Əfqanıstanda məktəb yaxınlığındakı partlayışda ölənlərin sayı 10-a çatıb - Yenilənib-3

Əfqanıstanda məktəbin yaxınlığında baş verən partlayış nəticəsində azı 10 şagird ölüb.

Bu barədə BBC hökumətin Daxili İşlər Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb. Bundan əlavə, 110 şagird yaralanıb.

Xatırladaq ki, partlayış bu gün səhər saatlarında Kunar vilayətinin mərkəzində, Andirsir rayonunda, məktəbin yaxınlığında yerləşən və filiz hasilatı ilə məşğul olan şirkətlərin partlayıcı maddələr anbarında baş verib.

Əfqanıstanın Kunar vilayətində orta məktəbdə baş verən güclü partlayış nəticəsində 7 nəfər ölüb, 99 nəfər isə yaralanıb.

Bu barədə Əfqanıstan hökumətinin rəsmi nümayəndəsinin müavini Həmdullah Fitrət "X" sosial şəbəkəsində bildirib.

"Dərin hüznlə bildiririk ki, bu gün səhər saatlarında Kunar vilayətinin mərkəzində, Andirsir bölgəsində məktəbin yaxınlığında partlayış baş verib, ilkin məlumatlara görə, nəticədə məktəbin 7 şagirdi ölüb və 99-dan çox insan yaralanıb", - o yazıb.

Həmdullah Fitrət əlavə edib ki, ilkin təhqiqata əsasən, partlayış qeyd olunan məktəbin yaxınlığında yerləşən, filiz hasilatı ilə məşğul olan şirkətlərə məxsus partlayıcı maddələr anbarında səhlənkarlıq və diqqətsizlik səbəbindən baş verib.

Əfqanıstanın Kunar vilayətindəki orta məktəbdə baş verən güclü partlayış nəticəsində azı 25 nəfər ölüb, 50-yə yaxın insan yaralanıb.

Bu barədə Əfqanıstanın "Hasht-e Subh Daily" nəşri məlumat yayıb.

Həlak olanların və xəsarət alanların hamısı orta məktəb şagirdləridir. Yaralılar vilayət xəstəxanasına çatdırılıb.

Hadisənin səbəbləri hələlik məlum deyil.

Əfqanıstanın şərqindəki Kunar vilayətində orta məktəbdə baş verən partlayış nəticəsində bir neçə şagird ölüb və yaralanıb.

"Associated Press"ə istinadən, bu barədə vilayətin polis idarəsinin nümayəndəsi Fərid Dehqan bildirib.

Onun sözlərinə görə, partlayış bu gün səhər Andar-Ser rayonunda yerləşən məktəbdə baş verib.

Ölənlərin və yaralananların dəqiq sayı, həmçinin partlayışın səbəbi hələlik məlum deyil.

Hadisə yerində Pakistanla sərhəddə yerləşən Kunar vilayətindən olan istintaq qrupları işləyir.