Azərbaycan və Peru arasında ilk konsulluq məsləhətləşmələri keçirildi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ilə Peru XİN arasında 27-də videokonfrans formatında ilk konsulluq məsləhətləşmələri keçirilib.

Bu barədə Azərbyacanın xarici siyasət idarəsi məlumat yayıb.

Qeyd olunub ki, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Peru nümayəndə heyətinə isə həmin ölkənin Xarici İşlər Nazirliyinin Xaricdəki Peru İcmaları və Konsulluq İşləri üzrə Baş idarəsinin direktoru Pedro Bravo Karranza rəhbərlik edib.

Görüşdə hər iki ölkənin xarici siyasət qurumlarının məsul əməkdaşları ilə yanaşı, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, həmin nazirliyin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) nümayəndələri, o cümlədən ölkəmizin Meksika Birləşmiş Ştatlarındakı Səfirliyinin, Perudakı diplomatik ofisimizin əməkdaşları iştirak edib.

Məsləhətləşmələr zamanı iki ölkə arasında konsulluq sahəsində əməkdaşlığın inkişaf perspektivləri, bu sahədə ikitərəfli müqavilə-hüquq bazasının gücləndirilməsi, xüsusən də qarşılıqlı səfərlər üçün ümumvətəndaş pasport sahiblərinə vizasız gediş-gəlişin təmin edilməsi imkanları müzakirə edilib.

Eyni zamanda, konsulluq xidmətlərinin rəqəmsallaşdırılması, bu sahədə reallaşan layihələr barədə müzakirə aparılıb və qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Bundan əlavə, ölkələrimiz arasında daxili işlər, təhsil, əmək və digər əlaqəli sahələr üzrə əməkdaşlıq məsələləri nəzərdən keçirilib.