İtaliyanın paytaxtı Romada təşkil olunan Avropa Açıq Turnirinin ikinci günündə Azərbaycan millisinin üzvləri Şəfəq Həmidova və Aydan Vəliyeva qızıl medal qazanıblar.
-48 kq çəki dərəcəsində çıxış edən Şəfəq Həmidova 1/4 final mərhələsində italiyalı Elena Quarduçiyə, yarımfinalda isə digər italiyalı idmançı Culiya Qilyoneyə qalib gəlib. Cüdoçumuz final görüşündə Almaniya təmsilçisi Sara İşt üzərində qələbə qazanaraq turnirin qalibi olub.
-52 kq çəki dərəcəsində mübarizə aparan Aydan Vəliyeva isə finala gedən yolda İtaliya idmançıları Aziya Avanzato və Alessandra Rokkonu məğlub edib. Final qarşılaşmasında digər italiyalı cüdoçu İlariya Finestrone üzərində qələbə qazanan təmsilçimiz qızıl medala sahib çıxıb.
Xatırladaq ki, turnirin ilk günündə Madina Kaisinova (+78 kq) bürünc medal qazanıb.
Beləliklə, Azərbaycan millisi yarışı 2 qızıl və 1 bürünc medalla başa vurub. Komandamız 38 ölkə arasında ümumi hesabda üçüncü, qadınlar arasında isə ikinci yeri tutub.
Qeyd edək ki, 261 cüdoçunun iştirak etdiyi turnirdə Azərbaycan 6 qadın idmançı ilə təmsil olunub.