Bakıda beynəlxalq arbitrajla bağlı mühüm müzakirələr aparılıb

Bakı Arbitraj Mərkəzinin, Beynəlxalq Vəkillər Assosiasiyasının (BVA) və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə “Beynəlxalq arbitrajda maraqlar toqquşmasına dair BVA təlimatları” mövzusunda seminar keçirilib.

Bakı Arbitraj Məhkəməsindən bildirilib ki, seminar BVA-nın Azərbaycandakı ilk tədbiri olub. Seminar beynəlxalq arbitraj standartlarının təşviqinə, qabaqcıl hüquqi təcrübənin paylaşılmasına və milli hüquq ictimaiyyətinin beynəlxalq arbitraj icması ilə əməkdaşlığının genişləndirilməsinə yönəlib. Tədbir çərçivəsində Bakı Arbitraj Mərkəzinin qaydaları ilə BVA təlimatları birgə müzakirə edilib, praktiki məşğələ keçirilib və iştirakçıların sualları cavablandırılıb.

Tədbirin açılışında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov çıxış edib. O, milli qanunvericiliyin beynəlxalq standartlarla uzlaşmasının vacibliyini vurğulamaqla yanaşı, həmin normaların praktikada düzgün tətbiqinin də xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Anar Bağırov hüquqi çərçivənin mövcudluğunun özlüyündə kifayət etmədiyini, onun tətbiqini təmin edən peşəkar mühitin, institusional imkanların və etik davranış mədəniyyətinin də formalaşmalı olduğunu bildirib. Bu baxımdan, Anar Bağırov Bakı Arbitraj Mərkəzinin yaradılmasını ölkədə mübahisələrin alternativ həlli mexanizmlərinin inkişafı istiqamətində mühüm təşəbbüslərdən biri kimi qiymətləndirib. Qeyd edib ki, mərkəzin fəaliyyəti yerli və xarici sahibkarlar üçün mübahisələrin alternativ qaydada həlli imkanlarının genişləndirilməsinə və Azərbaycanın beynəlxalq arbitraj məkanında mövqeyinin gücləndirilməsinə töhfə verir.

Müzakirələrdə arbitrlərin müstəqilliyi və qərəzsizliyi, faktiki və potensial maraqlar toqquşmasının qiymətləndirilməsi, arbitrlərin açıqlama öhdəliyinin hüdudları, eləcə də BVA təlimatlarının beynəlxalq arbitraj təcrübəsində tətbiqi məsələlərinə toxunulub.