloji yanaşmalar, işğaldan azad olunmuş ərazilərimizdə kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi üzrə nazirliyin həyata keçirdiyi investisiya müsabiqələri ilə bağlı pilot layihə, regionlarda təşkil olunmuş aqrar biznes və məhsul festivalları barədə məlumatlar var.

Bu il sərgilərdə regionlarımızın aqrar və qida sahəsində mövcud imkanları ilə yaxından tanış olmaq mümkündür. Bundan başqa, hər il təşkilatçılar Azərbaycanın müxtəlif bölgələrindən olan fermerlər üçün sərgiyə turlar təşkil edirlər. Bu il 51 bölgədən 500-dən çox fermer sərgilər çərçivəsində ən son sənaye yenilikləri və beynəlxalq təcrübə ilə tanış ola biləcək.

Sərgilər BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi, Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası tərəfindən dəstəklənir.

Sərgidə İspaniyanın "Industrıas Davıd" şirkəti də iştirak edir. Şirkət üzüm, zeytun və meyvə bağları üçün xüsusi texnologiyalı kənd təsərrüfatı avadanlıqları, o cümlədən məhsul yığımı üçün maşınlar istehsal edir.

Dövlətimizin başçısı və birinci xanım "Gürcüstan Milli Qrupu"nun stendində də oldular. Həmişə olduğu kimi, bu dəfə də Gürcüstan sərgidə iştiraka böyük maraq göstərir. Bu ölkədən 10-a yaxın şirkət öz kənd təsərrüfatı məhsullarını təqdim edir.

Kənd təsərrüfatı sistemləri sahəsində ixtisaslaşan İsrailin "AFI Projects" şirkəti kompüterləşdirilmiş təsərrüfat idarəetmə sistemləri, süd fermalarının layihələndirilməsi və tikintisi, müxtəlif növ sağım otaqları və təsərrüfatların yenidən qurulması sahəsində xidmətlər təqdim edir. "AFI Projects" həm böyük fermalar, həm də kiçik təsərrüfatlar üçün əmək və istehsal proseslərini optimallaşdırmağa dəstək verir.

"İtaliya Respublikasının Milli Qrupu"nun stendi ilə tanışlıq zamanı məlumat verildi ki, bu ölkədən olan şirkətlər sərgilərdə iştiraka böyük maraq göstərir. Belə ki, budəfəki sərgilərdə İtaliyanın kənd təsərrüfatı məhsulları və avadanlıqları istehsal edən 20-yə yaxın şirkəti iştirak edir.

Kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan "Az Agromila" şirkəti yeni nəsil gübrə və biopestisit sektorunda uğurla fəaliyyət göstərir. Müasir texnologiyalar təqdim edən şirkət istixana, meyvə-tərəvəz və açıq sahə də daxil olmaqla, kənd təsərrüfatının bütün sahələrində xidmət göstərir.

Niderland Krallığı da sərgiyə böyük maraq göstərir. Bu ölkə sərgidə milli stendlə təmsil olunur. Niderland şirkətləri öz kənd təsərrüfatı məhsullarını burada nümayiş etdirir. Stenddə toxumlar, güllər, istixana üçün avadanlıqlar və digər qida və kənd təsərrüfatı məhsulları təqdim olunur.

Məlumat verildi ki, yerli aqrar şirkət olan "Amofresh" Azərbaycanda münbit torpaqlarda fəaliyyət göstərir, ənənə ilə müasir innovasiyaları birləşdirir. Şirkət ekoloji təmiz regionlarda "Amofresh" brendi altında premium meyvə və tərəvəzlərin becərilməsi ilə məşğuldur. İstehsalın bütün mərhələlərində yüksək keyfiyyətin və təbii dadın təmin olunmasına çalışır.

"METAK" da kənd təsərrüfatı məhsulları istehsal edən yerli şirkətdir. Şirkətin stendində intensiv bağ modeli nümayiş olunur. Bu model il ərzində salınmış intensiv bağın struktur və quruluşuna tam uyğun şəkildə hazırlanıb, ziyarətçilərə bu texnologiyanın üstünlüklərini yerindəcə vizual şəkildə təqdim edir.

İranın "Khazar Electric" şirkəti innovativ həllərə əsaslanaraq kənd təsərrüfatı və tullantıların emalı avadanlıqlarını istehsal edir. Məhsul çeşidinə taxılqurutma, inkubator, kəsimxana, quşçuluq avadanlıqları daxildir.

"Absheron Olive Garden" MMC zeytun yağı və süfrəlik zeytun məhsullarının istehsalı ilə məşğuldur. İstehsal prosesi beynəlxalq keyfiyyət standartlarına uyğun şəkildə təşkil olunub, müasir texnologiyalar tətbiq edilir və məhsulun keyfiyyəti daim nəzarətdə saxlanılır.

Sərgidə maraq doğuran stendlərdən biri də "Şirvan Aqro" heyvandarlıq kompleksinə aiddir. Kompleks ən son texnologiyalarla təchiz edilən və süni intellekt vasitələri ilə idarə olunan müəssisədir. "Şirvan Aqro" Qafqaz regionunda və MDB məkanında ən böyük heyvandarlıq komplekslərindən biridir.

Hazırda "Meysəri" markası ilə tanınan "Şirvan Şərabları" müəssisəsi Azərbaycanın Şamaxı rayonunun Meysəri kəndində yerləşir. O, ölkəmizdə Avropa İttifaqı tərəfindən sertifikat almış ilk orqanik şərab istehsalçısıdır.

Belarus bu dəfə də sərgilərdə fəal iştirak edir. Bu ölkənin şirkətləri qida məhsulları təqdim edirlər. Belarusun sərgidə ümumilikdə 11 şirkəti təmsil olunur. Qeyd olunub ki, bu ölkə 10 ildən çoxdur sərgilərdə iştirak edir.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə sərgidə KOB-ların bazarlara çıxışına dəstək üçün xüsusi stend təşkil olunub. Stenddə 10-a yaxın KOB subyekti tərəfindən istehsal olunmuş qənnadı məmulatları, şokolad, ət məhsulları, bal, zəfəran və pendir kimi məhsullar nümayiş etdirilir. Prezident İlham Əliyevin Fərmanı ilə 2017-ci ildə yaradılmış Agentlik ölkədə kiçik və orta biznesin inkişafını dəstəkləyərək, kiçik və orta biznes subyektlərinə bir sıra xidmətlər göstərir, dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirilməsini və tənzimlənməsini həyata keçirir.

"Braziliya Federativ Respublikasının Milli Qrupu"nun stendində ziyarətçilərə əsasən kənd təsərrüfatı məhsulları təqdim edilir. Braziliya pavilyonunda bu ölkənin ət istehsalçısı və ixracatçısı şirkəti məhsullarını nümayiş etdirir. Bundan başqa, Braziliya qəhvəsi istehsal edən müəssisənin məhsulları da sərgidə maraqla qarşılanır.

İndoneziya da sərgiyə maraq göstərən ölkələr sırasındadır. Bu ölkə tədbirə milli stendlə qatılıb. "İndoneziya Milli Qrupu"nun stendində əsasən qəhvə və qənnadı məhsulları təqdim edilir.

Sərgidə Afrika ölkələrinin birgə iştirakı ilə təşkil edilən AFAZ (Africa-Azerbaijan Cooperation) ilk dəfə öz stendi ilə təmsil olunur. Bu stenddə isə Benin, Cənubi Sudan, Efiopiya, Fil Dişi Sahili, Kamerun, Nigeriya, Qana, Seneqal, Somali, Tanzaniya və Zambiyadan olan şirkətlər məhsullarını təqdim edir.

Sonra dövlətimizin başçısı və birinci xanım Bakı Ekspo Mərkəzinin həyətində müxtəlif ölkələrin şirkətlərin kənd təsərrüfatı texnikası ilə tanış oldular.

Kənd təsərrüfatı və qida sənayesi üzrə regionun ən böyük sərgiləri olan "Caspian Agro Week" və "InterFood Azerbaijan" bu iki sahədə beynəlxalq əməkdaşlıq, innovasiya və yeni biznes əlaqələrinin inkişafına xidmət edən mühüm platformadır. Bu illər ərzində sərgilər milli brend kimi dünyanın aparıcı beynəlxalq tədbirləri sırasına daxil olaraq, qlobal sərgi təqvimində mühüm yer tutub.

Sərgi həftəsi çərçivəsində kənd təsərrüfatında innovativ həllər, aqrotexnologiyalar, "ağıllı" kənd təsərrüfatı sistemləri, qida emalı texnologiyaları, qida təhlükəsizliyi, logistika və ixrac imkanları üzrə qabaqcıl məhsul və xidmətlər nümayiş etdiriləcək. Bu platforma beynəlxalq təcrübə mübadiləsinin təşviqinə və aqrar-qida sektorunda yeni tərəfdaşlıqların qurulmasına mühüm töhfə verəcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva mayın 5-də Bakı Ekspo Mərkəzində 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu - "Caspian Agro Week" və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi - "InterFood Azerbaijan" ilə tanış olublar.

"Report" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

İlham Əliyev PAİ-nin Azərbaycanla Ermənistan arasında dialoqda rolunu müsbət qiymətləndirib

Prezident İlham Əliyev Parlamentlərarası İttifaqın (PAİ) Azərbaycanla Ermənistan arasında parlament üzrə dialoqa şərait yaradılmasında rolunu müsbət qiymətləndirib.

"Report" xəbər verir ki, Azərbaycan lideri bu fikri mayın 5-də qurumun Baş katibi Martin Çunqonqu qəbul edərkən səsləndirib.

Qəbulda Azərbaycan Prezidentinin Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilmiş "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında videobağlantı formatında iştirakı iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində tarixi hadisə kimi qiymətləndirilib.

Dövlət başçısı Parlamentlərarası İttifaqın Azərbaycanla Ermənistan arasında parlament üzrə dialoqun, eyni zamanda, Azərbaycan və Ermənistan parlament sədrlərinin sülh prosesinin müzakirəsi üçün mütamadi görüşlərinin keçirilməsinə şəraitin yaradılmasında rolunu müsbət qiymətləndirib.

İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edib.

"Report" xəbər verir ki, söhbət zamanı dövlət başçısının Martin Çunqonqla görüşləri məmnunluqla xatırlanıb.

Parlamentlərarası İttifaqın Baş katibi Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı əldə edilmiş nailiyyətlər, həmçinin ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası münasibətilə Prezident İlham Əliyevi təbrik edin.

Dövlət başçısı təbriklərə görə minnətdarlığını bildirib.

Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında Vaşinqtonda sülh gündəliyi ilə bağlı əldə olunmuş nailiyyətləri qeyd edərək iki ölkə arasında artıq iqtisadi-ticari münasibətlərin başladığını və Azərbaycanın birtərəfli qaydada Ermənistana gedən tranzit yüklər üzərindəki məhdudiyyəti aradan qaldırdığını bildirib.

Azərbaycan Prezidentinin Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilmiş "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında videobağlantı formatında iştirakı iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində tarixi hadisə kimi qiymətləndirilib.

Dövlət başçısı Parlamentlərarası İttifaqın Azərbaycanla Ermənistan arasında parlament üzrə dialoqun, eyni zamanda, Azərbaycan və Ermənistan parlament sədrlərinin sülh prosesinin müzakirəsi üçün mütamadi görüşlərinin keçirilməsinə şəraitin yaradılmasında rolunu müsbət qiymətləndirib.

Söhbət zamanı Azərbaycanla Parlamentlərarası İttifaq arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olunub.

Baş katib Azərbaycanın Parlamentlərarası İttifaqın işində fəal iştirak etdiyini deyərək ölkənin parlamentlərarası dialoqa verdiyi töhfəyə toxunub.

Görüşdə işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, həmçinin Azərbaycanın mina problemindən əziyyət çəkməsi, minaların mülki insanlara və quruculuq prosesinə törətdiyi maneələr vurğulanıb, əməkdaşlığın mövcud vəziyyəti, əlaqələrin perspektivləri və parlamentlərarası dialoqun inkişafı ətrafında fikir mübadiləsi aparılıb.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin toplantısında videobağlantı formatında çıxış edib - YENİLƏNİB-2

Mayın 4-də Ermənistanın paytaxtı İrəvan şəhərində "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısı keçirilib.

"Report" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə videobağlantı formatında çıxış edib.

x x x

Tədbirdə Ermənistanın Baş naziri Nikol Paşinyan çıxış edərək, indi Azərbaycanla sülhə nail olunduğunu, artıq iki ildir heç bir tərəfdə tələfat olmadığını və bu dövrün müstəqilliyimizdən bəri yaşadığımız misilsiz illər olduğunu bildirdi. Qeyd etdi ki, indi iki ölkə arasında sülhü gücləndirmək və institusionallaşdırmaq məqsədilə tərəflər sıx şəkildə çalışırlar. Ermənistanın Baş naziri ilk dəfədir ki, Azərbaycan Prezidentinin onlayn formatda olsa da belə Ermənistanda keçirilən tədbirdə iştirak etdiyini xüsusi vurğuladı və ümidvar olduğunu bildirdi ki, 2028-ci ildə "Avropa Siyasi Birliyi"nin 10-cu toplantısında iştirak etmək üçün Azərbaycana səfər imkanı olacaq. Nikol Paşinyan Ermənistanın və Azərbaycanın "Avropa Siyasi Birliyi"nin toplantısını qəbul etmək üçün bir-birinin namizədliyini qarşılıqlı şəkildə dəstəklədiklərini də vurğuladı.

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta tədbir iştirakçılarına və videokonfrans vasitəsilə toplantıya qoşulan Prezident İlham Əliyevə təşəkkürünü ifadə etdi. Bildirdi ki, bu toplantı tarixi səciyyə daşıyır, çünki onun keçirilməsi Ermənistan və Azərbaycan arasında razılaşma sayəsində mümkün olub. Bu razılaşma Avropada bir sülh hekayəsidir, eskalasiyanın və müharibənin hökmranlıq etdiyi bir dünyada alqışlanmalıdır.

Ukrayna Prezidenti Volodimir Zelenski isə çıxışına mühüm mesajla başladı. "Biz Ermənistana və Azərbaycana yalnız sülh - dayanıqlı, hərtərəfli, uzunmüddətli sülh arzulayırıq. Biz bunu, Baş nazir, sizə, Prezident Əliyevə və hər iki ölkənin xalqlarına arzulayırıq", - deyə o xüsusi vurğuladı.

Kanadanın Baş naziri Mark Karni də Ermənistan ilə Azərbaycan arasında sülh istiqamətində əldə olunmuş tərəqqiyə görə təbriklərə qoşulduğunu bəyan etdi və Prezident İlham Əliyevi salamladı.

Ermənistanın paytaxtı İrəvan şəhərində "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısı keçirilib.

"Report" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə videobağlantı formatında çıxış edib.

Prezident İlham Əliyevin çıxışı

- Sabahınız xeyir və Bakıdan salamlar. Əvvəlcə mən "Avropa Siyasi Birliyi"nin Zirvə görüşündə çıxış üçün etdiyi dəvətə görə Prezident Koştaya təşəkkürümü bildirmək istəyirəm.

Prezident Koştanın Azərbaycana iki aydan az vaxt əvvəl etdiyi səfəri zamanı biz Zirvə görüşündə iştirakımı müzakirə etdik və razılaşdıq ki, mən tədbirə videobağlantı formatında qoşulacam. Mən, həmçinin auditoriyanı məlumatlandırmaq istərdim ki, bir il öncə Tiranaya səfərim zamanı Prezident Koşta və Prezident Fon der Lyayen Zirvə görüşünün 2026-cı ilin mayında Ermənistanda təşkil olunması ideyasına rəyimi soruşdular. Mən dəstəklədim. Öz növbəmdə mən tarazlı yanaşmanın saxlanılması üçün növbəti Zirvə görüşlərindən birinin Azərbaycanda keçirilməsi təklifi ilə çıxış etdim. Təklif qəbul olundu. Beləliklə, mən "Avropa Siyasi Birliyi"nin üzvlərini 2028-ci ilin mayında Azərbaycanda keçiriləcək Zirvə görüşünə dəvət edirəm. Yeri gəlmişkən, Ermənistan, həmçinin namizədliyimizi dəstəklədi. Bu, Azərbaycan ilə Ermənistan arasında sülhün real olmasının aydın göstəricisidir. Biz cəmi doqquz aydır ki, sülh şəraitindəyik və sülhdə yaşamağı öyrənirik.

Ötən ilin avqustunda Vaşinqtonda, Ağ Evdə Ermənistan və Azərbaycan liderləri Birgə Bəyannamə imzaladılar. Prezident Tramp, artıq qeyd edildiyi kimi, həmçinin şahid kimi imza atdı. Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri sülh sazişinin mətnini parafladılar. Bizim üçün və əminəm ki, ermənistanlı həmkarlarımız üçün sülh qurulub. Sülhün əldə olunması faktı əsasında Azərbaycan 1990-cı illərin əvvəlindən Ermənistana tətbiq edilən bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırdı. İndiyə qədər Ermənistana Azərbaycan ərazisi vasitəsilə 28 min ton yük çatdırılıb. Azərbaycan hətta əlavə addımlar atdı. Biz ilk dəfə olaraq öz neft məhsullarımızı - benzin və dizeli Ermənistana təchiz etməyə başladıq. Beləliklə, ticarət münasibətləri başladı. Bu vaxta qədər 12 min ton neft məhsullarımız Ermənistana ixrac edilib.

Sülh sahəsində digər nailiyyət bağlantılardır. "Trampın Beynəlxalq Sülh və Rifah Maşrutu" Azərbaycanı öz eksklavı Naxçıvanla birləşdirəcək və bununla yanaşı, o, Orta Dəhlizin bir hissəsinə çevriləcək. Həm Ermənistan, həm Azərbaycan sülhün əyani nəticələrini artıq görürlər. Bu fürsətdən istifadə edərək, mən Ermənistan-Azərbaycan sülh prosesində tutduğu mövqeyə görə Avropa Komissiyasına təşəkkürümü bildirmək istəyirəm.

Lakin əfsuslar olsun ki, heç də bütün Avropa təsisatları eyni yanaşmanı sərgiləmir. Onlardan biri Avropa Parlamenti, digəri isə Avropa Şurası Parlament Assambleyasıdır (AŞPA). Azərbaycan 2001-ci ilin yanvarından Avropa Şurasının üzvüdür. Yeri gəlmişkən, mən o vaxt parlament üzvü və Azərbaycanın nümayəndə heyətinin rəhbəri kimi AŞPA-nın fəal üzvlərindən biri idim. Nümayəndə heyətimizə 2024-cü ilin yanvarına qədər Avropa Şurasında heç zaman məhdudiyyətlər tətbiq edilməmişdi. 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda separatçılığa son qoyduq. Biz BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 30 il kağız üzərində qalan 4 qətnaməsini özümüz icra etdik. Dörd ay sonra AŞPA nümayəndə heyətimizə sanksiyalar tətbiq etdi. Əfsuslar olsun ki, ikili standartlar bu gün sanki AŞPA-nın iş təlimatıdır. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü qədər eyni dəyərə malikdir. Bu məsələdə ikili standartlar qəbuledilməzdir.

İndi isə Avropa Parlamentini götürək. Bu qurum sülh prosesinə dəstək vermək əvəzinə, ona qarşı sabotajla məşğul olur. İkinci Qarabağ müharibəsi bitdikdən cəmi altı ay sonra - 2021-ci ilin mayından 2026-cı ilin aprelin 30-na qədər Avropa Parlamenti Azərbaycanla bağlı təhqir və yalanlarla dolu 14 qətnamə qəbul edib. Sadəcə, təsəvvür edin: beş il ərzində 14 qətnamə aludəçilikdir. Ən sonuncusu cəmi dörd gün əvvəl - bilərəkdən Zirvə görüşü ərəfəsində qəbul edildi. Avropa Parlamenti ksenofobiya, islamofobiya, anti-semitizm, miqrasiya, rəqabətçilik, evsiz insanların məsələsi kimi fundamental problemləri həll etmək əvəzinə, böhtan və yalan yayaraq Azərbaycanı hədəfə alır. Səbəb isə odur ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, separatçılığa son qoyub və müharibə cinayətkarlarını ədalət mühakiməsinə cəlb edib. Cavab olaraq Azərbaycan parlamenti mayın 1-də Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığı dayandırmaq, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin işində iştirakına son qoymaq və Avronest Parlament Assambleyasında üzvlüyün dayandırılmasına aid prosedurlara başlamaqla bağlı rəsmi qərar qəbul edib. Nəzərə alsaq ki, "Avropa Siyasi Birliyi"nin Zirvə görüşlərində biz öz fikirlərimizlə və narahatlıq doğuran məsələlərlə açıq şəkildə mübadilə edirik, mən, sadəcə, bu halda baş verənlər barədə həmkarlarımızı məlumatlandırmaq istədim ki, son qərarla bağlı səhv informasiya və manipulyasiya olmasın.

Yekun olaraq mən Baş nazir Paşinyanı "Avropa Siyasi Birliyi"nin Zirgə görüşünün Ermənistanda keçirilməsi ilə bağlı təbrik etmək istəyirəm. Bildirirəm ki, prosesə mane olmaq istəyən tərəflərin bütün səylərinə baxmayaraq, Azərbaycan sülh gündəliyinə sadiqdir və ermənistanlı həmkarımın şərhləri bunu aydın şəkildə göstərir. Mən Zirvə görüşünə uğurlar arzu edirəm. Sağ olun.

Ermənistanın paytaxtı İrəvan şəhərində "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısı keçirilir.

"Report" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə videobağlantı formatında çıxış edib.

İrandan Azərbaycana indiyədək 3 322 nəfər təxliyə olunub

İrandan fevralın 28-i saat 08:00-dən aprelin 6-sı saat 10:00-dək Azərbaycana ümumilikdə 3 322 nəfər təxliyə olunub.

"Report"un əldə etdiyi məlumata görə, təxliyə olunanların 575 nəfəri Azərbaycan vətəndaşıdır.

Eyni zamanda, Çinin 732, Rusiyanın 370, Banqladeşin 198, Tacikistanın 189, Pakistanın 151, Hindistanın 238, Omanın 84, İndoneziyanın 68, İranın 136, İtaliyanın 44, Əlcəzairin 57, İspaniyanın 26, Almaniyanın 27, Kanadanın 25, Fransanın 19, Səudiyyə Ərəbistanının 18, Yaponiyanın 18, Gürcüstanın 19, Özbəkistanın 16, Polşanın 14, İsveçrənin 14, Nigeriyanın 13, Macarıstanın 12, Bəhreynin 16, Qazaxıstanın 13, Meksikanın 11, ABŞ-nin 13, Belarusun 11, Böyük Britaniyanın 10, Bolqarıstanın 10, Konqo Demokratik Respublikasının 10, Braziliyanın 9, Sudanın 8, Venesuelanın 7, Finlandiya, Ruminiya, Çexiya, Slovakiya, Belçika və Birləşmiş Ərəb Əmirliklərinin hər birinin 6 vətəndaşı təxliyə edilib.

Bundan başqa, təxliyə edilənlər arasında Türkiyə, Serbiya, İsveç, Əfqanıstan, Avstraliya, Avstriya, Yunanıstan, Vyetnam və Qırğızıstanın hər birinin 5, İordaniya, Filippin, Ukrayna, Şri-lanka, Küveyt və Niderlandın hərəsinin 4, Qətər, Xorvatiya, Danimarka və Norveçin hər birinin 3, Nepal, Livan, Yəmən, Myanma, Kipr, Misir və Sloveniyanın hər birinin 2 vətəndaşı var.

İrandan Azərbaycana Tunis, Cənubi Afrika Respublikası, Maldiv adaları, Kuba, Vatikan, Argentina, Bosniya və Herseqovina, Latviya, Beliz və Dominikanın hər birinin 1 vətəndaşı təxliyə olunub.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Azərbaycanda xarici media orqanlarının fəaliyyətinə dair yeni tələb müəyyənləşib

Azərbaycanda xarici media subyektlərinin filial və nümayəndəlikləri dövlət qeydiyyatına alınması barədə üç iş günü müddətində Medianın İnkişafı Agentliyinə məlumat verməlidir.

"Report" xəbər verir ki, Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, bununla bağlı "Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları"na dəyişiklik edilib.

Azərbaycan səfirliyi Seneqalda aztəminatlı ailələrdən olan uşaqlar üçün iftar mərasimi təşkil edib

Seneqalın Tuba şəhərində "Qurani-Kərim"i tədris edən beş məktəbin ("Ndongo Daara") 250 şagirdi və onların müəllimləri üçün xeyriyyə xarakterli iftar mərasimi təşkil edib.

Bu barədə "Report"a Azərbaycanın Seneqaldakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, Seneqalın "AVISE Senegal" assosiasiyası və Azərbaycanın Seneqaldakı səfirliyinin dəstəyi ilə reallaşdırılan layihənin əsas məqsədi Ramazan ayı müddətində "Qurani-Kərim"i tədris edən məktəblərdə təhsil alan, maddi imkanları məhdud olan ailələrin uşaqlarına yardım göstərməkdir. Çünki həmin uşaqların böyük əksəriyyəti ailələrindən ayrı yaşayır və öz vaxtlarını "Qurani-Kərim"in tədrisinə sərf edirlər. Bu baxımdan Ramazan ayında onlar üçün keyfiyyətli qida təminatı xüsusilə vacib əhəmiyyət kəsb edir.

Vurğulanıb ki, iftar mərasimi zamanı uşaqlara isti yeməklər, xurma və müxtəlif ərzaq məhsulları paylanıb. Bu təşəbbüsün əsas məramı Ramazan ayında həmrəylik, mərhəmət və paylaşma kimi dəyərləri yaymaq, eyni zamanda Azərbaycanla Seneqal arasındakı humanitar əlaqələri möhkəmləndirməkdir.

Xatırladaq ki, Tuba şəhəri Seneqalın ən mühüm mənəvi mərkəzlərindən biri sayılır və ölkədə islam elmlərinin yayılmasında əhəmiyyətli rol oynayır.

Azərbaycan və Latviya sosial müdafiə sahəsində Tədbirlər Planı imzalayıb

Azərbaycan və Latviya sosial müdafiə sahəsində 2026-2027-ci illər üçün Tədbirlər Planı imzalayıb.

Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Latviyanın rifah naziri Reinis Uzulnieks ilə videoformatda görüşüb.

Görüş çərçivəsində Anar Əliyev və Reinis Uzulnieks iki qurum arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahələrində əməkdaşlıq haqqında memorandumun icrası ilə bağlı 2026-2027-ci illər üçün Tədbirlər Planını imzalayıblar.

Tədbirlər Planında aktiv əmək bazarı siyasəti, əlilliyi olan şəxslərin, gənclərin məşğulluğu, əmək bazarının monitorinqi və proqnozlaşdırılması, əməyin mühafizəsi, insan resurslarının idarə edilməsi, xidmətlərin rəqəmsallaşdırılması, himayədar ailə qayğı modelinin inkişaf etdirilməsi, sosial xidmətlərin göstərilməsində innovativ həllərin, süni intellektin tətbiqi və s. üzrə bilik və təcrübələrin mübadiləsi, ikitərəfli müzakirələrin aparılması nəzərdə tutulur.

❌